"Ermənistan sülhün nə olduğunu bilmir və təcrübəsi yoxdur". Bunu Baş nazir Nikol Paşinyan bildirib. Paşinyan vurğulayıb ki, hökumətin proqramında bir ali və ülvi missiya var, o da region və Ermənistan üçün dinc inkişaf erası açmaqdır: "Biz isə deyirik ki, sülh bir il səkkiz aydır itkimizin olmamasıdır. Biz ən böyük missiyamızı yerinə yetirmişik. Bu insanlar (müxalifət) deyirlər ki, “bu, sülh deyil”. Sülh nədir, ümumiyyətlə, bu sual çox maraqlıdır, biz sülhün nə olduğunu bilmirik". Paşinyan əlavə edib ki, vətəndaşlar onu Koçaryana və Sarkisyana reaksiya verdiyimizə görə ittiham edirlər: "Tezliklə (keçmiş) Qarabağ münaqişəsi üzrə danışıqların sənədləri açıqlanacaq. Görəcəksiniz ki, Qarabağın müstəqilliyi saxta idi". Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sarkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib. Paşinyan çıxışında dolayı yolla Rusiyanın keçmiş Qarabağ münaqişəsindən istifadə edərək Ermənistanı tələyə saldığını söyləyib. Hökumət başçısı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın bu baxımdan Rusiyanın təsir agentləri rollarını ifa etdiklərinə də eyham vurub: "Ermənistan vətəndaşları əsəbiləşir və bizdən şikayət edirlər ki, hələ də Robert Koçaryan və Serj Sarkisyanla, onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verirsiniz. İnsanlar deyirlər ki, bəzən elə təsəvvür yaranır ki, sizin üçün çox rahat yer olduğu üçün bu söhbətlərə girirsiniz, amma real problemləri, müzakirə olunmalı məsələləri, qərarlar verilməli olan məsələləri kənara qoyursunuz". Baş nazir qeyd edib ki, real problem parlamentli idarəetmənin xüsusiyyətlərindən qaynaqlanır, əsas söhbətin tərəfləri hökumət və müxalifətdir: “Bu məsələ həll edilməlidir. Mənim təəssüratım budur ki, bu boşluq aradan qaldırılmalıdır və bunu həll etməyin yolu yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentdə olmamasıdır. Bu, həll yoludur. Onlar olduğu müddətcə bu söhbət davam edəcək. Hesab edirəm ki, vaxtı çatıb, bu məsələ həll olunmalıdır”. O əlavə edib ki, uzun müddət Ermənistan başqa bir dövlətin (Rusiya) təsiri altında olub: “2018-ci ilədək Ermənistan həmin dövlətin təsirində idi və bu şəxslər həmin dövlətin agentləri idi. İndi Ermənistan müstəqil dövlətdir, yalnız müstəqil deyil, həm də suveren iradə mərkəzinə malikdir və qərarlar qəbul edə bilir. Biz nəhayət etiraf etməliyik ki, Ermənistan necə bu təsir altında qalıb: bir alətlə - Qarabağ məsələsi ilə. Başqa səbəb yoxdur”. Paşinyan vurğulayıb ki, Ermənistan artıq bu tələdən çıxıb.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Ermənistanda uzun illər formalaşmış, Rusiyadan asılı siyasi sistem dərin şəkildə sarsılıb. Ekspertə görə, Moskva uzun müddət Ermənistanda yerləşmiş siyasi və dini elita vasitəsilə Cənubi Qafqazda öz mövqelərini qoruyurdu:
"Lakin Nikol Paşinyanın islahatçı və siyasi reallıqları qəbul etməsi bu sistemi tədricən sıradan çıxarmaqdadır. Baş nazir N.Paşinyan daxildə sülhə qarşı olan qüvvələri, Kilsə rəhbərliyini və revanşist müxalifəti neytrallaşdırmaq istiqamətində ardıcıl addımlar atır. Qarşıdakı seçkilərdə Paşinyanın qalib gəlməsi real görünür. Paşinyan seçkidə qalib olarsa, Ermənistanın yeni mərhələyə, Rusiyadan asılı olmayan, sülh və regional əməkdaşlıq yönümlü siyasi sistemə keçidini sürətləndirəcək. Nəticədə, Ermənistan Azərbaycanla əməkdaşlığa əsaslanan, sabit və müstəqil siyasi-iqtisadi model formalaşdırmaq imkanı əldə edəcək. Nəzərə alaq ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanın iqtisadi blokadadan çıxması Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyub. Hazırda həm Rusiya, həm də Qazaxıstan istiqamətindən Ermənistana yüklərin Azərbaycan üzərindən daşınması regionun iqtisadi əlaqələrinin bərpası baxımından mühüm hadisədir. Bu proses Nikol Paşinyana seçkilər ərəfəsində sülh gündəliyini gücləndirmək və ölkə daxilindəki revanşist qüvvələri, xüsusilə Robert Koçaryan, Serj Sarkisyan, o cümlədən Kilsəni siyasi arenada küncə sıxışdırmaq üçün unikal şans yaradır".
Siyasi şərhçinin fikrincə, növbəti mərhələdə Türkiyə-Ermənistan sərhədlərinin açılması da istisna edilmir:
"Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlığa əsaslanan yeni geosiyasi-iqtisadi nizam formalaşır. Azərbaycan regionun təhlükəsizliyinin və sabitliyinin uzunmüddətli strateji xəttini müəyyənləşdirərək aparıcı aktora çevrilib. Son 30 il ərzində Ermənistan Rusiyanın təsiri altında regional əməkdaşlıq proseslərindən kənarda qalıb. Moskvanın dəstəklədiyi siyasi elita və Kilsə institutları Ermənistanın müstəqil qərar vermə imkanlarını məhdudlaşdırıb. Bu qüvvələr bu gün də müxalifətdə qalaraq, Rusiyanın təsir narrativlərini davam etdirir. Eyni zamanda sülh gündəliyinə qarşı çıxır və köhnə ərazi iddialarını diriltməklə regionda gərginlik yaratmağa çalışırlar. Lakin Paşinyanın addımları, sərgilədiyi mövqe, sülh gündəliyinin irəliləyişi revanşistləri neytrallaşdırır".








