1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışıb.
Musavat.com xəbər verir ki, o, “Yeni Azərbaycan” TV-yə müsahibəsində bu barədə bildirib:
“Ramiz Mehdiyevin bir neçə əməlini izləyəndə gördüm ki, bizim dövlətçiliyimizə qarşı böyük təhlükə var. İlk olaraq deyim ki, o, həmişə hakimiyyət uğrunda mübarizə aparıb. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə İlham Əliyev seçkilərə qatılanda Ramiz Mehdiyev böyük təbliğata başlamışdı. Dedizdirirdi ki, İlham Əliyevin təcrübəsi yoxdur, Heydər Əliyev özündən sonra Ramiz Mehdiyevi öz yerində görürdü. Onun adamları belə təbliğatlar aparırdılar. Hətta Prezident Administrasiyasında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırıldılar.
Prezidentin tərcüməçisi var idi, o, sonra ölkəni tərk etdi. Bir neçə icra başçısı da bu siyahıda idi. Mən özüm bunu eşitmişdim. Mənim də yanıma gəlib deyirdilər ki, Heydər Əliyev özündən sonra yalnız Ramiz Mehdiyevi hakimiyyətdə görə bilər, İlham Əliyev çox cavandır, sən gərək buna mane olmayasan. Mən onlara dedim ki, siz hansı ağılla belə şeylər danışırsınız?! Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq, siz də onun fitnəsinə getməyin, axırınız yaxşı olmayacaq. 2013-cü ildə də o, təbliğat aparırdı.
Mehriban xanım Birinci vitse-prezident seçiləndə də öz əlaltıları vasitəsi ilə partiyaları buna qarşı qaldırmaq istəyirdi. Deyirdi ki, guya camaat Mehriban xanıma etiraz edir. Halbuki bu işlərin arxasında Ramiz Mehdiyev dururdu. Onun hakimiyyət iddiası çox güclü idi və birbaşa Moskva ilə bağlı adam idi. Bunu heç gizlətmirdi də.
1998-ci ildə Heydər Əliyevin səhhətində problemlər yaranan günün səhəri Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinə zəng edib dedi ki, Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm? Rusiyaya bu qədər bağlı adam idi”.
Qeyd edək ki, Səbail rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.








