Tehranda “Arasbaran” Mədəniyyət Mərkəzində tanınmış İran teatr yazıçısı, rejissoru, aktyoru və müəllimi Mikayıl Şəhristaniyə (Mikayıl Şəhristani-Nejad) həsr olunan mərasim keçirilib. Noyabrın 14-də keçirilən təbirdə tanınmış kino, teatr, musiqi və ədəbiyyat xadimləri iştirak ediblər.
Tədbirdə “Darastaneh”in finalına keçmiş müğənnilər, mahnı müəllifləri öz işlərini təqdim ediblər.
Məqsədimiz Mikayıl Şəhristani-Nejad, yaxud onun işləri ilə bağlı tədbirdən xəbər vermək deyil. Məqsədimiz “Arasbaran” adına, sözünə diqqət yetirməkdir.
İranı 100 ildir idarə edən panfarsıst siyasi-ideoloji sistem türklərə qarşı düşmənlik fəaliyyətini bütün yönlərdə aparır. Bunlardan biri də yer adları ilə bağlıdır. Güney Azərbaycanın Qaradağ mahalının adı farslaşdırılaraq, “Arasbaran” olub.
Məşhur Babək qalası (Bəzz) Qaradağ mahalında yerləşir.
Qaradağ və ya Qaracadağın farslaşdırılan adı “Arazbaran”, “Arasbaran”ın hərfi tərcüməsi “Arazın sahilləri” anlamına gəlir. Mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətində yerləşir, Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazidir. Əhər Qaradağ mahalının mərkəzi sayılır.
Azərbaycanın bu bölgəsi tarixdə mühüm rol oynayıb. Türklərin qədim yaşayış məskənlərindəndir.
Əhər mis mədənçiliyi ilə məşhurdur. Süngün mis şirkətlərinin 1991-ci ildə fəaliyyətə başlaması nəticəsində regionun relyefində müəyyən dəyişikliklər əmələ gəlib.
Bu regionda müxtəlif faydalı qazıntı (mis, alüminium filizləri və s.) yataqlarının axtarışı və kəşfiyyatı məqsədilə aparılmış tədqiqatlar haqqında ümumi məlumatlar da yayılıb.
Tarixdə Qaradağ xanlığı da olub. Xanlardan Kazım xan (Məhəmmədkazım xan) (1747-1763), Mustafaqulu xan (1763-1782, 1786-1791), İsmayıl xan (1782-1783, 1791-1797), Nəcəfqulu xan (1783-1786), Abbasqulu xan (1797-1813), Məhəmmədqulu xan (1813-1828) və başqalarının adlarını çəkmək olar.
Qaradağ xanları Qarabağ, Gəncə və Şəki xanları ilə birlikdə Azərbaycanın birləşməsi ideyasına qoşulmuşdu. Ancaq Ağa Məhəmməd şah Qacar hakimiyyəti bunun qarşısını almağa nail oldu.
Qaradağ mahalı dini-ideoloji mərkəz olaraq da önəmli bölgə sayılır.
Bu bölgə çox böyük tarixi şəxslərin doğulduğu yerdir. Onlar Azərbaycan və İran tarixində mühüm yer tutublar. Müasir dövr üçün Səttərxan və İran Silahlı Qüvvələri Baş Qərargahının 12 günlük müharibədə öldürülmüş rəisi general Məhəmməd Baqerinin adını çəkmək olar.
Panfarsçılar mahalın adını farslaşdıraraq “Arasbaran” qoymaqla bölgənin türklərə məxsus olduğunu unutdurmağa, onun tarixini məhv etməyə səy göstərirlər.
Qaradağ farslaşdırılan tək yer adı deyil. İranda Rza şah Pəhləvidən başlamış bu tendensiyanı indiki Tehran hakimiyyəti də davam etdirir. Məsələn, “Arasbaran” deyil, mərkəzin adı Qaradağ adlansa idi, onda hakimiyyət nümayəndələri həmin tədbirin keçirilməsinə icazə verməz, təşkilatçıları həbs, təqib edərdi.
İranda panfarsizm, fars şovinizmi islam pərdəsi alında gizlənərək, özünü ümmətçi kimi göstərməyə çalışır. Mahiyyəti isə yüz ildir dəyişmir. Yeri gəlmişkən, Rza şah Pəhləvi 1925-ci il dekabrın 15-də Qacar sülaləsinin yerində oturdulub. Bununla da fars şovinistlərinin yüz illər uzunu arzuladıqları, həyata keçirmək istədikləri anti-türk ideyaların reallaşması dövrü başladı. O vaxtdan türk dilində danışmağın qadağan olunması, yer adlarının farslaşdırılması, türk dilində uşaqlara adların verilməsinin qadağan olunması, şimala, Azərbaycana sarı baxmağın yasaqlanması, bunlara qarşı çıxanların öldürülməsi, cəzalanması və başqa təzyiqlərin edilməsinə əmr verildi.
Elə Qaradağın “Arasbaran”, Qaplan dağının “Qaplan kuh”, Tufarqan, Sərəskənd, Xiyav, Muğan, Məlikkəndi, Qaraeyn və Qoşaçayın adının dəyişdirilərək sıralama üzrə uyğun olaraq Azərşəhr, Həştrud, Meşkinşəhr, Parsabad, Məlikan, “Siyah çeşmə” və Miyandab kimi adlandırılıb. Bu siyahını uzatmaqda olar. Göstərdiyimiz örnəklər İran hakimiyyətinin panfarsçı mahiyyətindən irəli gəlir.
Oxşar addımı çar Rusiyası, SSRİ hakimiyyəti, Ermənistan və türk torpaqlarına sahib çıxan başqaları da atıb.
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq çıxışı zamanı Azərbaycan türkcəsinin qorunması ilə yanaşı yer adlarının dəyişdirilməsi hadisəsinə də toxunub: “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar...
...Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır...
...Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib...”
Göyçəni “Sevan” edən türk düşmənləri Qaradağı da “Arasbaran”a dəyişib.
Söz-sözü çəkdi, yada Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin İranın hökumət başçısı Məhəmməd Xatəmiyə Xəzərin adı ilə bağlı verdiyi qulaqburması düşür.
Bu hadisə 2002-ci ilin mayında Heydər Əliyevin Tehrana səfəri zamanı baş verib.
İran prezidenti Məhəmməd Xatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurmuş. İran prezidenti danışıqlar zamanı bəlkə də bilərəkdən "Xəzər dənizinin problemləri" əvəzinə "müşkülati-dəryaçeyi-Mazandaran" ("Mazandaran gölünün problemləri") ifadəsini işlədir, söhbəti tərcümə edən Azərbaycanın Tehrandakı o vaxtkı səfiri Abbasəli Həsənov isə ifadəni avtomatik olaraq "Xəzər dənizinin problemləri" şəklində çevirir. Amma təbii ki, tez-tez “Mazandaran” kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Mərhum Prezident fars dilindən xəbərdar olduğundan arada fasilə yarananda üzünü o vaxtkı xarici işlər naziri Vilayət Quliyevə tutaraq, deyib:
- Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var?”
Nazir cavab verib:
- Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər”
Prezident əsəbi şəkildə Abbasəli Həsənova irad tutur:
- Niyə dəqiq tərcümə eləmirsən?”
Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırır:
- Ağayi Xatəmi, bildiyimə görə, qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub. Hətta eşitdiyimə görə, qədim türklər ona Quzğun dənizi də deyiblər. İndi necə eləyək? Siz “Mazandaran” gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda?”
Bu dialoq panfarsçı düşüncə sisteminin siyasi ideoloqlarından sayılan M. Xatəminin mənsub olduğu şovinizmin ənənəsinə uyğun irişib, üzr istəməsi başa çatıb.
İndi Azərbaycan Qaradağdan, onun tarixindən, yetişdirdiyi görkəmli insanlarından, təbiətinin gözəlliyindən danışır. Bəs, uydurulmuş, “Arasbaran”ın nəyi var? Erməni ideoloqlarının türklərə aid yer adlarını, tarixi, dini abidələri və başqalarını erməniləşdirmək prosesinin qarşısı alındı. Çünki təməli yox idi. Qaradağın qardaşı Qarabağda ermənilərin yalanı ayaq açıb yeriyə bilmədi. Onların qondarma, saxta və cinayətkar qurumları dırnaq arasından çıxa bilmədi. Çox çəkməz, şair demiş, “göstərən saətdə dövranı fələk bir inqilab”, həm “Arasbaran”ı fani olar, həm də “dəryaçeyi-Mazandaran”ı…
Sədrəddin Soltan -pressklub.az








