Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi paytaxt sakini 1991-ci il təvəllüdlü Etibar Məmmədəli oğlu Aslanov və Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Nihad Nüsrət oğlu Teyyubova hökm oxuyub.
Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq – təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.
N.Teyyubov 2 il 6 ay, E.Aslanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki şəxs məhkəmə zalındaca qandallanıb və cəzalarını çəkəcəkləri müəssisəyə göndəriliblər.
Qeyd edək ki, məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib.









