Azərbaycanda narahatlıq doğuran sosial problemlərdən biri də boşanmaların çoxluğu ilə bağlıdır. Çünki boşanma prosesi çox vaxt sadəcə, cütlük arasında rəsmi nikahın pozulmasından ibarət olmur. Bu prosesin ardınca çoxsaylı problemlər müşahidə olunur. Bir sıra hallarda, aliment ödənişlərində problemlər, uşaqların ata və ya anadan uzaqda böyüməsinin yaratdığı travmalar və s. boşanmaların yaratdığı arzuolunmaz nəticələrdir.
Statistik göstəricilərə əsasən, son dövrlər Azərbaycanda hər il 22 minə yaxın boşanma qeydə alınır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə bu rəqəm 21 min 384 olub. Bundan əvvəl - 2023-cü ildə isə 21 min 688 boşanma sayı qeydə alınıb.
Məlumatda o da qeyd olunur ki, boşananlar arasında 10-19 il arası evli olanlar üstünlük təşkil edir. Statistika göstərir ki, birgə nikahda 20 il və daha çox yaşayıb, lakin sonradan boşanmaq qərarı verənlərin sayı digər boşanan cütlüklərlə müqayisədə azdır.
“Əlbəttə, insanlar lap 40 ildən sonra da boşanmaq qərarı verə bilər və bunun üçün məhkəməyə müraciət edər. Amma elə hallar da olur ki, cütlük bəlkə 20-25 ildir faktiki birlikdə yaşamır, heç tərəflərin bir-birindən xəbəri yoxdur. Yəni nikah sadəcə, sənəd üzərində qalıb. Günün birində tərəflərdən biri bu ayrılığı rəsmiləşdirmək qərarı verir”, - hüquqşünas Tərlan Yusifzadə Bizimyol.info xəbər portalına bildirib.
Hüquqşünasın sözlərinə görə, bu hal daha çox uzun illər əvvəl Rusiya və başqa ölkələrə çıxıb getmiş, burada qalan həyat yoldaşı ilə əlaqəsini kəsmiş şəxslərin nikahının pozulmasında özünü göstərir:
“Əgər tərəflərdən biri məhkəməyə müraciət edib nikahın pozulmasını istəyirsə, məhkəmə araşdırma aparmaq, digər tərəfin də mövqeyini müəyyənləşdirmək üçün vaxt verir. Ailə Məcəlləsinin tələblərinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda, yaxud da onlardan biri nikahın pozulmasında israrlı olduqda nikah pozulur. Təcrübədə belə bir iş vardı, qadın məhkəməyə müraciət edərək bildirmişdi ki, 25 ildən çoxdur əri ilə faktiki ayrı yaşayırlar. Heç bilmir ki, haradadır, nə işlə məşğuldur. Məhkəmə vaxt müəyyənləşdirdi, o müddət başa çatandan sonra, qiyabi qətnamə çıxarıb, onlar arasında nikahın pozulmasına qərar verdi. Kişini tapıb, məhkəmədə iştirakını təmin etmək mümkün olmadığına görə qiyabi qətnamə çıxarıldı”.
Tərlan Yusifzadə əlavə edib ki, bu halda da hər iki tərəfin məhkəmənin qərarından şikayət vermək hüququ var: “Şəxs onunla bağlı qiyabi qətnaməni rəsmi şəkildə nə vaxt əldə etsə, onun şikayət etməsi üçün müddət də həmin gündən hesablanır”.









