Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Əfqan Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Əfqan Atakişiyev 10 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısına gələrək orada xadimə işləyən keçmiş həyat yoldaşı, zərərçəkmiş Gülsəadət Həmidovaya yaxınlaşıb, birgə yaşadıqları dövrdə ailəyə və övladlarına sərf etdiyi vəsaiti geri qaytarmasını tələb edib. Zərərçəkmiş şəxs isə bu tələbi rədd etdikdə, təqsirləndirilən şəxs qəzəblənərək “qisas alacağını” bildirib və hadisə yerindən uzaqlaşıb. Daha sonra Əfqan yaxınlıqda kirayə yaşadığı evə gedərək oradan özünə məxsus kəsici alət (“rezak”) götürüb və təkrarən qadının işlədiyi məktəbin qarşısına qayıdıb, onun işdən çıxmasını gözləyib.
Həmin gün saat 15 radələrində zərərçəkmiş şəxs məktəbdən çıxdıqda, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan məktəbin qarşısında, yetkinlik yaşına çatmayan şagirdlərin gözü qarşısında xuliqanlıq niyyəti əlindəki “rezak”la qadının arxadan boğaz, sol əl və üz nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.
Hadisə yerindən keçən şahidin müdaxiləsi və zərərçəkmiş şəxsin vaxtında tibbi yardım alması nəticəsində Gülsəadətin həyatı xilas edilib.
Məhkəmədə Əfqan Atakişiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 10 fevral 2025-ci il tarixdə keçmiş arvadı Gülsadətin işlədiyi 270 nömrəli məktəbə gedərək ondan sənədlərini, şəkillərini və illər ərzində ailəsinə çəkdiyi xərcləri geri qaytarmasını tələb edib. Gülsadət ona cavabında “get tullan, harada yaşayırsan yaşa” deyib əl-qol hərəkətləri edərək kobud cavab verib. Əfqan əsəbləşərək evə qayıdıb, oradan “rezak”ı götürüb və yenidən məktəbin yaxınlığına gəlib. Gülsadətin məktəbdən çıxıb “9 mərtəbə” adlanan istiqamətə getdiyini görən təqsirləndirilən şəxs onun arxasınca yollanıb və “uşaqlarınla birləş, pulumu ödə” deyib. Zərərçəkmiş şəxs isə “get tullan burdan” deyə cavab verdikdə, təqsirləndirilən şəxs əsəbinə hakim ola bilməyərək cibindəki “rezak”ı çıxarıb onun boğaz nahiyəsinə zərbə endirib. Lakin ətrafda olan bir nəfər müdaxilə etdiyindən hadisəni davam etdirə bilməyib. Hadisədən sonra o, məktəbin arxasında yerləşən kafeyə gedərək spirtli içki qəbul edib.
Təqsirləndirilən şəxs bildirib ki, onun məqsədi keçmiş həyat yoldaşını öldürmək olmayıb, sadəcə cəzalandırmaq istəyib. Hadisə vaxtı içkili vəziyyətdə olduğunu, dediyi bəzi sözləri xatırlamadığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ədalətli cəza verilməsini xahiş etdiyini qeyd edib.