Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 8-də Vaşinqtonda Bakı və İrəvan arasında paraflanmış “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini açıqlayıb.
Sazişin VII maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməmək öhdəliyi təsbit olunub. Məlumdur ki, bu öhdəlik hazırda Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının Müşahidə Missiyasının gələcəkdə fəaliyyətinin davam etdirilməsinin mümkünsüzlüyünə işarə edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərində sülhlə bağlı Azərbaycanı narahat edən bütün məsələlər öz əksini tapıb. Deputat qeyd edib ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən addımlar atmalıdır:
“Avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərindən biri də Azərbaycan-Ermənistan sərhədində üçüncü qüvvələrin yerləşdirilməməsidir. Ermənistan bunu qəbul edib. Mənə elə gəlir ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən dərhal addımlar atmalıdır.
Bunlardan birincisi paraflanmış sazişdə qeyd olunduğu kimi, tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmaması məsələsidir. İlk növbədə Ermənistan öz konstitusiyasından bu məsələni çıxarmalı və artıq referendum hazırlıqlarına başlamalıdır. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur”.
Hikmət Babaoğlunun sözlərinə görə, nəticə etibarilə bunlar Ermənistanın “ev tapşırıqları”dır və Azərbaycan tərəfi əmindir ki, ən qısa zamanda bu məsələlər reallaşacaq:
“İkincisi, ATƏT-ə müraciət edilərək Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin birgə təşəbbüsü ilə Minsk qrupunun buraxılmasıdır. Eyni qaydada Ermənistan da Avropa İttifaqına müraciət edərək sərhəddə yerləşmiş “Avropa Monitorinq Missiyası”nın dərhal sərhəddən geri çağırılması üçün addımlar atmalıdır”.