Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyasının ABŞ və Rusiya Federasiyası (RF) arasında qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
“Report”un məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib.
Nikol Paşinyan xatırladıb ki, Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq.
O qeyd edib ki, Ermənistan dəmir yolları Rusiya Federasiyasının nəzarəti altındadır. Nikol Paşinyan Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını da ehtimal edib: “Əlbəttə, Azərbaycanın razılığı da lazım olacaq”.
Onun sözlərinə görə, Ermənistan həmçinin əvvəllər olmayan İranla dəmir yolu əlaqəsi, Çin də Şərqə yeni marşrut əldə edir: “Bu, RF və ABŞ arasında iqtisadi qarşılıqlı əlaqə üçün yaxşı imkan ola bilər”.