Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar.
Teleqraf xəbər verir ki, müraciət Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində baş tutub.
Xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.
Həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.