İran üçün Sünikdən keçən “dəhliz” məsələsi təhlükəsizlik sferası ilə bağlıdır və vəziyyətin gərginləşəcəyi təqdirdə, təhlükəsizlik bloku tərəfindən həll olunacaq. Müvafiq olaraq, Ermənistan bu məsələdə regionda təsir gücünə malik qüvvələrin maraqlarını nəzərə almalıdır.
Publika.az-ın məlumatına görə, bu fikirləri “Sputnik Ermənistan” radiosunun “Abovyan vaxtı” proqramının efirində “APRI Ermənistan” analitik mərkəzinin elmi işçisi, tarix elmləri namizədi Sergey Melkonyan deyib.
"İran üçün "Sünik məsələsi" təkcə siyasi vəzifə deyil və onu diplomatik və ya siyasi rəhbərlik həll etməyəcək. Xüsusilə, indidən sual qaldırılır: Ermənistan İran sərhədi yaxınlığında amerikalıları yerləşdirməyə hazırlaşır ki, bu da İran üçün həyati əhəmiyyət kəsb edir. Artıq İranda müəyyən neqativ diskurs müşahidə olunur - bu vəziyyət bizim üçün xoşagəlməz nəticələrlə doludur", - Melkonyan deyib.
Politoloq qeyd edib ki, əvvəllər İranın mənəvi lideri bəyan etmişdi ki, dost Ermənistanla sərhəd heç bir şəkildə dəyişməməlidir, o zaman İran tərəfinin düşmən kimi qəbul etdiyi qüvvələrin regionda peyda olacağı təqdirdə bu yanaşma dəyişə bilər, çünki Tehran üçün prioritet rəsmi İrəvanın maraqları deyil, öz dövlətidir.
Melkonyan Ermənistan hakimiyyətinin “Zəngəzur dəhlizi”ni açacağı təqdirdə Ermənistanın mühüm regional yol ayrıcına çevriləcəyi ilə bağlı iddialarını “yalan” adlandırıb.
"Aydın olmaq üçün Ankara və Bakının Türkiyənin Mərkəzi Asiyaya çıxışı üçün dəmir yolu marşrutunu necə gördüyünü izah edəcəyəm. Qars-Naxçıvan dəmir yolunun tikintisi artıq davam edir. Dəmir yolu Qars-Naxçıvan-Meğri-Horadiz-Bakı marşrutu ilə keçəcək, Qars-Gümrü-İrəvan-Yerasx-Naxçıvan-Mehri-Bakı xətti olmayacaq. Yəni bu yolun kiçik hissəsi, 40 km-dən az Ermənistanın payına düşür. Müvafiq olaraq, Ermənistan hakimiyyətinin iddia etdiyi kimi “region mərkəzi” və “yol kəsişməsi” Ermənistan deyil, marşrutun daha uzun hissəsinin keçəcəyi Naxçıvan olacaq”, - politoloq vurğulayıb.
Ekspertin fikrincə, “Zəngəzur dəhlizi” ideyası Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən “Sülh yollarının kəsişməsi” ilə tarazlaşdırıla bilər. Lakin onun fikrincə, bu, yalnız “texniki-iqtisadi əsaslandırma” - təklif olunan layihənin mümkünlüyünün və məqsədəuyğunluğunun təhlili olduqda mümkündür.
“Yəni deyək ki, 10 il ərzində gözlənilən ticarət dövriyyəsi nə qədərdir və Ermənistan bundan nə əldə edəcək. Ancaq belə bir analiz yoxdur. Müvafiq olaraq, hakimiyyətin “bu kommunikasiyanı açsaq, daha yaxşı yaşayacağıq” iddialarının xeyrinə heç bir fakt yoxdur”, - Melkonyan bildirib.