Üç il yarımdan sonra Rusiya hələ də Ukraynada "Xüsusi Hərbi Əməliyyat"ın ilkin məqsədlərinə nail olmayıb. Bu barədə rusiyalı hərbi bloger Yuri Kotenok bildirib.
O qeyd edib ki, Rusiya Ukraynanın “denatsifikasiya” və “demilitarizasiya”sı məqsədlərinə nail ola bilməyib.
Ekspertin sözlərinə görə, cəbhədə əməliyyatlar dalana dirənib və bütün Donetsk vilayətinin ələ keçirilməsi illərlə uzana bilər. Kotenok vurğulayıb ki, hazırkı vəziyyət ümidsiz görünür.
Əvvəllər Rusiyanın hərbi təcavüzünə fəal dəstək verən və onun davam etdirilməsinə çağıran Kotenok gözlənilmədən etiraf edib ki, Rusiyanın Ukraynada bəyan etdiyi hərbi məqsədləri yalnız kağız üzərində qalır, real vəziyyət isə çox fərqlidir. Onun fikrincə, Putin faktiki olaraq Xüsusi Hərbi Əməliyyatı batırıb.
Hərbi ekspert Ədalət Verdiyev isə Sherg.az-a açıqlamasında deyib ki, Rusiya hazırda Ukraynada özünü böyük bir bataqlığa salıb və bu bataqlıqdan nə irəli gedib hədəflərinə nail ola bilir, nə də özünün işğalçılıq siyasətinə son verib qoşunlarını suveren Ukrayna ərazilərindən geri çəkir. Rusiyanın bu uğursuzluğu da təbii olaraq, həm Rusiyanın siyasi-hərbi rəhbərliyində, həm də ictimai rəydə kifayət qədər suallar doğurur.
Ekspertin sözlərinə görə, əvvəllər Rusiya Ukraynanı tamamilə işğal etmək, oradakı siyasi rəhbərliyi özünə uyğun siyasi şəxslərlə əvəzləmək, Ukraynanın silahsızlandırılmasını və onun NATO-ya yaxınlaşmasını tamamilə əngəlləmək məqsədi güdürdü:
“Sonradan isə bu hədəflər əlçatmaz olduğuna görə Rusiya seçkilər keçirdiyi 4 vilayətin inzibati sərhədlərinə qədər olan Ukrayna ərazilərini işğal etməklə həyata keçirdiyi seçkiləri legitimləşdirmək və ən azından bu 4 vilayəti öz ərazisinə qatmaq niyyəti güdməyə başladı. Lakin bu niyyəti də hazırkı vəziyyətdə bir o qədər də əlçatan görünmür. Ötən 3 il ərzində Rusiya yalnızca Luqansk ərazisini tamamilə işğal edə bilib. Donbasa daxil olan Donetsk vilayətinin isə 70-75 faizi Rusiyanın işğalı altındadır. Üstəlik, döyüş əməliyyatlarının intensivliyi qismən Rusiyanın xeyrinə olsa da, müəyyən istiqamətlərdə Ukrayna qoşunları ərazilərinin bir hissəsini rus işğalından azad etməyə müvəffəq ola bilir”.
Ə.Verdiyev həmçinin qeyd edib ki, hərbi münaqişələr artıq təkcə döyüş meydanlarında deyil, eyni zamanda informasiya sahəsində də aparılır:
“Bu reallıq Rusiya-Ukrayna müharibəsində daha aydın və bariz şəkildə özünü göstərir. İnformasiya müharibəsi bu münaqişənin ilk günlərindən etibarən hər iki tərəfdən aktiv şəkildə davam etdirilir. Həm Rusiya, həm də Ukrayna dünya ictimaiyyətinə özlərinin daha üstün, daha irəlidə və daha uğurlu tərəf olduğunu göstərməyə çalışır”.
Hərbi ekspertlərin fikrincə, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı işğal əməliyyatı planlaşdırma və icra baxımından ciddi strateji və taktik səhvlərlə müşayiət olunub:
“Rusiya Baş Qərargahı tərəfindən cəmi bir həftə ərzində başa çatdırılması nəzərdə tutulan "sürətli işğal planı" artıq üç il yarımdır ki, davam edir və hələ də Kreml qarşıya qoyduğu əsas hədəflərə çata bilməyib. Bu isə Rusiya hərbi rəhbərliyinin münaqişənin mahiyyəti, qarşı tərəfin döyüş hazırlığı və beynəlxalq reaksiya ilə bağlı ciddi yanlış hesablamalar etdiyini göstərir.
Əsas strateji səhvlərdən biri - Ukraynanın müdafiə iradəsinin və hərbi potensialının kobud şəkildə qiymətləndirilməməsidir. Rusiya tərəfi düşünürdü ki, Ukrayna ordusu mütəşəkkil müqavimət göstərə bilməyəcək və siyasi rəhbərlik sürətlə çökəcək. Lakin əksinə, ukraynalılar torpaqlarını qorumaq üçün geniş xalq səfərbərliyi ilə, yüksək ruh və döyüş əzmi nümayiş etdirdilər. Onların vətəni uğrunda apardıqları mübarizə, rus əsgərinin özgə torpaqlarda, qeyri-müəyyən məqsədlər və dar çevrələrin maraqları naminə döyüşməyə olan istəksizliyi ilə ziddiyyət təşkil edir.
Bu fərq döyüş meydanında açıq şəkildə hiss olunur. Ukrayna əsgəri üçün bu savaş varoluş savaşıdır. Rusiya əsgəri üçün isə bu, əksər hallarda qeyri-müəyyən bir missiya, anlayışsız bir əmr və onunla razılaşdırılmamış bir planın icrasıdır.
Buna görə də çox zaman rus əsgərlərinin əsas məqsədi verilən döyüş tapşırıqlarını yerinə yetirmək deyil, sağ qalmaq, geri dönmək və şəxsən xilas olmaq olur.
Yəni Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən rus əsgərinin əsas məqsədi onun qarşısında qoyulan döyüş vəzifələrinin yerinə yetirilməsindən ibarət deyil. Onlar yalnız və yalnız sağ qalmaq üçün özlərini müdafiə etməyi prioritet vəzifə olaraq görürlər.
Belə yanaşma isə ordunun motivasiyasını, birliyini və effektivliyini ciddi şəkildə sarsıdır.
Digər çatışmazlıqlardan biri də Rusiyanın malik olduğu silah sistemlərinin qeyri-dəqiqliyi, onların texniki xüsusiyyətlərinə göstərilən parametrlərdən daha zəif olması ilə bağlıdır.
Hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli raketlər, dronlar və digər vasitələrin döyüş şəraitində göstərdiyi performans kağız üzərində təqdim edilən texniki göstəricilərdən xeyli geri qalır”.