Bakıda fəaliyyət göstərən Qədim Xankəndi adlı restorandan sosial şəbəkələrdə narazılıq olunub. AzPost xəbər verir ki, müştərilərdən biri – Bayramov Sənan – şəxsi “Facebook” hesabında restoranla bağlı yaşadığı narazılığı bölüşərək vətəndaşlara xəbərdarlıq edib.
Onun sözlərinə görə, restoranda verilən hesab gözlənilməz dərəcədə yüksək olub. “Kababların qiymətində bir qədər artımın olduğunu başa düşmək mümkündür. Məsələn, bir ay əvvəl 7 manata aldığımız kabab indi daha baha idi. Ancaq bəzi adi menyu məhsullarına qoyulan qiymətlər isə açıq şəkildə sui-istifadədir. 1 stəkan doğanın 3 manata, 1 şiş kartofun isə düz 8 manata verilməsi sadəcə haqsızlıqdır,” – deyə o bildirib.
Müştəri həmçinin qeyd edib ki, ödəniş etdikdən sonra onlara heç bir rəsmi qəbz təqdim olunmayıb. Bu isə restoranın şəffaflıq prinsiplərinə zidd olduğu kimi, vergi və hüquqi baxımdan da suallar doğurur.
Sənan Bayramov bu təcrübəsini ictimailəşdirməkdə məqsədinin digər vətəndaşları məlumatlandırmaq olduğunu bildirib: “Bu məkana gedərkən diqqətli olun. Qiymət siyahısı öncədən göstərilmir, sifariş verdikdən sonra isə hesab sizi təəccübləndirə bilər. Dolayı yollarla cibinizə girəcəklər.”
Qeyd edək ki, bu kimi hallar restoran sahəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq doğurur. Ekspertlər bildirirlər ki, müştəriyə əvvəlcədən qiymətlərin aydın şəkildə təqdim olunmaması və rəsmi qəbz verilməməsi, həm qanun pozuntusudur, həm də istehlakçının aldanması deməkdir.
Restoran rəhbərliyindən məsələ ilə bağlı açıqlama verilməyib.