Son illərdə Azərbaycanda online ticarətin sürətli inkişafı ilə yanaşı, xaricdən mal gətirənlərin də sayı artıb. Lakin burada diqqət çəkən məqam odur ki, bir çox şəxslər malları gömrükdən keçirmək üçün yalnız öz adlarından yox, həm də ailə üzvlərinin və hətta tanımadıqları insanların adına sifarişlər verir.
Əsas səbəb, gömrük limitinin məhdudluğudur. Mövcud qaydalara görə, hər bir fiziki şəxs xaricdən yalnız müəyyən həcmdə və dəyərdə mal gətirə bilər. Limit keçildikdə isə əlavə gömrük rüsumları tətbiq olunur.
Nəticədə isə satıcılar bir sifarişi hissələrə bölüb ailə üzvlərinin adına yazırlar, tanışların və yad insanların şəxsi məlumatlarından istifadə olunur, “limit oyunu” geniş yayılmış praktikaya çevrilir.
Online satışla məşğul olan şəxslər bildirirlər ki, bu addımı atmağa məcburdurlar. Çünki rəsmi idxalçı olmaq üçün yüksək vergi və rüsum ödəmək gərəkir, kiçik həcmli satış edənlər üçün bu xərc əlverişli deyil, malları gömrük rüsumu ilə keçirsələr, qiymət xeyli bahalaşır və bazarda rəqabət güclərini itirirlər. Beləliklə, qaydanı pozmaq bir çox satıcı üçün yeganə çıxış yolu kimi görünür.
Problemin digər üzü
Amma bu praktikanın mənfi nəticələri də var. Gömrük orqanları üçün nəzarət çətinləşir, ailə üzvlərinin adı ilə gətirilən mallar rəsmi uçotdan kənarda qalır, dövlətin vergi gəlirləri azalır, bəzi hallarda yad insanların məlumatlarından icazəsiz istifadə edilməsi hüquqi problemlərə yol açır.
Ekspertlərə görə, problemin həlli kiçik sahibkarları dəstəkləyən gömrük mexanizmlərinin yaradılması ilə mümkündür.
"DİA-AZ" vurğulayır ki, əslində gömrük limiti oyunu sabiq DGK rəhbəri Səfər Mehdiyevdən qalma bir absurd dövlət qadağasıdır. Bu o zaman idi ki, S.Mehdiyevdən islahatçı obrazı çizilməli idi.
Yəni illərdir vətəndaş əzab çəkir. Mehdiyev artıq vəzifədə deyil. Bəlkə dövlət bu absurd qadağa ilə bağlı ədalətli müdaxiləyə baş vura...
Məsələ diqqətimizdədir...