Göyçay rayonu, Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Göyçay rayonunun Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbinin bərbad vəziyyətdə olması kənd ictimaiyyətində ciddi narahatlıq doğurur. Uzun illərdir bu təhsil ocağının əsaslı şəkildə təmir olunacağına dair vədlər verilsə də, hələ də real nəticə yoxdur.
Hazırda məktəbdə yalnız dam örtüyünün dəyişdirilməsi ilə məhdudlaşan kosmetik işlər aparılır. Halbuki məktəbin sinif otaqları, pəncərələri və ümumi infrastrukturu tamamilə yararsız vəziyyətdədir. Qış aylarında siniflərdə istilik sistemi olmadığından şagirdlər soyuqdan əziyyət çəkir, yaz və yay aylarında isə siçovul və kərtənkələ kimi zərərvericilərin məktəbdə rahat şəkildə dolaşması uşaqlar üçün təhlükəli və narahat mühit yaradır.
Daha acınacaqlı vəziyyət isə məktəbdə sanitar qovşağın tualetin ümumiyyətlə mövcud olmamasıdır. Şagirdlər məcbur qalıb təbii ehtiyaclarını həyətdə, kolluq sahələrdə ödəməli olurlar. Bu hal nə gigiyena, nə də insan ləyaqəti baxımından qəbulediləndir və uşaqların psixoloji və fiziki sağlamlığı üçün ciddi təhlükə yaradır.
Kənd sakinləri və valideynlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də öz həllini tapmayıb. Təhsil Nazirliyi, rayon icra hakimiyyəti və digər səlahiyyətli qurumlardan xahiş olunur ki, bu biabırçı vəziyyətə dərhal son verilsin və Çərəkə kənd məktəbinin əsaslı təmiri təmin olunsun. Şəhidin adını daşıyan bu məktəbin bu cür vəziyyətdə saxlanılması həm də şəhid ailələrinə və milli dəyərlərə hörmətsizlikdir".