Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Energetika sanatoriyasında məskunlaşan bir qrup məcburi köçkün bildirir ki, onlara yüksək məbləğdə "Azərişıq" tərəfindən borc yazılıb.
Sakinlərin sözlərinə görə, uzun illərdir yaşadıqları bu ərazidə qaz təchizatı ümumiyyətlə olmayıb. Bir həftə öncə “Azərişıq” ASC-nin əməkdaşları sanatoriyada sayğaclar dəyişdiriblər və hər bir ailənin adına 3 min, 5 min, hətta 6 min manata qədər borc yazıblar. Köçkünlər deyirlər ki, ayda 300-350 manat pensiya və ya əməkhaqqı ilə dolanırlar və bu qədər yüksək məbləğdə borcu ödəmək imkanları yoxdur. Onlar çox çətin şəraitdə yaşadıqlarını, illərdir kommunal xidmətlərə çıxışlarının məhdud olduğunu deyirlər. Vətəndaşlar bu borcların haqsız yerə yazıldığını iddia edirlır və silinməsini tələb edirlər. Onlar aidiyyatı qurumlardan bu borclarının silinməsini üçün onlara kömək etmələrini xahiş edirlər.