Bu ilin avqust ayının 2-də Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə–Suriya təbii qaz boru kəmərinin rəsmi açılışı olub. Bu fakt... hər kəsə məlumdur.
"DİA-AZ" xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da iştirak etdiyi açılış mərasimində Suriyaya ilkin mərhələdə ildə 1,2 milyard kubmetr təbii qazın ixrac olunacağı qeyd edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərdə avqust ayında Azərbaycandan Suriyaya təbii qazın ixracı ilə bağlı məlumat yer almayıb.
Belə ki, açıqlanan rəsmi məlumatlarda bu ilin yanvar–avqust aylarında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 5 milyard 996,8 milyon dollar olan 16 milyard 452,6 milyon kubmetr təbii qaz satdığı göstərilib.
Xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 364 dollar olub.
Qeyd olunub ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.Təbii qazın satıldığı ölkələr, satılan qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 6,25 milyard kubmetr (503 dollar);
Türkiyə – 6,64 milyard kubmetr (273 dollar);
Gürcüstan – 1,55 milyard kubmetr (109 dollar);
Bolqarıstan – 1,23 milyard kubmetr (371 dollar);
Yunanıstan – 599 milyon kubmetr (532 dollar);
Serbiya – 183 milyon kubmetr (560 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə yanaşı, Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib.
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan Türkmənistandan 212 milyon kubmetr (ümumi dəyəri 32,4 milyon dollar) və Rusiyadan 21,2 milyon kubmetr (ümumi dəyəri 3,9 milyon dollar) qaz alıb.
Bu ölkələrdən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 153 və 185 dollar olub.