Deputat Elçin Mirzəbəylinin üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilməsindən sonra, Milli Məclisdə bitərəf millət vəkillərinin sayı artıb. “Yeni Sabah”ın xəbərinə görə, 2024-cü il sentyabr ayının 1-də keçirilən növbədənkənar seçkilərdə parlamentə keçən 125 deputatın 44-ü bitərəf olub.
E.Mirzəbəylinin ƏHD Partiyasından kənarlaşdırılması ilə qanunverici orqanın bitərəf üzvlərinin sayı 45-ə yüksəlib. Hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası 67, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq və Demokratiya Partiyası 1, Ana Vətən Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Böyük Quruluş Partiyası 1, Demokratik İslahat Partiyası 1, Milli İstiqlal Partiyası 1, Böyük Azərbaycan Partiyası 1, Milli Cəbhə Partiyası 1 və Respublikaçı Alternativ Partiyası 1 deputatla təmsil olunur.
Bunda başqa, E.Mirzəbəylinin ƏHD Partiyasından çıxarılması siyasi təşkilatın dövlət büdcəsindən aldığı vəsaitin də azalmasına səbəb olacaq. Çünki həmin vəsait partiyalara deputatların sayına görə ayrılır.
Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərindən müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb.
E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. O, 2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu seçki dairəsindən Milli Məclisə deputat seçilib.
E.Mirzəbəyli oktyabrın 13-də ƏHD Partiyasından çıxarılıb.