Qurban Bayramına özəl olaraq "Karaca" mağazalar şəbəkəsi müəyyən kampaniya elan etmişdi. Kampaniyanın şərtlərinə əsasən, 50 AZN-lik alış-verişə süfrə dəsmalı, 100 AZN-lik alış-verişə qəhvə fincan dəsti, 150 AZN-lik alış-verişə isə manikür dəsti hədiyyə verilməsi nəzərdə tutulurdu. "DİA-AZ" xəbər verir ki, amma bütün bunların əslində növbəti dolandırıcılıq olduğu aşkarlanıb. Bu barədə vətəndaş şikayətçidir.
"Mən 5 iyun tarixində 28 Mall ticarət mərkəzində yerləşən Karaca filialından 120 AZN dəyərində qazan dəsti aldım. Alış-veriş zamanı mağaza əməkdaşları mənə bildirdi ki, bu məbləğə yalnız 1 ədəd dəsmal hədiyyə düşür. Mən də bu məlumata əsaslanaraq razılaşdım. Kampaniyanın əsl şərtlərindən xəbərsiz idim..." "DİA-AZ"ın məlumatına görə, b7unu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında yazan Gülya Quliyeva adlı istifadəçi daha sonra aşağıdakıları qeyd edir:
"Daha sonra təsadüfən digər "Karaca" filialında mənə bildirildi ki, 50 AZN-lik alış-verişə belə dəsmal verilir, mənim etdiyim 120 AZN-lik alış-verişə isə qəhvə fincan dəsti düşür. Bu zaman başa düşdüm ki, 28 Mall filialında mənə bilərəkdən səhv məlumat verilib və kampaniyaya uyğun olmayan məhsul təqdim olunub.
Qeyd edim ki, aldığım qazan dəsti və həmin dəsmal mənə 8 iyun tarixində anbardan çatdırılıb. Bu gün, yəni 9 iyun tarixində həmin mağazaya yaxınlaşdım və məsələni izah etdim. Əvvəlcə mənə yenidən səhv kampaniya şərtləri təqdim olundu: guya 100 AZN-lik alış-verişə dəsmal, 150 AZN-lik alış-verişə manikür dəsti, 200 AZN-lik alış-verişə isə qəhvə fincan dəsti düşür.
Mən kampaniya barədə məlumatlı olduğumu bildirəndə isə özünü mağaza meneceri kimi təqdim edən Mahirə xanım dedi ki, həmin anda mağazada fincan dəsti olmadığından mənə dəsmal təqdim edilib və bu artıq dəyişdirilə bilməz. Halbuki Mahirə xanım həmin vaxt kredit şöbəsində oturaraq digər müştəriyə kredit rəsmiləşdirirdi – yəni bu şəxsin mağaza müdiri olub-olmaması da şübhə doğurur. Bu azmış kimi hətta əda ilə məni borclu çıxararaq bildirdi ki, çox sağ ol deyin ki, Sizə pulsuz hədiyyə vermişik. Sanku bu xanım hədiyyəni öz cibindən verib mənə.
Ən narahatedici məqam isə odur ki, mağaza əməkdaşları və rəhbərliyi əlbir olaraq müştəriləri bilərəkdən aldadırlar. Burada söhbət təkcə 29 manatlıq fincan dəstindən yox, müştərinin hüquqlarının pozulmasından, etibarsız xidmət və yalan məlumat verilməsindən gedir.
Məsuliyyət daşımalı olan həm satıcılar, həm də mağaza rəhbərliyi öz məsuliyyətlərini gizlətməyə çalışır. Hətta əməkdaşlar tərəfindən "hara istəyirsən şikayət et" kimi hörmətsiz və məsuliyyətsiz münasibətlə qarşılaşdım.
Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirəm. İnanıram ki, bu məsələ araşdırılacaq və vətəndaşların hüquqları qorunacaq.
Əziz həmvətənlər, bu kampaniyadan siz də yararlanmış ola bilərsiniz və ehtimal ki, siz də aldadılmışsınız. Gəlin birlikdə səsimizi ucaldaq, haqlarımızı qoruyaq..."