[b] [i]Şirvanda AQTA-nın regional bölməsi sahibkarlara və vətəndaşlara müsibət yaşadır... [/i] Əslində AQTA-nın Şirvanda etdikləri ağıla və məntiqə sığmır, çünki bu qurumun vəzifəsi bu gün Şirvanda etdiklərinin baş verməsini önləməkdir. Amma onlar qurumum təməl qaydalarını özləri pozurlar. Poliqon xəbər verir ki, bu barədə Şirvan şəhərində və yaxın rayonlarda fəaliyyət göstərən ət dükanlarının və şadlıq evlərinin sahiblərindən aldığımız çoxsaylı şikayətlərdə bildirilir. Şikayətlərdə qeyd edilir ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin nəzdində cəmi bir Ət Kəsim Məntəqəsi fəaliyyət göstərir və bu məntəqə sözün tam anlamıyla sahibkarların və vətəndaşların kabusuna çevrilib. Şikayətlərə əsasən Şirvanda yerləşən Regional Ət Kəsim Məntəqəsinin fəaliyyəti sadəcə olaraq regionun ətlə təminatını çətinləşdirməyə və sahibkarlıq fəaliyyətinə mane olmağa, əhalinin qeyri-sağlam qida ilə təmin olunmasına yönəlib.
İnsanlara zülm, biznesə zərər... Qeyd edək ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinə Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonları aiddir. Şikayətçilər sual edirlər ki, 1 şəhəri və 4 rayonu əhatə edən Regional ərazidə cəmi bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsi sakinlərin və sahibkarların regional probleminə çevrilib. Açığı bu qədər böyük bir ərazidə ancaq bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsinin izahı belə yoxdur. Nəzərə alsaq ki, AQTA ət dükanlarından və şadlıq evlərindən heyvan kəsimini ancaq Regional Ət Kəsim Məntəqəsinhə həyata keçirməyi tələb edir, o zaman insanlara verilən zülm və biznesə dəyən zərəri təsəvvür edin... Bir tərəfdən sahibkarlar rayonlardan heyvanları Şirvana gətirmək əziyyətinə qatlaşır, əlavə xərclərə düşürlər, digər tərəfdən isə çəkdikləri əziyyətin və xərcin qarşısında gördükləri xidmət onları sadəcə şoka salır. Çünki saatlarla məntəqədə qalan ət sadəcə xarab olur və istifadəyə yararsız hala gəlir. Təsəvvür edin ki, Biləsuvardan, ya da Neftçaladan Şirvana heyvanı gətirib kəsdirmək və geri aparmaq sahibkarlar üçün nə boyda xərc və nə boyda əziyyətdir. Bu zaman ərzində isə ətin xarab olması da qaçılmazdır. Heyvanı öz dükanında kəsən sahibkarlar isə AQTA tərəfindən 1500 manat miqdarında cərimələnir və cəriməni ödəməyənlərin dükanları bağlanır. Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab çalışır 1 şəhər və 4 rayona xidmət göstərən Şirvan Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab və onun bir köməkçisi çalışır. Sahibkarlar deyir ki, bu da məntəqədə böyük növbənin yaranmasına səbəb olur. Əlavə xərclərə məruz qalaraq heyvanlarını kəsim üçün Şirvana gətirən sahibkarlar burda növbəyə durmağa məcbur olurlar. Saatlarla məntəqənin qarşısında növbə gözləyən sahibkarlar əti vaxtında alıcıya və şadlıq evlərinə çatdırılmır və faktiki olaraq insanlar həm əziyyət çəkir, həm də ziyana düşürlər. Digər bir problem isə odur ki, heyvanları kəsdikdən sonra əti sahiblərinə vermirlər. Çünki kəsilmiş ətlərə məntəqənin müdiri sənəd verməlidir ki, bu sənədin də verilməsi saatlarla uzanır. Antisanitar şəraitdə ət saatlarla məntəqədə saxlanılır və bəzi hallarda xarab olur. Sahibkarlar deyirlər ki, əgər Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov əlavə qəssab çalışdırmağı özü üçün artıq xərc hesab edirsə, o zaman onlara öz heyvanlarını kəsmək imkanı versin. Xatırladaq ki, ət dükanlarının sahibləri hamısı uzun illər fəaliyyət göstərən peşəkar qəssablardır. Məntəqədə ətin heç bir müayinəsi aparılmır Şirvan Regional Ət Kəsim Məntəqəsində ətin heç bir müayinəsi aparılmır. Sahibkarlar bildiririrlər ki, məntəqədə həkim və laboratoriya otaqları olsa da, o otaqların qapısı həmişə bağlı olur. Heç məntəqədə ətin müayinəsini həyata keçirmək üçün avadanlıq və mütəxəssis də yoxdur. Laboratoriya və həkimin missiyasını Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov həyata keçirir. Cənab Tərlanovun gözüyumlu imzalayıb möhürlədiyi sənəd isə daşdan da keçir. Bu zaman ətdə hər hansı bir xəstəliyin olub-olmaması isə məntəqə müdirini maraqlandırmır. Qeyd edək ki, regionda tarixən bruselyoz xəstəliyi yayğın olur. Sahibkarların iddasına görə məntəqədə heç həkim və laborant ştatları belə yoxdur. Məntəqə özəl müəssisə olaraq fəaliyyət göstərsə də, bu ştatların olmaması isə AQTA-ya qarşı böyük suallar yaradır. Çünki Ət Kəsim Məntəqələrini AQTA məhz ətin müayinəsini təşkil etmək və əhaliyə sağlam qida təmin etmək üçün yaradıb. Əgər bu məntəqələrdə laboratoriya və həkim xidməti yoxdursa, o zaman məntəqənin fəaliyyətinə hansı lüzum var? Ümumiyyətlə AQTA-nın Şirvan-Salyan Regional Bölməsi regionda Ət Kəsim Məntəqəsini hansı məntiqlə təşkil edib? Yalnız insanlara zülm edib pul qazanmaq üçünmü? Bu məntiqdən belə çıxır ki, əhalinin sağlam qida ilə təmin olunması AQTA-nın Şirvan-Salyan Regional Bölməsini maraqlandırmır. Yəqin ki, elə AQTA-nın mərkəzi rəhbərliyini də maraqlandırmır. Hər halda görünən mənzərə bunu deməyə əsas verir. Məntəqədə heyvanları elektromişarla kəsirlər və dini qaydalara riayət etmirlər Sahibkarların bizə açıqladığı tükürpədici faktlardan biri də heyvanların kəsilmə qaydasıdır. Bütün sahibkarlar iddia edirlər ki, məntəqədə kəsim islam qaydalarına uyğun aparılmır və bu da yerli sakinlərin və sahibkarların narazılığına səbəb olur. Ən dəhşətli faktlardan biri isə kəsim qaydasıdır. Şikayətçilər bildirirlər ki, kəsim elektromişarla aparılır. Qeyd edək ki, heyvanlara qarşı çox ciddi qeyri-humanitar aktdır və belə bir qeyri-humanitar kəsim qaydası kəskin şəkildə pislənməli və ortadan qaldırılmalıdır. Digər tərəfdən isə heyvanların dini qaydalardan kənar kəsilməsi də ciddi nöqsandır. Xalqımız uzun illərdir ki, heyvan kəsimində bu qaydalardan istifadə edir və bu qaydalara riayət olunmayaraq kəsilən ət haram hesab olunur. Kəsim məntəqəsində antisanitariya hökm sürür Sabibkarlar bildirirlər ki, kəsimin həyata keçirildiyi yerdə anti-sanitariya hökm sürür. Bu isə ümumiyyətlə AQTA-nın qaydalarına ziddir. Yəni AQTA-nın kəsim məntəqələrini hansı səbəbdən yaratması yenidən sual yaradır. Əgər kəsim məntəqələrində ət müayinə olunmursa və ət anti-sanitar şəraitdə kəsilirsə, o zaman bu məntəqələrini yaradılmasının hansı zərurəti qalır? Qeyd edək ki, sahibkarların iddasına görə, bur çox hallarda sahiblərinə çox gec verildiyinə görə, məntəqədə ət xarab olur və istifadəyə yararsız hala gəlir. Məntəqə xidmət haqqını özü müəyyən edir Şirvan Regional Ət Kəsim Məntəqəsinin xidmətindən istifadə etdiklərinə görə sahibkarlardan və yerli sakinlərdən dana kəsiminə görə 51 manat, quzu kəsiminə görə isə 12 manat alınır. Məntəqənin xidmətindən istifadə edən sahibkarlar bu ödənişin qanunsuz olduğunu, onlara ödənişə görə heç bir qəbz verilmədiyini, ya da qəbz tələb edərkən xidmət haqqının 6 manat yazıldığını bildirirlər. Əgər ödəniş belə qanunların tələbinə uyğun şəkildə aparılmırsa, o zaman rüsumun qanuniliyi də öz mahiyyətini itiririr. Maraqlıdır ki, kəsimə görə ödəniş qiymətinin kim tərəfindən təyin olunduğunu da sahibkarlar bilmir. Onlara sadəcə bu barədə məlumat verilmir. Sahibkarlar isə bir dana üçün 51 manatın həddindən artıq çox olduğunu bildirirlər. Üstəlik bura heyvanı məntəqəyə gətirmək və digər xərclər də əlavə olunur. Bütün bunlar isə təbii olaraq ətin bazardakı qiymətinə təsir edir. Yəni faktiki olaraq, AQTA-nın təşkil etdiyi Kəsim Məntəqələri ətin keyfiyyətini aşağı salaraq, bazara qeyri-sağlam qidanın çıxarılmasının iştirakçısı olaraq və sahibkarlara problemlər yaradaraq bazarda ətin qiymətinin artmasını təmin edirlər. Bu isə o deməkdir ki, AQTA fəaliyyət mahiyyətininin tamamilə əksinə olan fəaliyyətlə məşğul olur. AQTA sahibkarları əsasız yerə cərimə edir Faktiki olaraq heç bir əməli və qanuni fəaliyyətə göstərməyən və bütün fəaliyyəti sahibkara ziyan vurmağa, eyni zamanda bazarda ətin qiymətinin artmasına yönələn AQTA-nın Şirvan-Salyan Regional Bölməsi və Şirvan Regional Ət Kəsim Məntəqəsi əlbir şəkildə sahibkarların cərimlənməsini də təşkil edirlər. Sahibkarlar qeyd edirlər ki, məntəqəyə getməkdən, ya da rüsumun çox olması ilə əlaqədar olaraq ödəniş etməkdən imtina edənlər və şikayətçi olunanlar Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov tərəfindən Şirvan-Salyan Regional Bölməsinə şikayət olunur. Bundan sonra isə Regional Bölmənin əməkdaşları həmin ət dükanını 1500 manat cərimə edirlər və cəriməni ödəməkdən imtina edənlərin dükanları isə bağlanır. Maraqlıdır ki, cərimə nağd şəkildə alınır və bu zaman dükan sahiblərinə qəbz verilmir. Yəni faktiki olaraq dövlət büdcəsinə gedəcək pullar Regional Bölmənin əməkdaşlarının cibinə gedir.
[i]AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin müdiri Ruslan Əsgərov [/i] Sahibkarlar onu da bildiriblər ki, “kal armud kimi onların boğazına keçən” Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanovun hamisi və əsas şəriklərindən biri də Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevdir. Buna görə də sahibkarların üzləşdikləri dözülməz vəziyyətlə bağlı icra hakimiyyətinə şikayətləri də bir qayda olaraq cavabsız qalır və sonradan həmin şikayətçilər AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin təzyiq və təqibləri ilə üzləşirlər. Eyni vəziyyət sahibkarların AQTA-ya müraciəti zamanı da təkrarlanır. Yəni sahibkarlar faktiki olaraq “sehirli dairə”də dözülməz şəraitə tabe olmağa məcbur edilirlər.
[i]Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov [/i] Qeyd edək ki, sadalanan problemlər və qüsurlarla bağlı AQTA-nın mətbuat xidməti ilə əlaqə saxladıq və vəziyyəti şərh etmələrini xahiş etdik. Mətbuat xidmətindən bizə bildirdilər ki, rəsmi sorğu ilə müraciət edək və onlar bu sorğunu araşdırıb bizə cavab verəcəklər. Sorğumuzu göndərəndən sonra dəfələrlə AQTA-nın mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etsək də, qarşı tərəf telefon zənglərimizə cavab vermədi. Buna baxmayaraq, Şirvan-Salyan Regional Bölməsində yaramış vəziyyətlə və səsləndirilən tükürpədici iddialarla bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq. Poliqon.info[/b]