Ermənistan parlamentinin binası qarşısında Baş nazir Nikol Paşinyanın impiçment yolu ilə istefasını tələb edən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Paşinyanın hakimiyyətdə qalmasına icazə vermək olmaz və onu 2026-cı il parlament seçkilərinə qədər dəyişmək lazımdır. Onların fikrincə, bu məqsədə çatmağın ən təsirli yolu parlamentdə impiçment prosedurudur. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə qeyd edib ki, sabah da seçkilərə gedə bilərlər, lakin buna ehtiyac yoxdur. Eyni zamanda, o, müxalifətin baş nazirə etimadsızlığı ilə bağlı dinləmələrdə yarıboş zala işarə edərək "salonda cəmi 160 yer var" deyib. Simonyan dolayı yolla müxalifətin fəallığını və dəstəyini şübhə altına alıb.
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Nikol Paşinyanın qanuni yolla hakimiyyətdə qalmasını labüd edən erməni toplumunun böyük hissəsidir. Ekspert vurğulayıb ki, əslində, burada Paşinyanın kimliyi az əhəmiyyət daşıyır:
"Məsələ ondadır ki, Paşinyan məğlub lider kimi çoxdan hakimiyyətdən gedərdi, amma sonrakı müharibə qorxusu onu hakimiyyətdə saxlamağı erməni toplumuna məcbur etdi. İndi bu durumda hansısa revanşist qrupların Paşinyanı devirmək imkanları yox dərəcəsindədir. Xüsusilə də Azərbaycanla böyük sülh müqaviləsi imzalamağa bir addım qalmış belə bir cəhd səmərəsizdir. Paşinyanı ancaq terror yolu ilə indiki məqamda hakimiyyətdən uzaqlaşdırmaq olar. Baş nazir də bunu bildiyi üçün öz təhlükəsizliyi barəsində tədbirlər görür".
Analitik hesab edir ki, Azərbaycan və Türkiyə dövlətləri də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır:
"Amma bu, daha çox erməni toplumunun maraq dairəsində olmalıdır. Hesab edirəm ki, Ermənistanın dövlətçiliyi də, erməni toplumunun gələcəyi də bundan asılıdır. Öz talelərini özləri seçməlidirlər. Paşinyan, ya qeyrisi bizim üçün fərq etməyəcək, yerinə gələcək olan da adi ermənidən başqa bir şey deyil. Əgər Azərbaycan əzici qələbədən sonra bu üstünlüyünü erməni dövləti qarşısında daha da artırmayıb, sülh yolunu tutubsa, bunun qədrini ermənilər də bilməlidirlər. Başqa biriləri üçün yox, məhz öz aqibətləri üçün..".