Milli Məclisdə ingilis dili dərslikləri ilə bağlı dinləmələr keçiriləcək. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sonuncu iclasında komitə sədri Anar İsgəndərov deyib. O qeyd edib ki, Milli Məclis rəhbərliyinin bununla bağlı təlimatı var: "Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılaraq bu mövzuya aid müzakirələr təşkil olunacaq".
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında deyib ki, ingilis dili dərslikləri əslində bizim təhsil sistemində həm metodik, həm də pedaqoji baxımdan ən çox müzakirə olunan mövzulardan biridir:
"Məsələ ondadır ki, hazırkı dərsliklər məzmun baxımından müəyyən standartlara cavab versə də, onların tətbiqi şagirdlərdə həqiqi dil bacarıqlarını formalaşdırmaqda kifayət qədər səmərəli olmur. Burada əsas problem dərsliklərin nəzəri bilik üzərində daha çox qurulması, praktik ünsiyyət bacarıqlarını isə kölgədə saxlamasıdır. İngilis dili bir fənn kimi qrammatikanın öyrədilməsi ilə məhdudlaşmamalıdır, şagirdlər bu dili real həyatda ünsiyyət vasitəsi kimi mənimsəməlidirlər. Ancaq dərsliklərdəki mətnlər çox vaxt həyatla zəif bağlı olur, şagirdlərdə maraq oyatmır və ən əsası, danışıq, dinləmə və düşünmə vərdişlərini inkişaf etdirməkdə kifayət qədər rol oynamır.
Digər tərəfdən, metodoloji baxımdan da problemlər mövcuddur. Bir çox dərsliklərdə müəllimlər üçün yönləndirici izahlar zəifdir, dərs prosesində tətbiq ediləcək oyunlar, kommunikativ tapşırıqlar, fərdi yanaşma modelləri ya ümumiyyətlə yoxdur, ya da formal şəkildə verilir. Bu isə müəllimi əlavə resurs axtarışına məcbur edir. Region məktəblərində müəllimlərin əlavə resurs tapmaq imkanları məhdud olduğuna görə, nəticədə tədris prosesində boşluqlar yaranır".
Ə. Həsənlinin sözlərinə görə, tədris keyfiyyətinə təsir edən mühüm bir məqam da qiymətləndirmə ilə bağlıdır:
"Mövcud dərsliklərdə test yönümlü yanaşma üstünlük təşkil edir. Halbuki ingilis dili bacarıqları yalnız test nəticələri ilə ölçülə bilməz. Şagirdin sərbəst danışması, öz fikrini ingilis dilində ifadə edə bilməsi, dinlədiyini anlama bacarığı və gündəlik həyat situasiyalarında ünsiyyət qurması qiymətləndirmənin əsas hədəflərindən biri olmalıdır. Əfsuslar olsun ki, bu, real dərs praktikasında hələ zəifdir. Milli Məclisdə keçiriləcək dinləmələr əslində çox önəmli bir imkan yaradır. Bu müzakirələrdən real nəticə əldə etmək üçün ilk növbədə dərsliklərin beynəlxalq təcrübə əsasında yenilənməsi vacibdir. Dünyada qəbul olunmuş CEFR (ümumi Avropa dil çərçivəsi) standartları var ki, Azərbaycan dərsliklərinin tam şəkildə ona uyğunlaşdırılması zəruridir. Məzmun uşaqların yaş xüsusiyyətlərinə uyğun, daha maraqlı və həyati situasiyalar üzərində qurulmalı, danışıq və dinləmə bacarıqlarını inkişaf etdirəcək fəaliyyətlər geniş yer almalıdır. Bundan başqa, dərsliklərin hazırlanması prosesində müəllimlərin də rəyinə ciddi şəkildə önəm verilməlidir. Çünki dərslikləri sinifdə tətbiq edən birbaşa müəllimdir və onların təcrübəsi nəzərə alınmadan hazırlanan materiallar hər zaman formal görünür. Elə buna görə də müzakirələrin təkcə nəzəri deyil, praktik müstəvidə də nəticə verməsi çox önəmlidir. Əgər müzakirələrin sonunda yalnız məzmun dəyişikliyi yox, həm də metodoloji yanaşmada yeniliklər edilərsə, müəllimlərin dərs prosesində rahat istifadə edə biləcəyi, şagirdlərə isə dil bacarığı qazandıracaq daha faydalı dərsliklər hazırlanacaq. Qısası, ingilis dili dərsliklərinin problemini yalnız kitab səhvləri və ya məzmun çatışmazlığı kimi görmək düzgün deyil. Bu məsələ bütövlükdə dil tədrisi fəlsəfəsinin dəyişdirilməsi ilə bağlıdır. Müzakirələr də məhz buna yönəlməli və nəticədə Azərbaycan məktəblərində şagirdlərin yalnız imtahan üçün deyil, real həyat üçün ingilis dili öyrənməsinə zəmin yaradılmalıdır".