Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib.
"Report" xəbər verir ki, bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.
"Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır", - bəyanatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan insan hüquqları mexanizmləri ilə həqiqi dialoqun daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə biləcəyinə inanır:
"Biz insan hüquqlarının təşviqi və müdafiəsi üçün daha geniş səylərimizin bir hissəsi kimi BMT-nin insan hüquqları mexanizmləri ilə fəal şəkildə əməkdaşlığa davam edəcəyik".
"Birləşmiş Millətlər Təşkilatının səkkiz dekadasını nəzərdən keçirərkən insan hüquqları mexanizmlərinin effektiv, şəffaf və siyasiləşmə ilə ikili standartlardan azad olmasını təmin etmək üçün səylərimizi artırmalıyıq, bununla da dünyada insan hüquqlarının təşviqi və müdafiəsinə kollektiv öhdəliyimizi irəli aparmalıyıq", - deyə bəyanatda bildirilib.