Bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur. Məlumatlara görə, amnistiya “Konstitusiya və Suverenlik ili” çərçivəsində qəbul edilə bilər. Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib. Bu da həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Azərbaycanın tarixi Qələbəsinin 5 illiyi ilə bağlıdır.
Qeyd edək ki, artıq bu il Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 200-dən artıq məhkum azadlığa qovuşub. Lakin amnistiya əfvdən fərqli olaraq daha geniş miqyaslı olur və cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir.
Bəs amnistiyanın olacağı ilə bağlı iddialar nə qədər realdır? Aministiya olarsa, tanınmışlardan kimlər azadlığa çıxa bilər?
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında deyib:
"Hüquq müdafiəçiləri olaraq biz də eşidirik ki, ilin sonuna qədər böyük amnistiya elan ediləcəyi gözlənilir. Yəni, bununla bağlı hazırlıqlar gedir. Məlum olduğu kimi bu məsələ Milli Məclisdə açıqlanmalıdır. Böyük amnistiya olarsa, təkcə məhbusların deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında mühüm hadisə ola bilər. Çünki Konstitusiya Günü münasibətilə qəbul olunacaq amnistiya dövlətin humanizm prinsiplərinə sadiqliyinin bariz göstəricisi olacaq.
Əlbəttə, biz istəyərdik ki, bu amnistiyanın əhatə dairəsi daha geniş olsun və xüsusən də siyasi motivlə həbs olunmuş insanların hamısını əhatə etsin. Belə bir addım həm də beynəlxalq aləmdə Azərbaycanın imicinə müsbət təsir göstərəcək. Təəssüf ki, sülh yolunda atılan addımlara baxmayaraq, hələ də bu prosesə mane olmağa çalışan qüvvələr var. Lakin əminik ki, amnistiya aktı sülhün, barışın, həmrəyliyin rəmzi olacaq.
Həmçinin, biz hüquq müdafiəçilərinin işi də bu halda bir qədər yüngülləşər. Çünki daim müraciətlərin içində çalışırıq".
Musavat.com