Məlumata görə, “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovin şirkətinin tikdiyi binalarda yoxlamalara start verilib. İddialara əsasən, tikinti şirkətinin inşa etdiyi və artıq istifadəyə verdiyi binalarda tikinti materiallarının keyfiyyəti və tikinti normalarına əməl olunub-olunmaması araşdırılır.
İddiaların nə dərəcədə həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün “Cebheinfo.az” İsfəndiyar Axundovla əlaqə saxlayıb.
Şərurlu İsfəndiyar xəbərlərin həqiqətəuyğun olmadığını qeyd edib:
“Bunlar şayiədir, kimsə qəsdən belə məlumatlar yayır. Yalandır”.
Qeyd edək ki, bir müddət əvvəl İsfəndiyar Axundovun bahalı avtomobillərinə məhkəmə tərəfindən həbs qoyulub.
Məlumata görə, iş adamının 482 min dollarlıq borcu səbəbindən ona məxsus“Lamborghini”, “Lexus LX600”, “Toyota Hilux”və digər lüks avtomobillər siyahıya alınıb.
Məhkəmə prosesi davam edir. Hazırda İsfəndiyar Axundov avtomobillərindən istifadə edə bilmir.