Rusiya Azərbaycan diasporuna açıq şəkildə hücum kampaniyasına başlayıb. Sonuncu belə fakt Çelyabinsk vilayətində olub. Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.
Musavat.com xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub. Daha əvvəl isə Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb. Onun deportasiya olunduğu bildirilir.
Həmçinin Rusiyanın Voronej şəhərində azərbaycanlı diaspor rəhbəri Yusif Xəlilov saxlanılıb. İstintaq iddia edir ki, o, bu ilin martında oğlunun hərbi xidmətə aparılmaması üçün həkimə 330 min rubl rüşvət verib. Məbləğin bir hissəsinin vasitəçi ilə çatdırıldığı, qalan 100 min rublun isə karta köçürüldüyü bildirilir. Yusif Xəlilov istintaqa ifadə verməkdən imtina edib və günahını qəbul etmir. Onun barəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və deportasiya təhlükəsi mövcuddur. Bundan əvvəl isə “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilmişdi, sonra özü təslim oldu.
Rusiya Azərbaycanla əlaqələri geridönüşü olmayan bir böhrana sürükləyir. Bir yandan Ukraynadakı enerji infrastrukturumuza hücum çəkir, digər tərəfdən diaspor təşkilatlarımıza. Hazırda Moskvanın əlində ən ciddi təzyiq rıçaqlarından biri Rusiyadakı azərbaycanlılardır. Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilir. Bu cür əndazəsiz təzyiqlər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur.
Ekspertlər hesab edir ki, bu kimi hallar Rusiya dövlətinin Azərbaycana və onun diaspor nümayəndələrinə qarşı yürütdüyü ikili, hətta düşmənçilik ruhunda aparılan siyasətin təzahürüdür. Rusiyanın bu düşmənçilik siyasətini xüsusi təyinatlı polis qüvvələrinin, FTX-nin əli ilə ortaya qoyduğu da bilinən məsələlərdəndir.
Bəs azərbaycanlı diaspor rəhbərlərinə qarşı bu cür addımların mənası nədir? Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bu hadisələrə qiymət verəcəkmi, yaxud Rusiyadakı diaspor təşkilatlarımızla maraqlanacaqmı?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya həqiqətən də açıq, ədalətsiz, insan hüquqlarına, beynəlxalq hüquqa sığmayan qaydada hücuma keçib: “Çox təəssüflər olsun ki, Rusiya Azərbaycanla imzaladığı çoxsaylı əməkdaşlıq, tərəfdaşlıq və digər müqavilələrin heç birinə hörmət etmədən btkz hücumlar edir. Rusiya 2022-ci ilin 22 fevralında Azərbaycanla imzaladığı tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqda sənədi nəzərə almadan addımlar atır. Rusiya tərəfi bir daha imzasına belə hörmət etməyən dövlət olduğunu nümayiş etdirir. Rusiyanın Kremldən qidalanan telekanallarının hamısı Azərbaycana qarşı təhdid, təhqir, nifrət kampaniyası aparmaqda, hətta Azərbaycana qarşı müharibə çağırışları etməkdədir. Bu çağırışlarla paralel olaraq Rusiyadakı Azərbaycan diaspor fəallarının təqibi, qanunsuz həbs edilməsi prosesi sürətlənməkdədir. Məqsədləri Azərbaycanın gözünü qorxutmaqdır. Rusiya əvvəllər Azərbaycana qarşı təzyiqlərini əsasən Azərbaycan kənd təsərrüfatı məhsullarını sərhəddən buraxmamaqla nümayiş etdirirdi. İndi təzyiq aləti kimi Rusiyadakı azərbaycanlılara qarşı əməliyyatlar, təqiblər üsulu, həmçinin Ukraynadakı neft-qaz obyektlərimizə zərbələr endirmək taktikası da seçilib. Azərbaycanlıların təqib edilməsi, onların Rusiya vətəndaşlığından xaric edilməsi, həbs olunmaları tamamilə hüquqazidd hərəkətdir və tamamilə siyasi məsələdir. Rusiya, təəssüf ki, Azərbaycan dövlətinə qarşı təzyiq üsulu kimi Rusiya daxilində milli ayrı-seçkilik siyasətinə rəvac vermək yolunu seçib. Bütün bu siyasətin mahiyyətində Azərbaycanı ən müxtəlif istiqamətlərdən sıxışdırmaq niyyəti dayanır. Eyni zamanda Azərbaycanı Rusiyada diasporsuz qoymaq məqsədi güdülür. Birmənalı olaraq bilməlidirlər ki, bu siyasət sonda Rusiyanın özünə zərər vuracaq”.
Hüquq müdafiəçi dedi ki, yaranmış hazırkı situasiyada Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi müsbət nəyəsə nail ola bilməz, çünki bu siyasət birbaşa Kremldən qaynaqlanır: “Kremldən qaynaqlanan siyasətin komitənin müdaxiləsi ilə dəyişəcəyi mümkün deyil. Komitənin bu məsələdə nəyisə həll edə biləcəyini düşünmürəm. Həll etmək istəsə belə, buna gücü yetməz. Komitə uzağı bəyanatlar verə, Rusiyanın müvafiq qurumlarına müraciətlər edə, Rusiyadakı diaspor təşkilatlarımızla əlaqələri gücləndirə bilər”.
Ç.Qənizadə hesab edir ki, Rusiya ilə münasibətlərin tənzimlənməsi, düzəlməsi istiqamətində daha başqa səviyyələrdə addımlar atılmalıdır. Rusiya qonşu dövlətdir, güclü dövlətdir və beynəlxalq hüququ qəbul etməyən, ona hörmət etməyən bir dövlətdir və istənilən addımı atmağa qadirdir. O baxımdan hesab edirəm ki, yaranmış arzuedilməz vəziyyətin aradan qaldırılması üçün Azərbaycan tərəfindən də, Rusiya tərəfindən də addımlar atılmalıdır. Hələ görünən budur ki, Rusiya tərəfindən belə bir maraq yoxdur. Ona görə də Azərbaycan hələlik səbrlə dözməlidir".