İki il əvvəl ölkənin su təsərrüfatındakı dəyişiklikdən - “Azərsu” “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nə çevriləndən sonra bu strukturda xeyli ixtisarlar oldu. İnsanların durumu, ailə vəziyyəti və s. hallar nəzərə alınmadan onlar işdən çıxarıldı.
Bizimyol.info xəbər verir ki, ixtisara salınan çoxsaylı işçilərdən biri də 3 saylı Regional Sukanal İdarəsinin sürücüsü olub. Uzun müddət işsiz qaldığına görə o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə qarşı məhkəmədə iddia qaldırıb. O, işə bərpa olunmasını, işsiz qaldığı müddətə görə almalı olduğu əməkhaqqının hesablanıb ödənilməsini tələb edib.
Şikayətçi II qrup müddətsiz əlil olduğunu qeyd edib və bu barədə sənədlərini məhkəməyə təqdim edib. O bildirib ki, 11 il 4 ay 3 gün 3 saylı Regional Sukanal İdarəsində sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun nəzarət qrupunun sürücüsü işləyib. Prezidentin “Azərbaycan Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkil olunması yolu ilə regionlardakı idarələr ləğv edilib. Ona da “ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq bildirişi göndərilib. Bildirişin təqdim edilməsi barədə qeyd olsa da, təqdim edilmə tarixi barədə məlumat göstərilməyib.
Şikayətçi deyir ki, həmin bildiriş əmri verildiyi gün ona təqdim olunub. Onun adı Biləsuvar Su kanal İdarəsində işlə təmin olunacaq şəxsllərin siyahısına daxil edilib. Hətta idarənin rəhbəri Ədalət Babayev tərəfindən də təsdiqlənib. Lakin o, işlə təmin olunmayıb. Onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilib.
Məhkəmə onun şikayətini araşdıraraq haqlı olduğu qənaətinə gəlib. Onun işdən azad edilməsi barədə əmrin ləğvi, işinə bərpa olunması, buraxılmış müddətə görə maaşının hesablanıb ödənilməsi barədə qərar çıxarılıb