“Azərbaycan və Ermənistan arasında yollar açılmalıdır”.
Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan ölkə müxalifətinin sülh prosesinə münasibətini şərh edərkən deyib.
“Azərbaycanla danışıqlar davam etdirilməlidir. Azərbaycanla olan yollar açılmalıdır. Bizim Azərbaycanla sülh sazişimiz olmalıdır”, - deputat bildirib.
Akopyan əlavə edib ki, reytinqləri yerlə bir olan Ermənistan müxalifəti sülhə qarşı çıxmaqla özünə dəstəkçi toplamağa çalışsa da, artıq bu üsul işə yaramır.
Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a söyləyib ki, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasındakı sülh prosesinin dərinliyinə əvvəldən pessimist yanaşır:
"Çünki erməni cəmiyyətində Azərbaycana qarşı aqressiya, qisasçılıq ruhu var. Buna görə də onların heç zaman tam şəkildə sülh tərəfdarı olacaqlarına inanmıram. Hazırda Azərbaycanın mövqeyi, ordusu güclüdür və Qarabağda qalibdir. Ermənistan isə vaxt qazanmaq üçün sülhdən, yolların açılmasından, xalqların qardaşlığından danışır. Onlar çalışacaqlar ki, müəyyən vaxt əldə edərək, ordularını gücləndirsinlər, iqtisadiyyatlarını ayağa qaldırsınlar və Azərbaycanla güc balansını balansı bərpa etsinlər. O mərhələdən sonra isə sülh müqavilələrinin, razılaşmaların, öhdəliklərin icrasına əməl olunmayacağına əminəm. Hazırda Ermənistanın sülh istəməsi təbiidir. Əgər əksinə olsaydı, təəccüblü gələrdi. Misal üçün, Qarabağ müharibəsindən sonra – 10 noyabr razılaşmasında Ermənistan üzərinə düşən öhdəliklərin yarısından çoxunu icra etmədi. Nə Qarabağdan qoşunlarını çıxardı, nə azərbaycanlıların ora qayıdışını təmin etdi, nə də Zəngəzur dəhlizinin açılmasına şərait yaratdı. Nəticədə Azərbaycan 2023-cü ildə antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldı və Qarabağı terrorçulardan təmizlədi.
İndi isə kim təminat verir ki, Paşinyanın Vaşinqtonda, Moskvada və ya İstanbulda imzalayacağı sənədlər 3-5 ildən sonra da icra olunacaq? Mən buna inanmıram".
Müsahib Ermənistanın siyasətdə davranışını “köpəklə dostluq et, kötəyi əlində saxla” məsəli ilə izah edib:
"Doğrudur, ABŞ-da müqavilənin paraflanması və Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsində ilkin razılığın əldə olunması cəmiyyətdə müəyyən pozitiv ab-hava yaradıb. İnsanlar, xüsusilə də politoloqlar və siyasətçilər, iqtidarın xəttini dəstəkləyərək bu prosesi daha böyük və vacib göstərməyə çalışırlar. Amma Ermənistanla münasibətləri ancaq güc əsasında qurmaq olar. Azərbaycan güclü dövlət olmalıdır ki, Ermənistan Azərbaycanın ədalətli şərtlərini qəbul etsin. Əks halda, bu məsələ çətin həllini tapacaq. Ermənistanın
Azərbaycanın ərazi bütövlüyünə iddialardan imtina etməsi Konstitusiyaya dəyişikliklə mümkündür. Amma illərdir bunu etmirlər. Hətta Vaşinqtonda sənəd imzalanana qədər də belə bir addım atmayıblar. Buna görə də sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam".