Son aylarda Ermənistanda baş verən hadisələr ölkənin həm siyasi, həm də dini həyatında dərin böhran yarandığını göstərir. Hakimiyyət orqanları zamanında Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyan hökumətinə qarşı rəhbərlik etdiyi etirazlara çox mülayim davranırdı. Amma hazırda hökumətin kilsə xadiminə verdiyi cavab artıq açıq qarşıdurma mərhələsinə keçib. Şirak yeparxiyasının rəhbəri, baş yepiskop Mikael Acapaxyanın həbsi isə artıq bu qarşıdurmanın yeni simvoluna çevrilib. Paşinyan hakimiyyəti üçün təhlükəli məqam isə ondadır ki, bu dəfə qarşısında sadəcə müxalifət deyil, kilsə institutunun özü dayanır.
Əslində, Baqrat Qalstanyanın sürətlə Ermənistan siyasətinə daxil olması bir çox müşahidəçi üçün sürpriz olmadı. Onun, sərhədyanı kəndlərin Azərbaycana qaytarılmasına qarşı başlatdığı "Vətən uğrunda Tavuş" yürüşü, ölkənin bəzi bölgələrində qismən dəstək qazandı. Ermənistanın mühafizəkar və dini təbəqələri tərəfindən “xilaskar”, siyasi dairələrdə isə “ölkənin Putin modelinə sürüklənməsində vasitə” kimi təqdim edilən Qalstanyan, bir ruhanidən çox, tribunaya çıxan siyasi lider obrazı ilə yadda qalır.
Qalstanyanın çıxışlarında tez-tez “torpaq”, “vətən”, “iman”, “xain hakimiyyət” kimi emosional yüklü terminlərdən istifadə etməsi onun cəmiyyətin müəyyən təbəqələri üçün niyə bu qədər cazibədar olduğunu izah edir. Xüsusilə, rusiyayönümlü və mühafizəkar seçicilər üçün Qalstanyan, Qərbə inteqrasiya xəttindən uzaqlaşmaq üçün əlverişli alternativdir.
İyunun 27-də Ermənistanın Şirak bölgəsinin dini rəhbəri Mikael Acapaxyan xüsusi təyinatlıların keçirdiyi əməliyyatla rüşvətə yardım ittihamı ilə saxlanıldı və daha sonra məhkəmə qərarı ilə 2 ay müddətinə həbs edildi. Rəsmi versiyaya görə, Acapaxyan bir nəfərin məhkəmə çəkişməsində nəticəni dəyişdirmək üçün 20 min dollar “vasitəçi rüşvəti” ötürülməsində rol oynayıb. Lakin kilsə bu hadisəyə tamam fərqli baxır.
Ermənistan Apostol Kilsəsi Acapaxyanın həbsi ilə bağlı bəyanat yayaraq onun hüquqlarının pozulduğunu və bu addımın siyasi motivli olduğunu bildirib. Qalstanyan isə bunu birbaşa “kilsəyə qarşı təzyiq” kimi qiymətləndirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsə icmasının və mülki vətəndaşların məhkəmə qarşısına toplaşaraq “Acapaxyan azadlığa buraxılsın!” şüarları səsləndirməsi, bu məsələnin cəmiyyətdə nə qədər geniş rezonans doğurduğunu sübut edir.
Ermənistan tarixində Apostol Kilsəsi hər zaman sadəcə dini yox, həm də milli kimlik və siyasi simvol kimi çıxış edib. SSRİ dövründə belə, gizli şəkildə mövcudluğunu qoruyub saxlayan kilsə, müstəqillikdən sonra daha da gücləndi. Lakin Paşinyanın 2018-ci il “məxməri inqilabı” ilə başlayan islahatlar dalğası təkcə oliqarxları deyil, kilsəni də narahat etməyə başladı.
Paşinyan hökumətinin Qərbə inteqrasiya yönümlü siyasəti, ənənəvi institutları, xüsusilə də Rusiya ilə sıx bağlı olan kilsəni ictimai və siyasi diskursdan kənarlaşdırmağa çalışdı. Qalstanyan və Acapaxyanın son addımları isə bu təcrid cəhdinə qarşı müqavimət forması kimi qiymətləndirilə bilər.
Beləliklə, Ermənistanda qarşı-qarşıya duran qüvvələrin sosial-siyasi dəstək xəritəsini təqdim edək:
Qalstanyanın sosial dayaqları:
Tavuş və Şirak kimi sərhəd bölgələrinin əhalisi;
Kilsəyə bağlı mühafizəkar təbəqələr;
Rusiya yönümlü siyasi partiyalar və ictimai fəallar;
Qarabağ müharibəsində iştirak etmiş keçmiş hərbçilər və onların ailələri;
Nikol Paşinyanı “torpaq satan” və “xain” kimi qələmə verən ictimai çevrələr.
Paşinyanın dəstəyi isə əsasən bu kateqoriyalara söykənir:
Şəhərli, Qərbyönlü gənclik;
İT sektoru və yeni iqtisadi sinif;
Ermənistanın beynəlxalq tərəfdaşları – xüsusən Avropa İttifaqı və ABŞ;
Qarabağ məsələsində kompromisə getməyi zəruri sayan orta sinif.
Bu qarşıdurmanın paradoksu ondadır ki, bir tərəfdə dini liderin başçılığı altında anti-dövlət ritorikası gedir, digər tərəfdə isə dünyəvi hökumət kilsə institutuna qarşı sərt tədbirlər görmək məcburiyyətində qalır.
Bəs Ermənistanda davam edən dövlət-kilsə qarşıdurmasının səbəbləri və perspektivi barədə ekspertər nə düşünürlər?
Ermənistan Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Stefan Safaryan:
“Bu gün Ermənistan sadəcə siyasi böhranla deyil, identiklik böhranı ilə üz-üzədir. Paşinyan hökuməti Qərbə inteqrasiyanı seçdi, kilsə isə hələ də Rusiya-ortodoks modelinə bağlıdır. Qalstanyan bu gərginliyin dini simvoluna çevrildi. Onun siyasi səhnəyə çıxışı təsadüfi deyil, sistemli sosial narazılığın təzahürüdür”.
Beynəlxalq jurnalist və Cənubi Qafqaz üzrə analitik Lara Setrakyan:
“Ermənistanda dini liderlərin siyasi prosesə bu qədər aktiv müdaxiləsi müasir demokratiyalar üçün risklidir. Lakin bu, Ermənistanın keçid cəmiyyətində dövlət institutlarına olan inamsızlığın nəticəsidir. İnsanlar orduya və kilsəyə, hökumətdən daha çox güvənirlər”.
Sabiq millət vəkili, siyasi şərhçi Vardan Xaçatryan:
“Paşinyan düşünür ki, kilsənin nüfuzunu qırmaqla siyasi meydanı təmizləyə bilər. Amma bu, daha böyük parçalanmalara yol aça bilər. Ermənistan tarixində ilk dəfədir ki, dövlətlə dini institut bu qədər açıq qarşıdurmaya gedir. Bu, nə Qalstanyan üçün asan olacaq, nə də Paşinyan üçün”.
Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan: “Ermənistan siyasi mənzərəsi dəyişir: Qərbyönümlü, liberal şəhər elitası ilə mühafizəkar, rusiyayönlü kilsə və kənd təbəqəsi arasında açıq qarşıdurma yaranıb. Bu sadəcə Qalstanyan-Paşinyan qarşıdurması deyil. Bu, Ermənistanın gələcək yolunun müəyyənləşməsi uğrunda mübarizədir”.
“Karnegi” Mərkəzinin analtiki Tomas de Waal:
“Ermənistanda baş verənlər postsovet məkanında unikal hadisədir. Kilsənin siyasi meydanda belə güclü rol oynaması, regionda demokratiya ilə dini legitimlik arasında ziddiyyətlərin kəskin formasıdır. Bu qarşıdurma Ermənistanın Qərb və Rusiya arasında balansını da dəyişə bilər”.
Beləliklə, ekspertlərin də qeyd etdiyi kimi Acapaxyanın həbsi ilə başlayan son mərhələ, Ermənistanın siyasi gələcəyi üçün bir dönüş nöqtəsinə çevrilə bilər. Əgər hökumət bu məsələni güc tətbiqi ilə həll etməyə çalışsa, bu, cəmiyyətdə parçalanmanı daha da dərinləşdirə bilər. Əks halda, Qalstanyan və onun kimi dini fiqurların siyasi sahəyə daxil olması ölkənin demokratik strukturuna zərbə vura bilər.
Paşinyan üçün məsələ yalnız Qalstanyana qarşı mübarizə deyil – söhbət, həm də Ermənistanın gələcək geosiyasi kursunun kim tərəfindən müəyyən olunacağından gedir: dünyəvi, Qərbyönlü Paşinyan, yoxsa milli-dini simvollara söykənən Qalstanyan?
Hazırda Ermənistan cəmiyyəti bu sual ətrafında bölünməkdədir və qarşıdakı aylar bu qarşıdurmanın hansı istiqamətə gedəcəyini müəyyən edəcək.
Pressklub.az