Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin RT telekanalına verdiyi son müsahibədə Qarabağı “mübahisəli ərazi” adlandırması Bakı tərəfindən dərhal və sərt cavabla qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bu ifadəni yolverilməz və Rusiya-Azərbaycan münasibətlərinə zərər vura biləcək bəyanat kimi dəyərləndirib.
Vladimir Medinski müsahibəsində Ukrayna müharibəsi kontekstində danışarkən deyib: “Biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək”.
Bu ifadə dolayısı ilə sanki Qarabağ münaqişəsinin hələ də beynəlxalq və ya regional mübahisə predmeti olduğuna eyham vurur etdirir və Azərbaycanın suverenliyinə dolaylı şəkildə kölgə salmağa cəhd edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Medinskinin bu bəyanatı nə beynəlxalq hüquqa, nə də Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlmir. O, xatırladıb ki, Rusiya dəfələrlə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib və Medinskinin dedikləri onun səlahiyyətlərini aşan, yanlış və zərərli açıqlamalardır.
A.Hacızadənin sözlərinə görə, Vladimir Medinski Ukrayna müharibəsini Qarabağla müqayisə edərək, səhv yanaşma sərgiləyir. Azərbaycan heç vaxt başqa ölkənin ərazi bütövlüyünü pozmayıb və işğalçı siyasət yürütməyib, əksinə, 2020 və 2023-cü illərdə öz ərazisində antiterror və vətən müharibəsi aparıb.
XİN-in sözügedən bəyanatından sonra Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova da açıqlama verib. O bildirib ki, Rusiya Qarabağı Azərbaycan torpağı kimi tanıyır.
Xatırladaq ki, 2020-ci ildə Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmişdi. Lakin Bakı, Moskvanın təkidlərinə baxmayaraq, onların statusu və səlahiyyətlərini tənzimləyən rəsmi sənəd heç vaxt imzalamadı. Ermənistan 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından qısa müddət sonra Qarabağın Azərbaycanın tərkibində olmaqla ərazi bütövlüyünü və suverenliyini tanıdı. Bu, Kremli bərk qəzəbləndirdi və Paşinyan hökumətinə qarşı ittihamların əsasını təşkil etdi.
Bundan sonra Kremlin bütün diplomatik çabalarına rəğmən Bakı sülhməramlıların ölkə ərazisindən çıxarılmasını təkid etdi və nəhayət, 2024-cü ilin aprelində Qarabağdakı hərbi kontingent Azərbaycanı tərk etməyə başladı.
Kreml, nəhayət, bəyan etdi ki, Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb, ona görə, sülhməramlıların qalmasına ehtiyac yoxdur. Bu, Moskvadan gələn rəsmi, institusional mövqedir.
Bu kontekstdə Medinskinin bəyanatı rəsmi Moskvanın siyasəti ilə ziddiyyət təşkil edir və Azərbaycanın gözündə onu ya məsuliyyətsiz ritorika sahibi, ya da bilərəkdən gərginlik yaradan şəxs kimi təqdim edir. Bununla belə, Mediniskinin Ukraynanın işğal olunmuş əraziləri ilə Qarabağın işğalı arasında paralellər aparması Kremlin postsovet məkanında yürütdüyü siyasətin mahiyyətinə işıq salır:
Vaxtı ilə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar de-fakto Rusiya tərəfindən işğal olunmuşdu. Bu gün Ukraynada eyni proses gedir, sadəcə Rusiyanın əlində ermənilər kimi vasitə yoxdur, Ukraynanın rusdilli əhalisindən istifadə etmək cəhdləri işğal faktını ört-basdır edə bilmədi;
Azərbaycanın Qarabağı işğaldan azad etməsi və Rusiyanın nəzarətindən çıxarması, üstəlik "sülhməramlıları" öz ölkələrinə göndərməsi Rusiyanı bərk incidib. Rəsmi bəyanatlarda “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” cümlələri işlədilsə də, Moskva bu hadisəni Cənubi Qafqazdakı mövqelərinə ağır zərbə hesab edir;
Azərbaycanın NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyi və onun Cənubi Qafqazda hərbi-siyasi imkanlarını genişləndirməsi, daha konkret desək, Türkiyənin Rusiyanı bu bölgədə əvəzləməsi də Kremli ciddi narahat edir. Azərbaycana qarşı davam edən basqı siyasətinin əsas səbəblərindən biri bununla bağlıdır;
Nəhayət, Azərbaycanın Ukrayna münaqişəsində Türkiyə ilə bərabər tutduğu mövqe də "müttəfiqin" heç xoşuna gəlmir. Daha loyal mövqe əldə etmək üçün isə mövcud imkanlar yetərli deyil...
Beləliklə, Mediniskinin dedikləri Qarabağ probleminin Azərbaycanın qəti qələbəsi ilə həll olunmasının Kremlə möhkəm dərs olması anlamına gəlir.
Bu bəyanat Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?
Əvvəla, bir bəyanatla Rusiya-Azərbaycan münasibətlərində strateji böhran gözlənilmir. Ancaq bu cür açıqlamalar Bakıda Moskvanın ikili oyun oynadığına dair şübhələri dərinləşdirə bilər.
2024-cü ilin əvvəllərindən bəri Azərbaycan ictimaiyyətində və siyasi elitasında Rusiyaya qarşı narazılıq hissi artmaqdadır:
2023-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması,
9 may Qələbə paradına Prezident İlham Əliyevin qatılmaması,
Kreml mediasının Azərbaycana qarşı tənqid tonunun artması
bu mənzərənin parçalarıdır.
Medinskinin bəyanatı göstərdi ki, Azərbaycan artıq hər hansı beynəlxalq və ya regional aktorun şifahi manipulyasiyasına cavabsız qalmır. Xarici İşlər Nazirliyinin sərt tonu onu göstərir ki, Bakı üçün Qarabağ məsələsi tam bağlanıb və bu, danışıqlar mövzusu deyil. Rusiya tərəfinin bu cür fərdi və ya qeyri-rəsmi çıxışları nə qədər çox olsa, Azərbaycanla strateji tərəfdaşlıq da bir o qədər sual altına düşəcək. Hazırkı geopolitik durumda isə bu, Moskva üçün də riskli olan mövqedir.