Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması diqqətdən yayınmadı. Azərbaycan XİN Vladimir Mdeinskiyə cavab verdi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamada Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi uzun illər torpaqlarımızın işğal altında qalmasının əsas səbəblərindən biridir: “Belə açıqlmalar bir daha təsdiq edir ki, Rusiya görünən üzdə Azərbaycanın ərazilərinin bütövlüyünü dəstəkləsə də, alt planında bu münaqişənin həll olunmasına maraqlı olmayıb. Münaqişənin həll olunması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Rusiya idi. Keçmiş Qarabağ münaqişəsinin həlli, BMT TŞ-nın 4 qətnaməsinin icra edilməsi ilə məşğul olmalı olan bu qurum 28 ildə heç bir iş görmədi”.
“Təbii ki, münaqişənin uzun illər həll olunmayaraq qalmasının kökündə də Minsk qrupunun həmsədrlərinin bu münaqişəni həll olunmasında maraqlı olmaması dayanırdı. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 gündə özünün suverən ərazilərini işğaldan azad etdi və 20 sentyabr 2023-cü ildə Qarabağda erməni separatçılığının kökünü kəsdi. İndi görünən odur ki, Rusiyanın bəzi dairələri məsələni bu formada həll etməyimizi arzulamayıblar və ərazilərimizdə separatçılıq yuvasını əbədi saxlamaqla, sonu görünməyən münaqişəli vəziyyətin davam etməsini istəyiblər”-deyən deputat hesab edir ki, XİN sözçüsünün məsələyə münasibəti və verdiyi cavab Rusiyanın müəyyən dairələrində müzakirə olunacaq.
Azər Badamov qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə çalışır: “Amma münasibətlər ikitərəfli şəkildə və qarşılıqlı hörmət əsasında davam etməlidir. Bu baxımdan dövlətlərin rəsmi şəxsləri öz ifadələrinə diqqət etməli və qonşuluq münasibətlərinə xələl gətirəcək ifadələrdən çəkinməlidir”.