
2022-ci ilin mart ayında Ukraynada müharibədən reportajlar hazırlayırdım. Nikolayev şəhərindəki postda əsgərlərdən biri müsahibə təklifimə razılıq verdi və suallarımdan birinə cavabında: “Azərbaycan Rusiyanı məğlub etdi, biz də edəcəyik,” - dedi. Buna bənzər sözləri Odessada da eşitmişdim. Orada da insanlar, əsasən yaşlı nəslin nümayəndələri “Rusiya üzərindəki qələbəmizdən” danışırdılar. Nə üçün belə düşündüklərini soruşanda, Qafqazdakı bütün pisliklərin günahkarının həmişə Rusiya olduğunu deyirdilər.
Rusiya-Ukrayna müharibəsi mövzusu bir müddətdir ki, yenidən gündəmə qayıdıb, digər məsələləri üstələyib. Hazırda başda ABŞ olmaqla, bütün Qərb tərəflər arasında sülhə çalışır. Məqsəd birdir, vasitələr isə fərqli, çünki hərə sülhü bir cür görür. Amma bu dəfə Donald Tramp daha qətiyyətli davranır. O, əvvəl söz verdiyi kimi, 24 saat ərzində başa çatdıra bilmədiyi müharibəni indi yeni prezidentliyinin ilk 100 günündə dayandırmaq istəyir. Vladimir Putin ötən ildən danışıqlar variantını istisna etmirdi, amma Bayden administrasiyası onunla əlaqəyə getmirdi. Tramp isə sələfinin tam əksinə, dərhal Putinlə danışıqlara başladı.
Son üç ildə ABŞ və Avropa Ukraynaya hərbi, siyasi, iqtisadi, humanitar dəstək göstərdi. Hətta Bayden prezidentliyinin son günlərində Ukraynaya Rusiya ərazisini ABŞ raketləri ilə vurmaq icazəsi verdi. Nəticə qısamüddətli oldu. Proses dayandı və indi danışıqlar formatı intensiv müzakirə olunur.
Azərbaycan danışıqlar prosesinə 28 ilini sərf etdi. İndi Ukraynanı da buna bənzər aqibət gözləyirmi?
Regional təhlükəsizlik və beynəlxalq güc balansı kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı da mühüm suallar ortaya çıxır.
Trampın gündəliyində hələ ki, belə məsələ yoxdur. Avropalılar özləri də Trampın gətirdiyi məlum siyasəti həzm etməklə məşğuldurlar. Bu qeyri-müəyyənlik Cənubi Qafqaz regionunda gedən proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə dair sualları daha da artırır. Ermənistan və Azərbaycanın münasibətləri yaxın gələcəkdə hansı məcraya yönələcək? Sülh prosesi davam edəcək, yoxsa yeni maneələrlə üzləşəcək? Avropa İttifaqı Trampa qarşı çıxarsa, ya da ona uyğunlaşmağa çalışarsa, onun Cənubi Qafqaz siyasəti necə olacaq?
Rusiyanın Ukrayna müharibəsini dayandırcağı təqdirdə, diqqətini bu bölgəyə yönəldə biləcəyini nəzərə alsaq, rəsmi Moskvanın baxışlarında hansı dəyişikliklər olacaq?
Ümumiyyətlə, bu region Trampın yadına nə vaxt düşəcək?
Ukrayna məsələsində ABŞ və Avropa arasında ziddiyyətlər dərinləşir. ABŞ Ukraynanı NATO-da görmür və onun işğal olunmuş ərazilərinin geri qaytarılmasını ən azı yaxın mərhələdə mümkün hesab etmir. Bu da Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. ABŞ məsələyə qlobal təhlükəsizlik, Avropa isə regional sabitlik kontekstində baxır. ABŞ-nın müharibədən sonra Ukraynaya təhlükəsizlik təminatı da Avropada ciddi qarşılıq görmür. Belə ki, Avropa liderləri heç özlərini təhlükəsizlikdə hiss etmirlər, çünki Tramp-Putin sövdələşməsinin qoca qitəyə yaratdığı perspektivdən əmin deyillər.
Bu, Avropa İttifaqı ilə Tramp administrasiyası arasında ilk qarşıdurma deyil. Onun birinci prezidentliyi dövründə Avropa İttifaqı öz ordusunu yaratmaq planları qururdu. O zaman əsas təhlükə kimi beynəlxalq terrorizm göstərilirdi, hətta Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə və Donbasda möhkəmlənməsinə baxmayaraq, hələ Moskvanın adı çəkilmirdi.
Bu dəfə isə ordu quruculuğu təklifini Ukrayna prezidenti Volodimir Zelenski səsləndirdi – “bizim NATO-muz” formatında.
***
Tramp administrasiyasının Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir. Rəsmi Vaşinqton hələ heç Azərbaycana səfir də təyin etməyib. Görünən budur ki, Avropa İttifaqı da müəyyən müddət əsas diqqətini, bir tərəfdən, özünün, digər tərəfdən, Ukraynanın təhlükəsizliyi mövzusuna yönəldəcək. Bu, Yerevan və Bakıya əlavə imkanlar yarada bilərmi?
Demarkasiya prosesi vasitəçilər olmadan aparılır və ciddi fikir ayrılığı üzə çıxmayıb. Bu, regional aktorların daha müstəqil qərarlar qəbul etməsi və Cənubi Qafqazda daha praqmatik və yerli səviyyədə həll yollarının tapılması üçün əlverişli zəmin formalaşdırır. Zənnimizcə, hazırkı geosiyasi vəziyyət regionda yeni imkanlar yaradır. Tərəflər vasitəçilər olmadan birbaşa dialoqu genişləndirməklə prosesi sürətləndirə bilərlər.
Eyni zamanda, iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və diplomatik təşəbbüslər baxımından dövlətlər bu fürsətlərdən istifadə edə bilərlər. Məsələn, Azərbaycan enerji ixracatında fəallaşa, Ermənistan isə regional iqtisadi təşəbbüslərə daha aktiv qoşula bilər. Azərbaycan, Ermənistanla sərhəddə Avropa İttifaqından olan müşahidəçilərin varlığından narahatdır və bunu ən yüksək səviyyələrdə bəyan edib. Həmin missiyasının mandatı daha iki il uzadıldı. Ermənistan ehtiyat etdiyi sərhəd toqquşmalarından sığortalanmaq üçün birbaşa Azərbaycanla kommunikasiya kanalları yarada bilər ki, bu da etimad quruculuğu istiqamətində növbəti addım olar.
Beləliklə, hazırda regional aktorlar üçün əsas çağırış – sülh prosesini davam etdirmək və iqtisadi-siyasi sabitliyi möhkəmləndirməkdir. Cənubi Qafqazda sülh və təhlükəsizlik mövzusunda atılacaq addımlar həm regional, həm də qlobal səviyyədə əhəmiyyətli nəticələr doğura bilər. Vasitəçilərin rolu azaldıqca, tərəflərin öz təşəbbüsləri ilə problemi həll etmək bacarığı daha çox ön plana çıxa bilər. Belə şəraitdə region ölkələrinin strateji qərarlar qəbul etməsi kritik əhəmiyyət kəsb edir.
Müəllif: Seymur Kazımov - pressklub.az