
İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörək (keks) istehlaka yararsız olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.
Həmçinin İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlanıb. Fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.
Bəs hazırda marketlərdə, bazarlarda İran məhsulları kifayət qədərdir. Onların keyfiyyətinə nə dərəcədə güvənmək olar? Əlavə hansı addımlar atılmalıdır?
Məlumat üçün bildirək ki, GMO məhsullar yetişdirilərkən müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Yəni məhsula ona yad olan orqanizmlərdən genlər köçürülür. Hazırda 100-dən çox kənd təsərrüfatı bitkilərinin genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Belə ərzaq məhsulları isə sonsuzluq, habelə xərçəng, böyrək çatışmazlığı, qanazlığı kimi qorxulu xəstəliklər yaradır, immun sistemini məhv edir.
İrandan başqa, dünyada GMO məhsulların istehsalçıları var ki, onlardan biri Braziliyadır. Bu ölkədən soya, qarğıdalı və pambıq kimi GMO məhsulları idxal edilir. Braziliya GMO məhsullarını geniş miqyasda istehsal edir və bu məhsullar dünya bazarlarına ixrac olunur. ABŞ-də də GMO məhsullarının istehsalı geniş yayılıb. Bu ölkədən Azərbaycanın bazarına GMO qarğıdalı, soya, kartof və digər məhsullar idxal edildiyini deyənlər var. Argentina da GMO məhsullarını istehsal edən əsas ölkələrdən biridir. Bu ölkədən GMO soya və qarğıdalı məhsulları ölkələrə idxal edilir. Kanada da GMO soya və qarğıdalı istehsal edən ölkələrdən biridir.
Azərbaycanda GMO məhsullarının idxalı mövcud olsa da, qanunvericilik bu məsələyə nəzarət etmək üçün müəyyən tələblər qoyub. Məsələn, bu məhsulların etiketlənməsi tələb olunur və istehlakçılara məhsulun GMO olub-olmaması barədə məlumat verilməlidir. Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO məhsullarının idxalını və satışını izləyir və uyğun olmayan məhsulların bazara buraxılmasının qarşısını alır.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirini bölüşüb: “İllərdir ki, İrandan Azərbaycana gətirilən yoxlanması zəruri olan ayrı-ayrı məhsul növləri ilə bağlı məsələləri qaldırmışıq. İllər öncə İrandan gətirilən bitkiçilik məhsullarının genetik modifikasiyaya uğraması ilə bağlı fikirlər yaymışıq. Təəssüf ki, genetik modifikasiya ilə bağlı məsələ Allahın iradəsinə zidd olsa da, İranda bu işlər aparılır və onlar bunu yüksək texnologiya əsasında həyata keçirməkləri ilə fəxr edirlər. İrandan gətirilən iri ölçülü kartoflar, badımcanlar, tumu olmayan bibərlər, eləcə də toxumsuz qarpızlar genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsullarıdır. Bunlar ətraflı araşdırılmalıdır. Qeyd edim ki, AQTA qidanın təhlükəsizliyini təmin etməyə çalışır. Amma nə rus, nə ingilis, nə də Azərbaycan ədəbiyyatında ”təhlükəsiz qida" nədir, bu suala cavab tapa bilməzsiniz. Ancaq qida təhlükəsizliyi sisteminin izahını tapa bilərsiniz. Yəni, qida zəncirinin bütün mərhələlərində insan həyatı üçün təhlükə törədən elementlərin olub-olmaması məsələsini araşdıra bilərsiniz. AQTA qidanın təhlükəsizliyini təmin edir, lakin keyfiyyət məsələsini təmin etmir. Təhlükəsiz qida belə keyfiyyətsiz ola bilər. Keyfiyyətsiz qida isə insanları, necə deyərlər, apteklərə və həkimlərə möhtac qoyar. Keyfiyyətsiz qida insan ömrünü qısaldar, insanları xəstəliklərə düçar edər. AQTA -nın bu sahədəki fəaliyyəti çox əhəmiyyətlidir. AQTA yalnız malların adını müəyyənləşdirməklə kifayətlənməməli, həm də partiyaları qeyd etməli, hansı mağazalarda satıldığını açıqlamalıdır ki, vəziyyət tam şəkildə aşkar olsun. Bu işlər mütəmadi olaraq aparılmalıdır".
Ekspert əlavə edib ki, AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır: “Onlar öncədən xəbər vermədən yoxlama aparmaq imkanına malik olmalıdırlar. Təəssüf ki, belə bir imkanları yoxdur. Azərbaycan hökuməti biznes qurumları üçün toxunulmaz şərait yaradıb və qida sektorunda fəaliyyət göstərənlər isbu toxunulmazlıqdan sui-istifadə edərək istehlakçılara təhlükəli qidalar, o cümlədən İrandan gətirilən məhsulları satırlar. İllər boyu İrandan idxal olunan qidalarla bağlı ən ciddi problem məhsulların Azərbaycan dilində markalanmaması olub. Hətta buraxılma tarixi və yararlılıq müddəti kimi çox mühüm göstəricilər fars dilində yazılıb. Çox yaxşı haldır ki, hazırda İqtisadiyyat Nazirliyi yanında, Standartlaşdırma İnstitutunda qida məhsullarının markalanması standartı müzakirə olunur. Mən də ora təkliflər vermişəm. Bu standartlar qəbul edilərək hüquqi qüvvəyə mindikdən sonra markalanma işində də dəyişikliklər baş verəcək. Əgər bu standartlar təsdiqlənsə, məhsulun tərkibində genetik modifikasiya olunmuş elementlərin olub-olmaması etiketdə göstəriləcək. Çox sevindirici haldır ki, üç gün öncə Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı sərəncam imzaladı. Həmin sərəncama əsasən, təhlükəli qida istehsal edən və ya satış məqsədilə istehsal edən şəxslər 10 ilə qədər həbs oluna bilərlər. Bunu həm qida istehsalı ilə məşğul olanlar, həm də idxalçılar bilməlidirlər ki, belə bir cəza dəyişikliyi var”.