“Qazaxıstanın baş nazirin müavini Kanat Bozumbayev Azərbaycan təyyarəsinin qəzasını araşdırmaq üçün Qazaxıstan komissiyasına heç bir təzyiq olmadığını bildirdi. Lakin görünür, vəziyyət o qədər də sadə deyil. Bunu Azərbaycan rəhbərliyinin ritorikasından da görmək mümkündür”.
Globalinfo.az xəbər verir ki, bu sözləri qazaxıstanlı siyasi müşahidəçi Qaziz Abışev Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin “qara qutularının” Braziliyanın CENIPA şirkətinə verilməsi ilə bağlı “Tenqrinyus”a danışarkən deyib.
Onun fikrincə, Bakı ilə Moskva arasında qarşılıqlı anlaşma olsaydı, vəziyyət bu yerə gəlməzdi:
“Çox güman ki, Qazaxıstanı hər hansı güzəştə getməyə məcbur etmək üçün ona müvafiq siyasi təzyiqlər edilir. Onu da nəzərə alın ki, Rusiya “qara qutuların” MDB-nin Beynəlxalq Aviasiya Komitəsinə (İAC) verilməsi ideyasını fəal şəkildə irəli sürüb. Belə bir vəziyyətdə Qazaxıstan rəhbərliyinin qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliyanın CENIPA şirkətinə təhvil verilməsi qərarı təzyiqlərin neytrallaşdırılması və şifrənin qərəzsiz, ədalətli açılması, dünya ictimaiyyətində etimadın yüksəldilməsi baxımından olduqca prinsipial addımdır. Görünür, prezidentlər Əliyev və Putinlə danışmağa müvəffəq olan, Rusiya ilə Azərbaycan arasındakı hazırkı mübahisədə qərəzsiz vasitəçi kimi çıxış edən və obyektiv araşdırmanın məsuliyyətini üzərinə götürən Qazaxıstan Prezidenti Tokayev belə qənaətə gəlib ki, bu, ən optimal variantdır. Tokayevin bu addımı tərəflər və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarəmiz Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya Prezidenti Vladimir Putin isə 28 dekabrda Prezident İlham Əliyevə zəng edərək, hadisənin Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Xatırladaq ki, 29 dekabrda Putin təkrar İlham Əliyevə zəng edib və bu mövzunun müzakirəsini davam etdirib.