Məhkəmə hakimi Vergi Xidmətinə `pas ötürsə` də... - İLGİNC FAKT
Tarix: 2-01-2025, 09:08 |
Çap et
"Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov binanı qanunsuz idarə edən iki şirkətin (qanuna görə binanı yalnız bir şirkət idarə edə bilər) əslində bir şirkət olduğu barədə qətnamə qəbul edib. Çünki şirkətin sahibləri, rəhbəri, ünvanı və işçiləri eynidir. Faktiki olaraq hakim deyir ki, 1+1=1! Elə bilirsiz ki, şirkətlərə kömək etmək və qanunsuz fəaliyyətlərini leqallaşdırmaq üçün bunu edib hakim? Xeyr!" "DİA-AZ xəbər verir ki, bu ilginc açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.
O daha sonra əlavə edib: "Heç bizim hakimlər belə qanunsuzluq edərmi? Əslində, şirkətlərin vergidən yayınmalarını üzə çıxarmaq üçün edib bunu. Çünki bir fəaliyyəti iki yerə ona görə bölüblər ki, hər birinin illik dövriyyəsi 200000 manatı ötməsin və ƏDV ödəyiciləri olmasınlar. Hakim də öz riyazi ixtirası ilə vergi orqanına mesaj ötürüb ki, bu şirkətlər vergidən yayınır, əslində bir şirkətdir bu, get onları məsuliyyətə cəlb edir. Amma nə halətdirsə, vergi orqanı 9 aydır ki, bu şirkətlərə qarşı heç bir tədbir görmür. Başqası olsaydı, çoxdan yolub buraxmışdılar. Hər bir halda hakimin kreativliyi təqdirəlayiqdir. Ümid edək ki, Ramin müəllim yeni ildə də bizi elmi kəşfləri ilə sevindirəcək..."