"COP 29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu".
Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”.
Siyasi şərhçi Aydın Quliyev də hesab edir ki, Azərbaycana qarşı ayrıseçkilik və qaralama kampaniyasının nə vaxt bitəcəyi ilə bağlı sualların cavabı nisbətən konkretləşməyə başlayır. Ekpert "Sherg.az" a açıqlamasında deyib ki, qarşıdakı günlərdə bu siyasət yekunlaşa, ən azı səngiyə, ya da formasını dəyişə bilər:
"Bilirsiniz ki, bu kampaniyanı konkret dövlətlər və həmin dövlətlərin siyasi elitaları başladıblar. Qalibiyyətli Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra daha açıq şəkil almış kampaniya COP 29 hazırlıqlarına start verilən kimi daha intensiv şəkil aldı. Bəzən elə təsəvvür yaranırdı ki, bu dövlətlərin rəhbər şəxsləri COP- un Azərbaycanda keçirilməsi barədə beynəlxalq qərarın dəyişdiriləcəyinə inanır və bunun üçün də ciddi cəhdlə bizi qaralamağa can atırdılar. Düzdür, həmin mərhələdə müəyyən qədər vaxtımızı, enerjimizi, resurslarımızı aldılar, lakin istədikləri nəticəni ala bilmədilər. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində toxunduğu məsələ də bundan ibarətdir ki, konkret dövlətlərin və şəxslərin mövqeyində müasir dünya və region reallıqlarına uyğun olaraq dəyişikliklər baş versə, əks- kampaniyalar azala və sıradan çıxa bilər".
A. Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev kampaniyaların bitəcəyi son müddət olaraq yanvarın sonlarından danışmaqla konkret mətləblərə söykənib: "Bildiyiniz kimi bu il yanvarın 20- də ABŞ- nin seçilmiş yeni prezidenti D.Tramp rəsmən fəaliyyətə başlayacaq. Gözləntilər çoxdur və bir sıra anonslar verilib. Anonsu verilmiş bütün məsələlərin Tramp tərəfindən icra ediləcəyini iddia etmək üçün çox tezdir. Ancaq onun vəd etdiyi məsələlərin ümumi istiqamətinə uyğun siyasət aparması da bizim üçün kifayətdir. Əgər belə etsə, ABŞ tarixinə " öz doktrinası" ilə düşən növbəti prezident ola bilər. Dövlətlərin daxili işlərinə müdaxilədən, müxtəlif regionlarda münaqişələri qızışdırmaqdan, Amerikanın dövlət siyasətini bəzi məlum diaspor- lobbi qruplarının mənafelərinə qurban verməkdən geri dursa, hər şeyi sırf Amerikanın öz dövlət - milli təhlükəsizlik prinsipləri üstündə qursa , bu elə yeni prezident doktrinası olacaq. Bu zaman ABŞ-nin müxtəlif ölkələri , məsələn Fransanı, Almaniyanı, Hollandiyanı və digərlərini Azərbaycanın əleyhinə yönəltməsi kimi ziyanlı faktlar da aradan qalxmış olar. Fransa kimi alətə çevrilmiş ölkələr də resurslarını öz daxili problemlərinin həllinə yönəltməklə bir ildə azı 4 dəfə hökumət dəyişmək kimi rüsvayçılıqdan can qurtara bilərlər. Avropanın bir sıra ölkələrini, eləcə də Kanadanı Azərbaycanın üstünə qışqırdan qüvvənin Bayden Administrasiyası olduğu hər kəsə bəlli olan məsələdir. Demək, hökumətin xarakteri dəyişsə, onun Azərbaycan əleyhinə " alət,maşa dövlətlər" saxlamasına ehtiyac da qalmaz".
Siyasi şərhçi onu da qeyd edib ki, birinci dönəm prezidentliyi dövründə Trampın bəzi yanaşmaları onun ABŞ tarixində yeni "prezident doktrinası" yarada biləcəyi ehtimalını gücləndirir: "Konkret olaraq, Tramp 2016- 2020- ci il aralığındakı ilk prezidentlik dönəmində yeni münaqişə və müharibə ocaqları yaratmadı, Azərbaycan kimi ölkələrin daxili işlərinə kobud müdaxilə etmədi, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik müharibə haqqına əməli olaraq heç bir maneçilik törətmədi və s. Yeni dönəmdə Trampın artıq özünü doğrultmuş keçmiş siyasət kursunu sadəcə davam etdirməsi yetər ki, dünyada bir sıra mütərəqqi tendensiyalarla bərabər, həm də onun şahidi olaq ki, Azərbaycan dünyada ayrıseçkiliyin hədəfi olmasın. Prezident İlham Əliyevin də "yanvarın sonlarında Azərbaycana qarşı kampaniyalar bitə bilər" fikri bu nöqteyi-nəzərdən əsaslıdır. Zənnimcə, real nəticə üçün gözləmə dəyər".