Bakıda idmançıların davası ilə bağlı daha bir nəfər tutulub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə kütləvi davanın daha bir iştirakçısı - Musa Əhmədov müəyyən edilərək saxlanılıb.
***
saat 18.29
Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
"DİA-AZ"ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.
Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır.
O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.
***
saat 10.43
İdmançıların həbsinin təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, adıçəkilən idmançılar başqa bir idmançını döyüblər.
Döyülən idmançı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
***
saat 10:30
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən "DİA-AZ"a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.