“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Rusiya-Ukrayna müharibəsi, daha dəqiq desək, Rusiyanın Ukraynaya hərbi təcavüzü kontekstində, Kreml “nüvə dəyənəyi”ni dəfələrlə sağa-sola yelləyərək haqlı olduğu arqumenti kimi nümayiş etdirib. Təbii ki, bütün beynəlxalq hüquq normalarının öz qüvvəsini və əhəmiyyətini itirdiyi, hətta BMT Təhlükəsizlik Şurası kimi, guya nüfuzlu strukturun qətnamələrinə Ermənistan tərəfindən 30 ilə yaxın həyasızcasına məhəl qoyulmadığı bir şəraitdə, Rusiyanın təcavüzü kifayət qədər proqnozlaşdırıla bilərdi.
Razılaşın ki, Ermənistan kimi beynəlxalq aləmdə onilliklər ərzində belə bir “böcək” dünya birliyinin xeyir-duası ilə təcavüzkar imicindən yaxa qurtara bilibsə, Rusiya kimi planetar miqyasda geosiyasət “mastodonu” nə üçün dünya birliyinin bu lütfündən istifadə etməsin?
Bu gün dünya dövlətlərinin liderləri Kiyevin ədalətli mövqeyinin maraqlarını müdafiə etmək üçün nə qədər köynəklərini cırsalar da, kökləri ötən əsrin 90-cı illərinə gedib çıxan günahlarını qəbul etməli və etiraf etməlidirlər. Daha doğrusu, Ermənistan-Azərbaycan münaqişəsinin qızğın vaxtlarına.
O zaman da, bu gün də Ermənistanın Azərbaycana qarşı təcavüzkar mövqeyini dəstəkləməklə faktiki olaraq Rusiya Federasiyasının Ukraynaya qarşı indiki işğalçılıq siyasətinə zəmin hazırladılar. Bu gün Ukraynada müşahidə etdiyimiz qlobal fəlakətin mənbəyi məhz Ermənistanın təcavüzü idi.
Yəni, bu müharibədə hamı günahkar kimi görünür, amma əslində heç kimin günahı yoxdur kimi də. Baxmayaraq ki, yox, yenə də Qərb günahkardır. Üstəlik, Qərbin təqsirindən nüvə silahı “iyi” gəlir.
Gəlin əsassız olmayaq və Rusiyanın xarici işlər naziri Sergey Lavrovu dinləyək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişində deyib: “Yalnız Qərb nüvə müharibəsinə imkan verən ssenarilərdən danışır. Biz heç vaxt nüvə silahı ilə nə edəcəyimiz və onlardan istifadə oluna biləcəyi ilə bağlı müzakirələrə başlamamışıq”.
“Əksinə, məhz Rusiyanın təşəbbüsü ilə 2021-ci ildə əvvəlcə Putin və Bayden səviyyəsində, sonra isə bütün BMT Təhlükəsizlik Şurasının beşliyi nüvə dövlətinin – daimi üzvlərinin liderləri səviyyəsində “Qorbaçov-Reyqan düsturu” təkrarlandı ki, nüvə müharibəsində qalib ola bilməz, ona görə də heç vaxt başlamamalıdır. Bu da Rusiyanın təşəbbüsü idi. Nüvə müharibəsi variantlarına icazə verilən bütün digər təşəbbüslər, bu tipli bəyanatlar eksklüziv olaraq Qərb paytaxtlarından eşidilib”, - deyə Lavrov bildirib.
Düzünü desəm, öz rəhbərinin açıqlamalarına diqqətlə əməl etməyən Lavrovun yerinə bir az “ispan utancı” hiss etdim. Amma bu utancın öhdəsindən gələrək sizə müəyyən nüansları xatırladacağam.
Putinin çıxışlarından bəzi fraqmentləri təqdim edirik:
“Kreml Rusiya ərazisinə kütləvi raket buraxılışı, təyyarə və ya dron hücumunun başlanğıcını aşkar edərsə, nüvə silahından istifadə imkanını da nəzərdən keçirə bilər”;
“Biz hava hücumu silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi ilə bağlı etibarlı məlumat alsaq, bu ehtimalı nəzərdən keçirəcəyik”;
“Rusiya və ya Belarus təcavüzün hədəfinə çevrilərsə, o cümlədən adi silahlardan istifadə etməklə, Moskva nüvə silahından istifadə etmək hüququnu da özündə saxlayır”.
Belə görünür ki, Rusiya köhnələn və “yonulmuş qələm”ə çevrilən “nüvə dəyənəyi” ilə öyünməkdən o yana keçə bilməyəcək. Axı, “nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq, Moskva şübhəsiz ki, “uduzmuş” vəziyyətdə olacaq.
Lavrovun bəyanatı isə ağrılı şəkildə “mən mən deyiləm... o da mənim deyil” məşhur ifadəsinə bənzəyir.
Bir sözlə, beynəlxalq hüququn toz hesab edildiyi güclülərin məntiqinə əməl etsək, Rusiya Federasiyası hər cəhətdən haqlıdır. Əgər nəsə olsa, onsuz da nüvə silahını Kremlə məhz Pentaqonun yerləşdirməsi “üzə çıxacaq”. Rusları gözdən salmaq üçün...
Ayna.az