"Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Tarix: 6-01-2025, 12:55 | Çap et
“Məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyindədir. Bu, Ədliyyə Nazirliyinin fəaliyyətinin ən vacib və ən əsas qoludur. Qanunvericilik, notariat, bələdiyyələr, azadlıqdan məhrumetmə müəssisələri və s., əlbəttə, bunlar da vacibdir. Amma ən vacibi məhkəmə qərarlarının icrasıdır, çünki istənilən cəmiyyətdə, dövlətdə qanunçuluğun, hüququn təminatının əsas institutu məhkəmədir. Məhkəmə qərar verdisə, amma bu qərar icra olunmursa, əyintilər varsa, belə məhkəmə kimə lazımdır? Məhkəmə özü üçün istənilən qərarı versin. İcrada problem varsa, təbii ki, bu pis haldır. Dəfələrlə demişəm, indi də deyirəm, Azərbaycanda icra məmuru institutu, ümumiyyətlə, hüquq-mühafizə orqanları arasında ən bərbadıdır. Halbuki bunlar formal olaraq hüquq-mühafizə orqanı sayılmırlar, amma faktiki belə bir şeydir. Bir icra məmurunun icraatında, bəlkə də, yüzlərlə iş olur, çatdırmır. Bu, tamam başqa problemdir - çatdırmır, kadr yoxdur, maaş aşağıdır. Dövlət gərək bu problemləri həll etsin”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Bəzi təkliflər var ki, özəl icra məmuru institutlarını tətbiq etsinlər. Xaricdə belə şeylər var. Fakt budur ki, məhkəmə qərarı məmura gəlir, o da baxır ki, “nə edim, "çak-çuk" var, yoxsa yoxdur?” İcra məmurlarında ən geniş yayılmış iş borc məsələləridir. Fərqi yoxdur, banka, ya vətəndaşa borc, aliment borcu. İcra məmuru baxır ki, borcu tələb edən gəlib onu "gördü", ya yox? Bəzən banklar, digər institutlar icra məmurları ilə "optavoy" qaydada işləyirlər ki, işlərimi tezləşdir. Bəzən icra məmuru işi aylarla kənara qoyur, heç nə etmir. Yaxud əksini edir - borclunu çağırır, deyir ki, istəyirsən, icranı uzadım, mənə nə verirsən? Ya da ver, get özün üçün kef elə. Kimdən pul aldısa, onun tərəfinə işləyir. Bir çox hallarda da qanunsuzluq edir. Borcu imkanı olandan tələb edir. Amma bir çox hallarda icra məmurları sorğu verir, müəyyən edirlər ki, borclunun maaşı, əmlakı, iş yeri yoxdur. Buna baxmayaraq borclunu sıxışdırmağa başlayırlar. Əvvəl məhkəməyə təqdimat verirlər ki, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulsun. Halbuki qanuna görə, bu məhdudiyyət qərəz olduğu halda qoyula bilər. Yəni şəxs borcu ödəyə bilir, amma ödəmir. Sonra məhkəməyə təqdimat verirlər ki, inzibati qaydada həbs olunsun. Sonra isə cinayət işi açdırırlar. Bununla Ədliyyə Nazirliyi məşğul olur. Halbuki şəxsin gəliri yoxdur. Belə iş qarşınıza çıxsa, 100% bilin ki, borcu tələb edən kreditor gəlib, "görüm-baxım" edib. Niyə bunu açıq-aşkar, tam məsuliyyətlə deyirəm? Çünki icra məmurlarının icraatlarında yüzlərlə bu cür iş var. Hamısını belə edirlər? Yox. Maksimum 10%-ni. Mən, hətta məhkəmələrdə icra məmuruna sual verirəm ki, digərlərini niyə belə etmirsən? Deməli, nəsə marağın var. Əksər hallarda borcu tələb edən şəxsə deyirlər ki, nə edim, borclunun yoxudur. Yoxudur, deməli, o biri tərəf gəlib bunu "görüb". Ya da pul elə kiçik məbləğ olub ki, maraqlı deyil. Bax, bütün məsələlərdə tam belə qanunsuz şeylər edirlər”, - bildirib.
Ə.Həsənovun sözlərinə görə, yalnız aliment məsələlərində başqa vəziyyət olur: “Qadın gəlir, hay-həşir salır, ora-bura şikayət edir, icra məmuru onda qorxudan məsələni həll edir. Ya pul alır, həll edir, ya da qorxudan. Məsələn, tikinti şirkətlərinə qarşı məhkəmə qərarları var, şirkət vətəndaşa binada sahə verməlidir. Məhkəmə qərarını illərlə icra etmirlər. Məndə də belə işlər var. Hətta məhkəməyə də şikayət etməyin mənası yoxdur. Məhkəməyə deyək ki, icra məmuru qərarı icra etmir? Bunun adı nədir? Ötən il fevralın sonunda Ədliyyə Nazirliyində dəyişiklik oldu. Fikrət Məmmədovun necə işlədiyini hamımız bilirdik. Yerinə gələn Fərid Əhmədovu yaxşı tanıyıram. Gözlənti böyükdür ki, dəyişiklər olacaq. Hələ də inanıram ki, dəyişiklik olacaq. Deməli, çox çətin imiş, görün ora necə bərbad gündədir ki, mən hələ qətiyyən dəyişiklik hiss etmirəm. Bu yaxınlarda məhkəmə qərar verib ki, ay icra məmuru, filan şirkətdən sənədləri al. Sentyabrda qərar verilib, icra məmuru isə qərara əməl etməyib. Yanına gedirəm, boş-boş danışır. Yasamal rayonunun İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli. Lap adını da deyirəm. Bilmirəm, tikinti şirkəti ilə nə danışıblar. Bu sahədə vəziyyət çox pisdir. Təcili köklü nəsə etmək lazımdır. Çünki bu, bütövlükdə Azərbaycanda qanunçuluğu və məhkəmə sistemini bərbad vəziyyətə aparır”.
|