Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                 

Nəcməddin Sadıqov niyə briqada komandirinin yaxasından yapışdı?
Tarix: 23-01-2015, 10:18 | Çap et
Nəcməddin Sadıqov niyə briqada komandirinin yaxasından yapışdı?
1994-cü ilin yanvarında Birinci "Murovdağ əməliyyatı"nın uğursuzluğunun səbəblərini o zaman kapitan rütbəsində 701 saylı hərbi hissənin tabor komandiri olmuş Balay Nəsibov danışır

Qarabağ müharibəsi dövründə tarixə "Murovdağ əməliyyatı" kimi düşmüş hücum planı Azərbaycanın hərb tarixinin ən müəmmalı hadisələrindən biri kimi yadda qalıb. 1994-cü ilin yanvarında "Kəlbəcər batalyonu" kimi tanınan 701 saylı hərbi hissənin həyata keçirdiyi bu döyüş əməliyyatı zamanı cəmi 3 gün ərzində Kəlbəcərin 4 kəndi işğaldan azad edilsə də, hücum planı baş tutmadı. Kəlbəcərin içərilərinə doğru sürətlə irəliləyən "Kəlbəcər batalyonu" planda nəzərdə tutulduğunun əksi olaraq, təchizat və təminatdan məhrum şəkildə köməksiz vəziyyətdə azad etdiyi yaşayış məntəqələrindən geri çəkilmək məcburiyyətində qalmışdı. Hücum zamanı bir nəfər də olsun, itki verməyən batalyonun geri qayıdarkən 24 əsgəri yolda donaraq şəhid oldu, 40-dək əsgər və zabit isə donvurmadan xəsarət alaraq xəstəxanalara yerləşdirildi.

Bu müdhiş əməliyyatdan keçən 21 il ərzində uğurla başlanan planın uğursuzluqla nəticələnməsi barədə çoxlu yazılar yazılsa da, çeşidli müzakirələr aparılsa da, uğursuzluğun səbəbləri hələ ki, ciddi şəkildə tədqiq olunmayıb. Bu səbəbdən də indiyədək "Murovdağ əməliyyatı" nə hüquqi, nə də hərbi nöqteyi-nəzərdən qiymətləndirilməyib. "Həftə içi" qəzeti Birinci "Murovdağ əməliyyatı"nın 21-ci ildönümü ərəfəsində o zaman kapitan rütbəsində 701 saylı hərbi hissənin tabor komandiri olmuş Balay Nəsibovla bu hücum planının uğusuzluğunun səbəblərini aydınlaşdırmağa çalışıb:

- Komandir, "Murovdağ əməliyyatı" necə hazırlanmışdı? Bu əməliyyat əvvəlcədən planlaşdırılmışdımı?
- Əlbəttə, əməliyyat əvvəlcədən planlaşdırılmışdı və detallarına qədər hər şey Müdafiə Nazirliyindən göndərilmiş nümayəndələrin birbaşa iştirakı ilə müzakirə olunmuşdu. Dəqiq yadımdadır, 1993-cü ilin noyabrında 701 saylı hərbi hissədə qərargah oyunu keçirildi. Yəni Kəlbəcərin azad edilməsi üçün xəritə üzərində hücum əməliyyatı üzrə hazırlıqlara başlanmışdı. O zaman Müdafiə Nazirliyinin əməliyyatçıları, o cümlədən polkovnik Əmirov da bizim hərbi hissəyə gəlmişdi. Komanda qərargah oyunu keçirən zaman batalyonlar arasında əməliyyat bölgüsü aparıldı, tağımların hansı istiqamətlərdən hücum edəcəyi tam aydın şəkildə müəyyənləşdi və müvafiq təlimatlar verildi. Yəni biz bir növ təlim keçdik. O vaxt briqadanın qərargah rəisi Eldar Həsənov (o, əvvəlcə Kəlbəcər batalyonunun komandiri olmuşdu, 1993-cü ilin sonlarında "Murovdağ əməliyyatı" hazırlanarkən qərargah rəisi idi - E.S.) dedi ki, Kəlbəcər istiqamətində bu əməliyyatı heç bir halda qış aylarında yerinə yetirmək olmaz. Məndə olan məlumata görə, bu barədə nazir Məmmədrəfi Məmmədova zəng edib demişdilər ki, briqadanın qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov Kəlbəcərə hücum əməliyyatını həyata keçirmək istəmir. Hətta nazirdən xahiş edilmişdi ki, Eldar Həsənovu tutduğu vəzifədən azad etsin. Bundan sonra, əməliyyatdan bir neçə gün əvvəl briqada komandiri Rəfiyev komandirləri yığaraq dedi ki, artıq əməliyyat planı hazırdır, Ağdərə və Füzuli istiqamətindən də briqadalar hücum edəcək, biz isə "Murov"dan hücuma keçəcəyik. Mən o zaman tabor komandiri olduğuma görə Tərtər-Ağdərə, Füzuli zonasından hansı briqadanın hücum edəcəyini dəqiq bilmirdim. Ancaq Rəfiyev briqadanın ümumi döyüş taktikasını bizə anlatdı, taborlar arasında hücum istiqamətlərini müəyyənləşdirdi. Ən ağır istiqamətə mənim komandiri olduğum üçüncü "Kəlbəcər batalyonu"nu göndərdi və dedi ki, siz gedib Daşkəsəndən düşəcəksiniz bir bölük Alaxançallıdan, iki bölük və ümumi batalyon isə Zod aşırımından gələn yolu bağlamalıdır. Həmin yol bağlansa Zod istiqamətindən Ermənistan tərəfdən düşmən qüvvəyə kömək gələ bilməyəcək. Bu zaman mən artıq erməni qüvvələrinin hansı istiqamətlərdə cəmləşdiyini, düşmən tərəfinin artilleriyasının harada yerləşdiyini də bilirdim. Yəni komandir kimi bilirdim ki, hansı istiqamətdə getməliyəm, harada yolu bağlamalıyam, düşmənin artilleriya qrupunu məhv etməliyəm və sair. Plana əsasən, Kəlbəcərə girəndə bizə ərzaq və sursat da lazım olan vaxtda çatdırılacaqdı. Çünki başqa istiqamətdə hücuma keçən batalyon Yanşaq istiqamətini ələ keçirməli, Murov-Kəlbəcər yolu açılmalı və o istiqamətdən bizim taborun təchizatı təmin edilməlidir. Hələ əməliyyat hazırlanan vaxt mən əlavə bir sual da verdim ki, yaralı və ya itkimiz olan halda biz bunları necə çıxaracağıq? Çünki bilirdik ki, çox ağır bir əməliyyata gedirik və bu, asan olmayacaq. Cavab verdilər ki, təminat məsələlərində vertolyotlar da sizə kömək edəcək. Bütün bu tapşırıqlardan sonra mən dekabrın 28-də Hacıkənddən Daşkəsənə marş keçirdim. Daşkəsənin Zivlən kəndində məktəb binasında şəxsi heyəti yerləşdirdim. Bizim batalyonun şəxsi heyəti əsasən, Kəlbəcər uşaqlarından və qismən də Qaradağ rayon hərbi komissarlığından gətirilən könüllülərdən təşkil olunmuşdu. Əslində isə Qaradağdan gətirilənlərin əksəriyyəti könüllülər yox, sadəcə olaraq Bakının küçələrindən, metrolardan yığıb göndərdikləri gənclər idi. Amma onlara da əməliyyata başlamazdan əvvəl təlim keçmişdim. Artıq əməliyyata başlayan zaman mən bölüyün birini Alaxançallı istiqamətindən göndərdim. Özüm isə dekabrın 29-da iki bölük, minaatan batareya ilə birlikdə Zivləndən Kəlbəcər istiqamətində hərəkətə başladıq. Həmin gün Kəlbəcər istiqamətində dağı aşdıq, yollar qalın qar təbəqəsi ilə örtülmüşdü. Çox çətinliklərlə qarlı aşırımları aşıb şəxsi heyəti Susuzluq dağı ilə Təkəqaya dağı arxasında "Yaylaq" adlandırılan yerdəki tövlələrdə yerləşdirdim. Burada taktikanı elə təşkil etdim ki, gecə yorğun vəziyyətdə dincəldiyimiz yerdə düşmən gəlib şəxsi heyəti məhv edə bilməsin. Buna görə lazım olan yerlərdə postları qurdum. Dekabrın 31-i günü zabit heyətini götürüb Təkəqaya dağına qalxdıq. Oradan xəritə üzərində əməliyyatdan başqa, hədəf nöqtələrimizi hər bir komandirə əyani şəkildə göstərdim ki, kim haradan və necə girəcək. Bundan sonra komandir heyətini qaldırdım Təkəqayasına. Biz Təkəqaya dağına qalxanda baxdım ki, artıq ermənilər bizim necə deyərlər, ovcumuzun içindədir. Yuxarıdan aşağı baxdıqda ermənilərin görünən postlarını şəxsi heyətə və komandirlərə göstərdim, kəşfiyyatın haradan gedəcəyini, kimi hara istiqamətlənəcəyini, haranı və necə tutmalı olduğumuzu bir daha başa saldım. Hətta bu tapşırıqların hansı saatda, hansı dəqiqədə baş tutmalı olduğunu müəyyənləşdirmişdik. Bu zaman biz ermənilərin girovluqda saxladığı bir qadını gördük. Həmin qadın xəmir yoğururdu, erməni əsgərlər isə odun doğrayırdı. Açıq-aşkar görünürdü ki, girovluqda saxlanılan qadın erməni əsgərlərinə yemək bişirir.

- Həmin qadını harada, hansı şəraitdə gördünüz?
- Biz Təkəqaya dağından Bozlu kəndinə baxırdıq. Bu qadını kənd qəbiristanlığının yaxınlığında, sağ tərəfdə ermənilərin qurduğu postun 50-60 metrliyindəki evin həyətində gördük. Yolun aşağı hissəsində isə erməni hərbçiləri dayanmışdılar. Bu zaman mənim yanımda olan Rizvan adlı rabitəçi-əsgər çox pis oldu, "Komandir, qurbanın olum, nə olar o anamızı necə xilas edək?" deyə, kövrəldi. Geyim formasından belə başa düşmək olardı ki, həmin qadın təxminən 50-55 yaşlarında olar. Açığı, əsgərin bu kövrəkliyi məni də təsirləndirdi. Komandirlərə tapşırıq verdim ki, çalışıb qadını xilas etməliyik. Dedim qadını xilas etmək mümkün olmasa, onu vurun ki, erməni özü qaçsa da, girovu apara bilməsin. Rabitəçi-əsgər qayıtdı ki, ay komandir, biz azərbaycanlı girovu, kəlbəcərli qadını necə vura bilərik? Cavab verdim ki, sizcə, erməni əlində girov qalmağı yaxşıdır, yoxsa heç olmasa, meyitini götürüb ailəsinə çatdırmaq?! Dedim bu cavabdehliyi mən üzərimə götürürəm, qadını xilas edə bilməsək, atarsınız. Nə isə... Mən əməliyyatı belə qurdum ki, içkiyə meyilli ermənilər Yeni il gecəsi sərxoş olacaqlar. İçkili və gücsüz halda biz onların başının üstünü almalıyıq. Ona görə də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ön xətdə kəşfiyyat tağımını göndərdim, arxasınca 1-ci bölüyün 1-ci tağımı, 2-ci tağım və özüm, arxamızda 3-cü tağım, onun arxasında digər bölük və minomyot batareyası və ən axırda polislər hücuma keçdik. Keçilməz yollarla keçib o tapşırığın yerinə yetirilməsi ilə nəticələnən bu hücum əməliyyatı bəlkə də hərb tarixində ən nadir hadisədir. Mən bunu ən inkişaf etmiş ordularda belə, görmədim. Ancaq biz Kəlbəcərə girdik, Bozlu, Babaşlar, Lev və Təkəqaya kəndlərini götürdük. Lev kəndində artıq ermənilər təşvişə düşərək qaçırdılar. Bu zaman bizim qradları idarə edən artilleriya zabiti, baş leytenant Hicran Abbasov rabitə vasitəsilə mənimlə əlaqə saxlayaraq dedi ki, onun tabeliyindəki əsgərlərdən birini ermənilər vurub. Onlar bizdən yuxarı hissədə Susuzluq dağına qalxırdılar. Mən ona dedim ki, təşviş yaratmayın, imkan daxilində meyiti götürün və hücuma davam edək. Çünki biz artıq ermənilərin postunu ələ keçirmişdik. Biz ora çıxıb koordinatlar verməliydik ki, Qanlıkənddən ermənilərin qradlarla, raketlərlə bizə atəş açmasına imkan verməyək. Biz bu hissəni götürdükdən sonra baxdım ki, ermənilər sağ tərəfdə meşənin içərisindən bizi izləyir. Bu zaman mən ağ tulupda bölüyün içərisində idim, düşmən mənim komandir olduğumu zənn edib, həm də yanımda radiostansiyanın antenası görünür. Birdən sağımda-solumda düşmənin snayper güllələri yağmağa başladı. Anladım ki, düşmən məni vurmaq istəyir. Bu zaman tulupu soyunub şinel geyindim. Əsgərlərə göstəriş verdim ki, tulupu yerlə sürüyə-sürüyə aparsınlar. Bu zaman ermənilər uşaqların sürüdüyü tulupun ətrafını vurmağa başladılar. Artıq ermənilərə xeyli yaxınlaşmışdıq, yol da yaxındır. Bu zaman meşənin yanında, yolun alt tərəfində mövqe tutan ermənilər gördülər ki, batalyonu idarə eləyən mənəm, yanımda da radiostansiya. Artıq biz ermənilərin atəş nöqtəsinin altında idik, qranatomyotlarla atırdılar. Ancaq bizim dayandığımız yer sərt yamac olduğundan qranatamyotun mərmiləri gəlib başımızın üzərindən qara girirdi. Bilirdim ki, ermənilər məni məhv etmək istəyirlər, mən məhv olsam bütün tabor məhv olacaq. Ona görə də qranatamyotçunu və pulemyotçunu özümdən aralaşdırdım. Rabitəçiyə isə radiostansiyanın antenasını görünməmək üçün yerə uzatmağı tapşırdım. Həmin anda bizimlə birgə döyüşdə iştirak edən polis əməkdaşlarından biri ayağa qalxanda dedim ki, qalxma, səni vuracaqlar. O isə "Yox, komandir!" deyib ayağa qalxaraq qranatomyotla ermənilərin durduğu səngərin ortasına atəş açdı. Bu atəşdən sonra səngərdəki ermənilərin leşi-leş üstünə yıxıldı. Pulemyotçu əsgər isə qarın üzərindən yumarlana-yumarlana üzüaşağı yuvarlanırdı. Düşündüm ki, yəqin əsgərimizi vurdular, meyit sərt yamacda qarın üzərində yumarlanır. Ancaq gördüm ki, bu, Mikayıl adlı əsgərimizdir, qəfildən ayağa qalxaraq pulemyotla düşmənə arasıkəsilməz atəş açdı. Artıq ermənilər təşvişə düşdü, bir anın içərisindəcə arxasına mətbəx qoşqusu qoşulmuş "Qaz-66"ya minib qaçdılar. Onlar özləri ilə girov saxladıqları Kəlbəcərli qadını da götürüb aparmışdılar. Çünki biz sonradan səngərdə və ətrafda qalan erməni meyitləri arasında həmin qadını tapa bilmədik.

- Ermənilər çoxmu itki vermişdi?
- Həmin ərazidə ermənilərin 19 meyiti qalmışdı. Ümumiyyətlə isə mənim təqribi hesablamalarıma görə yalnız bizim bölüyün döyüşdüyü bu ərazidə 25-30 erməni qırılmışdı. Hansı ki, 1-ci bölük (bölüyün komandiri kapitan Mürşüd Məmmədov idi. O, İkinci "Murovdağ əməliyyatı" zamanı Kəlbəcərin Qanlıkənd kəndu uğrunda gedən döyüşdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olub - E.S.) bizdən qabaqda gedirdi. Həmin bölük bu döyüşdə daha təhlükəli nöqtələrdə döyüşürdü. Birinci "Murovdağ əməliyyatı" zamanı ən ağır yerdə döyüşləri məhz Mürşüd Məmmədovun rəhbərlik etdiyi bölük aparırdı. Orada nə qədər erməni meyitləri qalmışdı, mən bunu deyə bilmərəm. Mən özümün şəxsən keçdiyim ərazilərdə düşmənin 25-30 canlı qüvvəsinin məhv edildiyini gördüm.

- Bəs, bu qədər üstünlüyə malik olmağınıza baxmayaraq, niyə geri çəkildiniz?
- Mən yuxarı komandanlıqla rabitə əlaqəsi saxlayırdım. Xəbər verildi ki, "Yol evi"ndən Kəlbəcər istiqamətinə göndərilən briqada düşmənin müqaviməti ilə qarşılaşıb, "Yol evi"ndən aşağı düşə bilmirlər. Mən isə dedim ki, biz artıq döyüşmüşük, hücum planında nəzərdə tutulan əraziləri tutmuşuq. Artıq hərbi sursatımız da tükənmişdi. Hətta ermənilərdən qənimət kimi ələ keçirdiyimiz sursatı da istifadə etdik. Dəqiq yadımdadır, yazıq əsgərlər yemək əvəzinə özləri ilə sursat götürürdülər. Çünki döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Amma yanvarın 2-də yemək ehtiyatı tam şəkildə tükəndi, ona görə də komanda verdim ki, əsgərlər baxıb görsünlər ermənilərin nə yeməyi qalıb? Çünki biz onların üzərinə elə sürətli və gözlənilməz hücum etmişdik ki, vaxt tapıb qalan ərzağın içərisinə zəhər qata bilməzdilər. Ona görə də düşmənin qalan yeməklərindən istifadə edə bilərdik. Amma bir az quru çörəkdən və qara undan başqa heç nə tapa bilmədik. Bir də kisənin dibində şəkər tozu vardı. Komandirlərə dedim ki, şəkər tozunu hər əsgərə bir ovuc paylasınlar. Əsgərlərimiz qara unu şəkər tozuna qarışdırıb yeyirdilər. Açığı, bu şəraitdə mən vəziyyətin nə yerdə olduğunu əsgərlərə deyə bilməzdim. Amma "Murovdağ" istiqamətindən hücuma keçən briqadanın əvvəlcədən planlaşdırılan döyüş tapşırığının yerinə yetirə bilmədiyini özüm görürdüm. Rabitə vasitəsilə bunu mənə demişdilər. Yəni "Murovdağ" istiqamətindən əməliyyat baş tutmur. Ona görə də mən yuxarı komandanlıqla əlaqə saxlayaraq dedim ki, kömək istədim, onlardan nə etməli olduğumu soruşdum. Çünki bu əməliyyatda heç bir itki verməmişdik, cəmi 2 əsgərimiz yaralanmışdı. Həmin əsgərlərdən birinin adı Vüqar idi, ayağından yaralanmışdı, digəri isə "ağsaqqal" ləqəbli yaşlı əsgərin - Yusifin qulağını güllə cırmışdı. Yəni cəmi iki nəfər yaralanmaqla döyüşü udmuşduq. Nə isə... Vəziyyət barədə yuxarı komandanlığa məruzə etdikdən sonra dedilər ki, sizə kömək göndərə bilməyəcəyik. Həmin vaxt hava dəyişdi, ətrafı duman bürüdü. Bu zaman biz tapşırığa əsasən, 1-ci tağımı gözləyirdim. Onlar Yanşaq kəndi istiqamətində gəlməli və burada birləşməli idik. Bir də baxdım ki, Susuzluq dağından üzüaşağı əsgərlər çox sərbəst şəkildə gəlir. Elə düşündüm ki, bunlar 1-ci tağımın əsgərləridir. Ona görə də səslədim ki, 1-ci tağımın əsgərlərisinizsə, bura gəlin. Əgər ermənisinizsə, vay halınıza! Amma gəlib yaxınlaşanda gördüm ki, bunların geyiminin rəngi bizimkilərdən deyil, qaradır. Bunlar üzüaşağı enib Bozlu kəndinin sol tərəfindəki qəbiristanlığa istiqamətləndilər. Bu an qəbiristanlığın içərisindəki kiçik çadırdan tüstü qalxdığını gördük. Başa düşdük ki, Susuzluq dağından üzüaşağı enənlər erməni əsgərləri imiş. Lakin onlar qəbiristanlığın içərisindəki çadıra deyil, "Murovdağ" tərəfə getdilər. Onlar həmin istiqamətdən gedib arxadan qayıdıb çıxmışdılar bizim arxa mövqelərimizə. Hansı ki, onlar Hicran Abbasovun əsgərlərindən birini vurmuşdular. Ermənilər həmin yerdə post qurmuşdular ki, bizim qayıdıb çıxan əsgərləri oradaca məhv etsinlər. Mən artıq bunu da bilirdim ki, ermənilər bizim arxa mövqelərimizi bağlayıb. Üstəlik sol cinahdan gözlədiyimiz kömək də gəlib çıxmamışdı.

- Bununla da erməni əsgərləri sizi mühasirəyə aldı...
- Bəli. Məhz vəziyyətin bu yerində yuxarı komandanlıqla əlaqə saxladım. Rus dilində mənə belə dedilər: "Kak komandir prinimay reşenie". Belə olan halda mən çıxılmaz vəziyyətdə qaldım.

- Bu vəziyyət yanvarın 2-də yarandı?
- Bəli, yanvarın 2-də günorta saat 2-3 olardı. Bu, o məqamdır ki, artıq ermənilər öz qüvvələrini Çəpli kəndi istiqamətində toplayıb. Aşağıdan isə bizi BMP-2 ilə vururlar. Artıq ac, yuxusuz və yorğun əsgərlərin taqəti tükənmişdi, kömək, ərzaq və sursat təminatı yox idi. Belə bir vəziyyətdə tutduğumuz mövqeləri boşaldıb geri çəkilmək bizim üçün dəhşət idi. Bilirdim ki, buradan geri qayıtmaq böyük fəlakətdir. Hətta Türkiyədəki məşhur "Sarıqamış əməliyyatı" bunun yanında heç nə idi. Fikirləşdim ki, bir nəfər də sağ çıxa bilməyəcək.

- "Sarıqamış əməliyyatı"nda döyüş əməliyyatı olmamışdı, sadəcə, türk əsgərləri kütləvi şəkildə donvurmadan ölmüşdü...
- Bəli, "Sarıqamış əməliyyatı"nda qırğın döyüş şəraitində baş verməmişdi. Amma bizim bu vəziyyətimizdə həmin "Sarıqamış əməliyyatı" gözümün qarşısına gəldi. Necə çıxmaq barədə fikirləşdim. Qərara aldım ki, taboru yığıb Yanşaq kəndi üzərindən Qaragöllər istiqamətinə, oradan "Qaranlığın meşəsi"ndən keçməklə Goranboya tərəfə çıxaq. Çünki döyüşün-vuruşun nə demək olduğunu, şəxsi heyətin "ölüm, ya qalım" dilemması qarşısında qaldığını başa düşürdük. Amma istənilən halda biz mühasirə halqasından çıxmalı idik. Düzdür, bu, çox çətin idi, arxamızı da düşmənlər bağlamışdı, bilirdik ki, gəldiyimiz yolla qayıtmaq ölümdür. Ancaq bir qədər sonra müəyyənləşdirdiyim marşrut üzrə geri qayıtmağın mümkün olmayacağını düşündüm. Zabitlərə və əsgərlərə "geri qayıdırıq" fikrini də söyləyə bilməzdim. Bunu desəydim, hamı təşvişə düşəcəkdi, təşviş içərisində qaçmaq isə düşmənin arxadan gəlib bizi qırması ilə nəticələnərdi. Ona görə də komandirlərə izah elədim ki, bu gecə burada qalmağımız çox çətin olacaq, biz geri qayıdıb kömək gələnə qədər dağın ətəyində mövqe tutacağıq. Beləliklə, bölükləri bir-bir geri qaytarmağa başladım. Bölmələr kəndlərdən çıxdıqca ən arxada rəhmətlik Mürşüdün bölüyünü saxladım. Biz arxaya çəkildikcə görürdüm ki, özümüzlə gətirdiyimiz minomyotu geri daşımaq mümkün olmayacaq. Ona görə də iki dağın arasındakı dərəyə çatanda əmr verdim ki, minomyotları gizləsinlər. Minomyotların hamısının iynələrini özümüzlə götürdük, ağır hissəsini isə gizlədik. Şəxsi heyətə komanda verdim ki, ən qabaqda yaralı əsgərlər olmaqla və heç kəs bir-birindən uzaqlaşmamaq şərtilə dağa - arxaya qayıdırıq. Xüsusi olaraq tapşırdım ki, heç kəs yaralılardan qabağa keçməsin, hamı yaralılara növbə ilə kömək edə-edə geriyə çəkilsin. Özüm isə kəşfiyyat tağımından seçdiyim 11-12 əsgərlə birgə şəxsi heyətin arxasınca gəldim. Bir qədər gələndən sonra gördük ki, ermənilər arxamızca gəlir. Düşmənlər bizdən yuxarıda mövqe tutub geri qayıdarkən bizi yaxalamaq istəyirdi. Arxa tərəf atəş altı, sol tərəf dağ, sağ tərəf sıldırım dərə, qarşı tərəfdə isə düşmən postu. Ancaq bizim başqa yolumuz yox idi, hamımız məhv olsaq da, geri qayıtmağa məcbur idik. Bu məqamda sanki bir möcüzə baş verdi. Biz geri çəkilərkən qar yağmağa başladı, qatı duman ətrafı bürüdü və dumandan istifadə edərək təhlükəli ərazidən çıxdıq. Özü də duman yalnız bizim keçdiyimiz dərələrdə idi, dağlar, o cümlədən ermənilərin yuxarıda mövqe tutduğu dağın başı açıq idi. Biz düşmənə nəzarət edə-edə yaxınlıqdakı dərəni də keçəndə Allaha şükür etdim ki, heç bir itki vermədən şəxsi heyəti çıxara bildim. Hamımız gəlib əməliyyata başlayarkən "Yaylaq" adlanan yerdə gecələdiyimiz tövlələrə çatdıq. Məndən arxada bir nəfərimiz də qalmamışdı.

- "Yaylaq"dakı tövlələrə günün hansı vaxtında çatdınız?
- Yanvarın 2-si axşam qaranlıq düşmüşdü. Yadımdadır ki, biz aşağıdakı mövqelərimizdən saat 5-6 radələrində geri çəkildik. Tövlələrə gəlib çatanda isə artıq axşam idi. Mənim və əsgərlərin bir çoxunun ayaqqabıları qarla dolmuşdu. Bu səbəbdən riskli olsa da, tapşırıq verdim ki, ocaq qalayıb ayaqlarımızı qurutmalıyıq, yoxsa dağı yuxarı qalxa bilməyəcəyik. Ayağı quru olan pulemyotçu əsgərlərdən bir neçəsini tövlələrin ətrafında qoydum ki, ermənilər gəlsə, atın. Onsuz da bizim əsgərlərdən arxada qalan yox idi, ermənilər gəlsə, onları atəş altında saxlamalıyıq ki, şəxsi heyətimiz dağlara tərəf geri çəkilə bilsin. Bu tapşırıqları verdikdən sonra tövlənin içərisində ocaq qaladıq, sonra yayda diversiyaya gedərkən burada gizlətdiyimiz sursatı da götürdük. Yadımdadır ki, o vaxt tövlədə peçenye də gizlətmişdik. Yerini uşaqlara dedim, gedib gətirdilər. Gördüm ki, peçenye kiflənib, amma kifi üst-başımıza silib peçenyeni yedik. Çünki taqətimiz tükənmişdi, sərt və qarlı dağlarla geri qayıtmağa gücümüz qalmamışdı. Bir qədər ayaqqabılarımızı qurutduqdan sonra əsgərlərdən biri qaçaraq gəldi ki, komandir, ermənilər yavaş-yavaş yaxınlaşır. Uşaqları sakitləşdirdim, özüm bayıra çıxıb erməniləri izləməyə başladım. Bir qədər əvvəl atəş səslərinin lərzəyə gətirdiyi dağ-dərə indi tamam sakitlik idi. Gördüm ki, bizə tərəf irəliləyən ermənilər öz dillərində nəsə danışırlar. Cəld tövləyə qayıdıb komanda verdim ki, hər kəs əvvəlki vəziyyətdə bir-birini gözləməklə dağı qalxsınlar. Təzəcə uzaqlaşmışdıq ki, gördüm bayaq danışan ermənilər koordinatları verən kimi düşmənin artilleriyası tövlələri döşəməyə başladı. Buna qədər ermənilər inana bilməzdilər ki, biz hər tərəfi sıldırım qayalıqlar, dərələr olan əraziləri atəş altından çıxıb tövlələrdə dincələ bilərik. İstədik ki, qayıdıb bizdən əvvəl çıxan əsgərlərimizin izi ilə gedək. Gördük yox, ermənilər artıq dərəni də keçib gəldilər tövlələrə tərəf. Ona görə də qayıdıb əsgərlərimizin izi ilə gəlmək çox təhlükəli idi. Qərara gəldik ki, uçurumlu olsa da, "Koroğlu" dağı istiqamətində dik çıxaq. Yuxarıda dağın başında ocaq yanırdı, bilirdim ki, bizim əsgərlərdir, ayaqqabılarını qurudurlar. Həmin ocağı tutub dağa doğru qalxarkən güclü çovğun başladı. Artıq yanvarın 2-dən 3-nə keçən gecədir. Biz avtomatla qalın qar örtüyünü yarıb içərisinə girirdik, külək bir balaca səngiyən kimi 10-15 addım atıb yenə də qarın arasına girirdik. Biz dağın başına çatanda artıq ocaq sönmüşdü, daşın dibində ocaq yerinin yalnız közərtisi qalmışdı. Gördüm ki, ocaq yerinin başında 3 əsgər oturub. Qışqırdım ki, niyə oturmusunuz, durun yolunuza davam edin. Amma səsləri çıxmadı, yaxınlaşanda gördük ki, hər 3-ü donub ölüb. İsinmək, ayaqqabılarını qurutmaq üçün isti şalvarlarını çıxarıb yandırmışdılar. Amma elə oturduqları yerdəcə donub ölmüşdülər. Uşaqlara tapşırıq verdim ki, onları elə daşın dibindəcə rahatlasınlar. Özüm onların donduğu yeri xəritədə qeyd edirdim, silahlarını öz yanlarında gizlətdim ki, sonra gəlib götürə bilək.

- Bu əsgərlərin şəxsiyyətini də müəyyən edə bildinizmi?
- Bəli, hər 3-ü Qaradağ Rayon Hərbi Komissarlığından göndərilən uşaqlar idi. Onlar bəri üzdə - Koroğlu dağının aşırımındakı "İt yolu" deyilən yerdə donmuşdular. Biz gəlib qərargaha çatan günün səhəri "Arxa cəbhə bölməsi" gəlib donvurmadan ölən əsgərlərimizin hamısının meyitlərini gətirdilər. Mənim özüm də Koroğlu dağının aşırımına çatanda tamamilə taqətdən düşmüşdüm, yeriyə bilmirdim. Artıq avtomatı götürməyə də gücüm qalmamışdı, üstümdə bir dənə qranat saxlamışdım ki, bir təhlükə olsa özümü partladım. Ermənilərdən xeyli uzaqlaşandan sonra komandir heyətinə dedim ki, siz gedin, mən yatıb dincəlmək istəyirəm. Amma rəhmətlik Mürşüd məni yatmağa qoymurdu, oturan kimi saçımdan tutub dartırdı. Saçımı dartdıqca bədənimdə ağrı hiss edib qalxırdım. Bir az gedəndən sonra yenə otururdum, yenə də Mürşüd saçımdan tutub qaldırırdı. Mən komandirlərə də demişdim ki, imkan verməyin əsgərlər yatsınlar. Çünki o qədər dəhşətli soyuq idi ki, adam oturan kimi donurdu. Ona görə də rəhmətlik Mürşüd hansı əsgərin oturduğunu görürdüsə, ya saçından tutub dartır, ya da bədəninə iynə batırırdı ki, ağrı hiss edib yatmasınlar. Amma Murovdağdan üzübəri enəndə heç kəsin ayağında taqət qalmamışdı. Ona görə də hamımız üst geyimimizi qarın üzərinə atıb onun üstündə sürüşə-sürüşə gəlirdik. Yanvarın 2-dən 3-nə keçən gecəni bütünlüklə yol gəldik. Amma biz gələn istiqamətdən çıxan az idi, şəxsi heyətin əsas hissəsi Kəlbəcərə girdiyimiz ərazidən - Daşkəsən istiqamətindən çıxmışdı. Çovğun və şaxta o qədər soyuq idi ki, artıq radiostansiyaların batareyaları da donmuşdu, yuxarı komandanlıqla əlaqə saxlamaq mümkün deyildi. Üstəlik heç olmasa, yaralıları çıxarmaq üçün kömək də gəlmədi. Beləliklə, biz yanvarın 3-də gəlib Murovdağın bəri üzündə "Yol evi" deyilən ərazidəki KŞM-ə çatdıq. KŞM-ə gələndə gördüm ki, o zaman respublikanın Baş prokuroru vəzifəsində çalışan Əli Ömərov, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Nəcməddin Sadıqov da burada idi. Mən əsgərlərə tapşırıq vermişdim ki, getsinlər Haçıkənddəki qərargahımızda ayaqqabılarınızı qurudub rahatlansınlar, sonra qərargahda toplaşacağıq. Mən Nəcməddin Sadıqov gilin yanına çatarkən əsgərlərdən bir neçəsi yaxınlaşıb dedilər ki, komandir, nazirlikdən gələnlər ermənilərdən götürdüyümüz silahları əlimizdən alıb yığdılar özlərinin "NİVA"sının arxasına. Onlar hətta bizim əsgərlərə deyiblər ki, siz fərarisiniz, belə-filan. Mən bunu bir növ təbii qarşıladım. Çünki Müdafiə Nazirliyindən gələnlər nə bilirlər ki, biz hansı şəraitdə, necə gəlib çıxmışıq?! Əsgərlərə dedim ki, narahat olmayın, o silahların hamısının nömrələrini qeydiyyat kitabımda yazmışam. Yanvarın 3-də Nəcməddin Sadıqovla görüşəndə dedim ki, cənab general, ermənilərdən gətirdiyimiz silahları sizin əsgərlər alıb yığıblar "NİVA"nın arxasına. Soruşdu ki, o silahların nömrələri varmı sizdə? Yazdığım nömrələri göstərdikdə əsgərlərini çağırıb dedi ki, götürdüyünüz silahlar komandirin dediyi nömrələrdisə, qaytarıb verin batalyonun özünə. Bundan sonra silahların hamısını qaytarıb vermişdilər.

- Ermənilərin nə qədər silahını qənimət götürmüşdünüz?
- Hamısını gətirə bilməmişdik, seçib ən yaxşılarını götürmüşdük, içərisində pulemyotlar da vardı. Təxminən 12-15 silah idi. Amma orada ermənilərin təxminən 50-dək avtomat silahları qaldı. Sadəcə gücümüz çatmadı hamısını götürməyə. Hətta o şəraitdə ermənilərdən götürdüyümüz silahların nömrəsini yazmışdım. Əsgərlərə də tapşırıq vermişdim ki, bu silahların hamısını mütləq aparmalıyıq. Uşaqlar öz silahları ilə bərabər o silahların əsaslarını gətirmişdilər. Halbuki biz elə vəziyyətdə idik ki, heç öz silahımız götürməyə gücümüz çatmırdı. KŞM-də (Nəzarət Buraxılış Məntəqəsi (E.S.) Qorxmaz Qarayev (o zaman qərargah rəisi vəzifəsini icra edirdi - E.S.), Nəcməddin Sadıqov və Valeh Rəfiyevlə (701 saylı hərbi hissənin briqada komandiri - E.S.) görüşdük. Nəcməddin Sadıqov rusca soruşdu ki, kapitan, Kəlbəcərə hansı istiqamətdən girib haradan çıxmısınız? Mən xəritəni çıxarıb tapşırıq əsasında yerinə yetirdiyimiz əməliyyatı əvvəldən sonadək izah etdim. Axırda isə belə bir vəziyyətlə üzləşdik və tapşırıq aldım ki, "kak komandir prinimay reşenie".

Dedim ki, bu tapşırıqdan sonra Kəlbəcərdən qayıdıb çıxmışam, şəxsi heyətdən neçə əsgərin donvurmadan öldüyündən, neçəsinin yaralı vəziyyətdə dağlarda qaldığından xəbərim yoxdur. Amma özüm 3 əsgərin donvurmadan şəhid olduğunu görmüşəm və onların harada qaldığını xəritədə qeyd etmişəm. Bir az əsəbi halda dedim ki, əsgərlərin hamısının oradan salamat çıxmasına inanmıram. Çünki dağlar çox sərt, hava şəraiti amansız idi. Yeddi gün o şəraitdə vuruşub-döyüşdük, 4 kəndi - Bozlu, Babaşlı, Təkəqaya və Lev kəndlərini azad etdik, axırda isə əzab-əziyyətlə tutduğumuz mövqeləri buraxıb geri qayıtdıq. Nəcməddin Sadıqov isə Rəfiyevin yaxasından yapışıb dedi ki, podpolkovnik, briqada yerinə yetirə bilmədiyi tapşırığı bir batalyon icra edib, siz niyə hücum planını yerinə yetirməmisiniz? Rəfiyev isə dedi ki, biz hücuma keçdik, ancaq düşmənin sərt müqaviməti ilə rastlaşdığımızdan Kəlbəcərə daxil ola bilmədik.

- Komandir, sizcə, "Murovdağ əməliyyatı"nın uğursuz başa çatmasına görə briqada komandiri Rəfiyev günahkardırmı?
- Mən bu uğursuz əməliyyata görə Rəfiyevdə günah görmürəm. Rəfiyevin komandir kimi yeganə günahı o idi ki, bu əməliyyatın icrasına razılıq vermişdi. O, gərək bu əməliyyata ümumiyyətlə, razılıq verməyəydi. Amma onun da iki yolu vardı: ya həbs olunmalı, ya da bu çətin və mürəkkəb əməliyyatı üzərinə götürməli idi. Çünki yuxarı komandanlıqda əmrin kim tərəfindən və necə verildiyini mən bilmirdim. Bu ağılsız və uğursuz əməliyyatın siyasi tərəflərini deyə bilmərəm, ancaq hərbi nöqteyi-nəzərdən günahın çoxunu yuxarı komandanlıqda görürəm. Yəni qışın bu çağında belə bir əməliyyatın həyata keçirilməsinə qərar verilməməli və bu qərar hansısa siyasi qurumlar qarşısında qoyulmamalı idi.

- KŞM-dəki görüşdən sonra hara getdiniz? Pərən-pərən olmuş şəxsi heyətin toparlanması, donvurmadan şəhid olan əsgərlərin axtarışı və onların cənazəsinin ailələrinə çatdırılması istiqamətində hansı addımlar atıldı?
- Mən bu görüşdən sonra hospitala getmədim. Çünki mənim hospitallıq işim yox idi. Baxmayaraq ki, vəziyyətim çox pis idi, ac-susuz qalmışdım, mədə ağrılarım başlamışdı. Lakin əsgərlərimin taleyi məni daha çox düşündürürdü. Ona görə də gəldim Hacıkəndə - batalyonun əvvəlki qərargahına. Zabitləri bir yerə yığıb komanda verdim ki, Daşkəsənə çıxıb ölən və yaralanan əsgərlərlə bağlı məlumatları toplayıb mənə məruzə etsinlər. Yanvarın 3-də briqada komandiri "Arxa cəbhə bölməsi"ni göndərdi yolda donan əsgərlərimizin meyitlərini çıxarmağa və onlar yanvarın 5-dək bu işlə məşğul oldular. Həmin döyüşdən sonra geri çəkilən zaman bizim 24 əsgərimiz dağlarda donaraq şəhid oldu, 40-dək əsgər və zabit isə donvurmadan xəsarət aldıqları üçün xəstəxanalara yerləşdirildi. Yəni Birinci "Murovdağ əməliyyatı"nda yaralılarla birlikdə bizim cəmi 64 nəfər itkimiz oldu. Şəxsən mən təsadüf nəticəsində sağ çıxa bildim. Bu döyüş əməliyyatından sonra çətin şəraitdə inanmırdım ki, batalyon sağ çıxa bilsin. Mən ixtisasca hərbçi olsam da, o döyüşdə iştirak edən hər kəsi qəhrəman sayıram.

- Ağır döyüş şəraitinə, sərt iqlimə baxmayaraq, əsgərlərdə döyüş ruhu çox yüksək idi...
- İnanın ki, biz Kəlbəcərə istiqamətlənəndə mən əsgərlərimizin qabağını ala bilmirdim, hər kəs böyük rəşadətlə, ürəklə döyüşə atılırdı. Təsəvvür edin ki, həmin döyüşdə bir ailədən 3 döyüşçü vardı - iki oğul və ata. Mən onlara dedim ki, üçünüz də hara gedirsiniz? Oğulların birini "Yaylaq" deyilən ərazidə tövlələrin yanında məcbur şəkildə geridə saxladım. Bizim əsgərlərdən birinin erməni leytenantını öldürməsi epizodu da heç vaxt yadımdan çıxmaz. Yanvarın 2-də Bozlu kəndi ətrafında döyüşün qızğın çağında əsgərlərimizdən biri "Komandir, komandir, səni vurdular!" deyə, qışqırdı. Baxdım ki, sağımda-solumda öz əsgərlərimizdi. Qarşı tərəfdə isə 5-6 metrliyimdə silah mənə tuşlanıb. Əvvəl elə bildim Bakıda metrodan, küçələrdən tutulub birbaşa döyüş bölgəsinə göndərilən təcrübəsiz döyüşçülərdəndir, səhvən silahı mənə tuşlayıb. Amma yenə də gözlərimə inanmadım. Bir də gördüm yanımdakı əsgərlərdən biri atəş açdı və silahı mənə tuşlayan yıxıldı. Atəş açan əsgərin üstünə qışqırdım ki, onu niyə vurdun? Əsgər isə həyəcanla "Komandir, ermənidir, sizi vurmaq istəyirdi" dedi. Əsgərimiz həmin erməniyə bircə güllə vurmuşdu, deyəsən, başından dəymişdi. Meyitə yaxınlaşanda gördüm ki, leytenant rütbəsində erməni döyüşçüdür, üstündə də radiostansiya, çanta, çantanın içərisində isə xəritə və sənədləri vardı. Ayağında içərisi yun olan ayaqqabı vardı. Mənimlə bərabər gəzən Rizvan adlı rabitəçi-əsgərin ayaqqabısı cırılmışdı, corabları ayaqqabının cırıq burnundan çölə çıxırdı. Gözüm həmin əsgərin cırıq ayaqqabısına sataşdı, tez öldürülən erməni leytenantın ayaqqabılarını çıxarıb ona verdim ki, geyinsin. O isə "Komandir, o ölüb, onun ayaqqabısını necə geyinim?" desə də, uşaqlara dedim ki, onun cırıq ayaqqabılarını çıxarsınlar. Erməninin ayaqqabılarını Rizvana geyindirəndən sonra bir anın içərisində ayaqları necə isindisə, dedi komandir, bu ermənilərə bax ey, ayaqqabıları necə də rahatdır! Həmin erməni leytenantın sənədlərinə baxanda gördük ki, 23 yaşındadır, Krasnodarda 2 il yarım Daxili Qoşun Məktəbində oxuyub. Onun bu sənədini, şəxsiyyət vəsiqəsini, radiostansiyasını da götürdük və yanvarın 3-də Murovun bəri üzündə - KŞM-də Nəcməddin Sadıqova verdim. Yəni həmin döyüşlərdə əsgərlərimizin hər biri sözün əsil mənasında bu cür qəhrəmanlıqlar göstəriblər. Bununla belə, mən o vaxt da deyirdim, indi də bir hərbçi kimi o qənaətdəyəm ki, "Murovdağ əməliyyatı" düzgün əməliyyat deyildi. Qışın bu çağında o istiqamətdən Kəlbəcərə hücum etmək qeyri-peşəkarlıq və hərbi səriştəsizliyin əlaməti idi. Biz hərbçilər müharibə üçün hazırlanırıq, lakin mən hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsində tağım komandiri səviyyəsində olan bir hərbçi kimi, o əməliyyata razılıq verməzdim. Bu qeyr-peşəkar səviyyədə hazırlanmış döyüş əməliyyatını həyata keçirmək ağlagəlməz bir şeydir. Çünki bu əməliyyatda döyüş nizamnaməsinin bütün tələbləri pozulmuşdu. Biz Kəlbəcərə o halda hücum əməliyyatı apara bilərdik ki, hərbi texnikanın və şəxsi heyətin keçib getməsi üçün həmin vaxt yollar qardan təmizlənməli di. Mən o zaman hələ leytenant rütbəsində olarkən bu fikirdə idim ki, əgər hansısa briqada Ağdərə istiqamətindən hücum edib həmin zonadakı əraziləri azad edə-edə gəlib Qamışlı körpüsünə çatanda bizim batalyon da bu tərəfdən Kəlbəcərə girməklə uğurlu əməliyyat həyata keçirə bilərdik. Bununla da bizim batalyon həm Zod, həm də Laçın istiqamətində hərəkət etmək imkanı qazanardı. Yəni briqada dağları keçəndən sonra gəlib Kəlbəcərdə yerləşməli, bir qədər dincəlməli, sonra müvafiq tapşırıqlarını alıb hər kəs öz istiqamətində hərəkət etməli idi. Amma biz hamımız əsgərlərik, yuxarı komandanlıq hansı əmri verirlərsə, onu da icra edirik. Yəni 1993-cü ilin dekabrın sonunda Kəlbəcər istiqamətində başlanan "Murovdağ əməliyyatı" çox ağılsız və səriştəsiz bir əməliyyat idi. Bu, bəlkə də Azərbaycan tarixində ən uğursuz əməliyyatlardan biri idi. Buna baxmayaraq, həmin əməliyyatda iştirak edən hər bir əsgəri qəhrəman sayıram. Çox heyf o şəhidlərə ki, ağılsız və səriştəsiz şəkildə hazırlanmış bu uğursuz əməliyyatın qurbanları oldular. Düzdür, torpağı üçün hər bir insan şəhid olmalıdır, müharibə qansız olmur. Amma ağılsız yerə itkilər vermək dözülməzdir.

- Sonradan bu məsələ yuxarı komandanlıqda müzakirə olundumu? Yəni hücum əməliyyatı əvvəlcədən düşünülmüşdümü? Düşünülmüşdüsə, ön xətdə hücum əməliyyatı həyata keçirən briqadanın təchizat-təminat məsələləri niyə yerinə yetirilmədi?
- Bəli, əməliyyat əvvəlcədən planlaşdırılmış və müzakirə olunmuşdu. Əməliyyatın uğursuzluqla nəticələnməsinin başlıca səbəbi təchizat-təminat məsələlərinin yerinə yetirilməməsi idi. Sonradan xidmətim zamanı Baş Qərargahda keçmişdə baş verən döyüş əməliyyatlarının xronologiyasına baxmışam. Əməliyyat belə hazırlanmışdı ki, Ağdərə istiqamətində bir, Goranboy tərəfdən isə başqa bir briqada hücum etməli di. Ancaq bu iki istiqamətdən hücum edən briqadalar Kəlbəcər ərazisinə daxil ola bilməmişdi. Bunun səbəbini mən bilməzdim, onu yuxarı komandanlıq, Müdafiə Nazirliyinin generalları bilərdi. Burada bir sual da ortaya çıxır ki, bu istiqamətlərdən hücum əməliyyatı baş tutmursa, onda niyə bizim briqadanı Daşkəsən, "Murovdağ" istiqamətindən "katlavan"ın içərisinə atırlar? Əgər bu briqada qabağa gedibsə, amma hansısa bir nöqtədə böyük müqavimətlə üzləşib geri qayıtmalı olsa, onun geriyə çıxış yolunu başqa bir tabor qorumalı deyildimi? Bizim briqada Kəlbəcər istiqamətində hücum edərkən ən azından arxamızda - "Murovdağ" aşırımında bir batalyon olmalı idi. Bu batalyon irəlidə hücum edən briqada geri çəkilməli olsa, onun itkisiz və rahat çıxa bilməsini təmin etməli idi.

- Bu döyüşlərdə sizin nəzarətiniz altında nə qədər əsgər vardı?
- Birinci "Murovdağ əməliyyatı"nda təxminən 450-500 nəfərlik şəxsi heyətimiz vardı. Bunun təxminən 270-280 nəfəri döyüşə mənimlə girdi. Təxminən 100 nəfərlik bölüyümüz isə rəhmətlik Feyruz Alışovun rəhbərliyi altında Alaxançallı istiqamətindən Kəlbəcərə girdi. Onların yolu çox ağır olduğundan bir qədər gecikdilər, eyni vaxtda girə bilmədik. Biz artıq tapşırıq alanda ki, komandir kimi qərar qəbul edin, onda Feyruz Alışovun da bölüyündəki radiostansiyaların batareyası işləmirdi və onlarla əlaqə saxlamaq mümkün olmadı. Əlaqə saxlaya bilmədiyimizdən onlara məlumat verə bilmədik ki, irəli getməyin, geri qayıdın.

- Bəs, onların taleyi necə oldu?
- Onlar da təminatın olmaması səbəbindən geri qayıtmışdılar. Ancaq onların bir giziri və Sahib adlı bölük komandirini ermənilər görərək Azərbaycan dilində "biz burdayıq, bura gəlin" deyə, çağırmışdılar. Onlar isə elə bilmişdilər ki, bizim bölüyün uşaqlarıdır, onlara yaxınlaşmışdılar. Lap yaxınlaşanda görmüşdülər ki, yox, onları çağıran ermənilər imiş. Ona gör də gizir çəkməsini soyunaraq ayaqyalın düz Daşkəsən istiqamətinə qaçmışdı. Bölük komandiri Sahibi isə ermənilər öldürmüşdü.

- Bu qədər çətin şəraitdə, hətta qeyri-mümkün döyüş tapşırığını yerinə yetirən 701 saylı briqadanın əsgərlərinin əksəriyyəti fərari elan edildi. Hətta onların hərbi biletində "Milli Məclisin 17 oktyabr 1997-ci il tarixli Amnistiya haqqında qərarına əsasən ordu sıralarındakı xidməti hesab edilməsin" şəklində qeyd də yazılıb. Bu isə o deməkdir ki, həmin əsgərlər və döyüşçülər guya, fərarilik ediblər və Milli Məclisin qərarı ilə bağışlanıblar. Sizin komandanlığınız altında sonuncu döyüş əməliyyatında iştirak edən əsgərlərinizin fərari elan edilməsinə münasibətiniz necə oldu?
- Əminəm ki, "Murovdağ əməliyyatı"nın uğursuz nəticələnməsinə görə əsgərlərimin heç bir günahı yox idi. Onların heç biri nəinki fərarilik etməyib, hətta qəhrəmanlıq göstərib rəşadətlə vuruşdular, düşməni böyük itkilərə məruz qoydular, 25-30 kilometrdən artıq irəliləyib Kəlbəcərin 4 kəndini ermənilərdən azad etdik. Sonda isə ərzaq və sursat təminatı gəlmədiyindən yuxarı komandanlığın tapşırığı əsasında bacardığımız şəkildə geri qayıtdıq. Amma əsgərlərimizin heç biri fərarilik etmədi, hər kəs sonadək döyüş tapşırıqlarını yerinə yetirdi. Mən əsgərlərimizin bir çoxunun sənədlərində Milli Məclisin həmin qərarı ilə bağlı qeyd yazıldığını sonradan bildim. Bu əsgərlərin hərbi sənədlərinin düzgün yazılmamasında, Milli Məclisin məlum qərarının onların hərbi biletlərində qeyd edilməsində komandir heyətini günahkar sayıram.

- Bununla bağlı bir komandir kimi sizə müraciət edənlər çox idimi?
- Var, keçmiş əsgərlərimin çoxu bunu mənə deyir. Onlar deyirlər ki, komandir, biz hamımız bir yerdə döyüş əməliyyatını icra edib ən ağır şəraitdə mümkün olan qədər irəlilədik. Ancaq nə edək ki, bizə kömək gəlmədi, komandanlığın əmri əsasında geri qayıdıb səpələndik dağlara. Axırda da bizi Amnistiya qərarına salıb fərari kimi ordudan tərxis edirlər. Axı, bu uşaqlar həqiqətən döyüşmüşdülər, bütün əmrləri can-başla yerinə yetirmişdilər. Tabor komandirini döyüşdə xilas etmək qəhrəmanlıq nümunəsi idi. Çox təəssüf ki, batalyon komandirini vurmaq istəyən erməni leytenantını bircə güllə ilə məhv edən əsgər həmin döyüşdən sonra ordudan fərari kimi tərxis olunur. Bu, olmaz. Buna hüquqi qiymət verilməlidir, məsələ araşdırılmalı və bütün şəxsi heyətin sənədlərindəki ləkə təmizlənməlidir. Mən istəyərəm ki, böyük bir məhkəmə qurulsun, keçmiş əsgərlərimin haqqı özlərinə qaytarılsın. Mən o əsgərlərin hər birinin qəhrəmanlığını görmüşəm, onlar döyüşdən qaçmayıb, əksinə, ən ağır şəraitdə döyüşə giriblər. Əməliyyatın düzgün qurulmamasında döyüşçü əsgərlərin nə günahı var?! Bu, şəxsən mənim tərəfimdən də çox pis qarşılanır.

- O dövrdə əməliyyat zamanı ölən və yaralanan əsgərlər barədə kağızda, yaxud da xəritədə apardığınız qeydləriniz necə oldu, saxlayırsınızmı onları?
- İstər hələ Kəlbəcərdə olarkən Ağdərə istiqamətində apardığımız döyüşlərdə, istərsə də "Murovdağ əməliyyatı"nda mənim yanımda şəhid olan əsgərlərin, yaralanan döyüşçülərimizin adları yadımdadır. Bu barədə özümün gündəliyimdə yazdığım qeydləri indi də saxlayıram. Amma ümumi şəkildə mənim idarə etdiyim batalyonun verdiyi itkilərin, yaralıların, yaxud məhv etdiyimiz düşmən əsgərinin sayı - bunların hamısı yadımda deyil.

- Bu uğursuz əməliyyatla bağlı sonradan hüquqi qiymətləndirmə, hüquqi araşdırmalar aparıldımı?
- Mən bu məsələ ilə çox dərindən maraqlanmadım. Ancaq o əməliyyatda iştirak edən bir hərbçi və kəlbəcərli kimi prosesləri izləyirdim. O vaxt bu işi araşdırmaq üçün bir komissiya yaratdılar. Bundan sonra "Bərdə batalyonu"nun komandiri Gəray Əsədov, ixtisasca bədən tərbiyəsi müəllimi olan briqada komandiri Saleh İlyasovu həbs etdilər. Halbuki bunlar müharibənin əzab-əziyyətini görmüş komandirlərdəndirlər, bu uğursuzluqda inların heç bir günahı yox idi, onlar əsgər idi, "get" deyirdilər gedirdilər, "dayan" deyirdilər dayanırdılar. Komissiya bu işi araşdırırdısa, müəyyənləşdirməli idi ki, belə bir əməliyyatı kim hazırlayıb, yuxarı komandanlığa kim təqdim edib? Bəs, hazırlanmış əməliyyat niyə yerinə yetirilməyib? Bildiyimə görə, bu sualların hamısı cavabsız qaldı. Halbuki ora böyük rəhbərlər gəlməli idi, nazir, nazirin müavinləri, korpus komandirləri səviyyəsində məsələ araşdırılmalı və hüquqi qiymət verilməli idi. Yəni mən bu araşdırmanı nəticəsiz gördüm. Bu, gözdən pərdə asmaq idi, belə araşdırma olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru