"Deyir ki, 2020-ci ildə guya Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmışam. Həmin vaxt kim vəzifədə olub. Ramiz Mehdiyev olmayıb. Ağsudan da heç kim vəzifədə olmayıb. O adamın adını deməyən şərəfsizdir. Desin, görək, kiminlə görüşmüşəm".
"DİA-AZ" Pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli bildirib.
O, Cümşüd Nuriyevlə aralarındakı ixtilafa aydınlıq gətirib:
"Cümşüd Nuriyev deyir ki, Vəhdət Partiyasının Siyasi Şurasının 60-70% üzvü mənim qohum-əqrəbamdır. Siyasi Şurada cəmi bir qardaşım var. O da müavinlikdən çıxarılıb, Siyasi Şuranın üzvüdür. Heç bir rəhbər vəzifədə adamım yoxdur. Məgər yüzlərlə adam hamısı qardaşım, qohumumdur?
Qardaşımın biri isə partiyanın sıravi üzvüdür. Cümşüd Nuriyev kimə papaq atır? Bəlkə, başqa partiyalara papaq atır ki, rəhbərlikdə qohumluq əlaqələri var? Bizdə yoxdur. Qohumluq etsəydim, partiya sədri ya özüm olardım, ya da qohuma, qardaşıma verərdim. Görün bu adam nə qədər böhtanlar atmaqla məşğuldur.
Bunu da deyir ki, Tahir mənim dostumdur. Yalan deyir. O mənə həmişə düşmən münasibət bəsləyib. Bir neçə dəfə Ağsudan deputat olmaq istəyib, amma ola bilməyib. Bəlkə, bunun acığını çıxır, bilmirəm. Əlinə fürsət düşüb, təhqir edir. Təəssüf edirəm, mən partiya sədrliyindən gedəndən sonra rahatlıq axtarırdım, amma başıma belə narahatlıqlar gətirirlər.
Deyir ki, 2020-ci ildə guya Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmışam. Həmin vaxt kim vəzifədə olub. Ramiz Mehdiyev olmayıb. Ağsudan da heç kim vəzifədə olmayıb. O adamın adını deməyən şərəfsizdir. Desin, görək, kiminlə görüşmüşəm. Məni xalqım seçib, həqiqətən səs verib, saxtakara ehtiyacım olmayıb. Dövlətim də, dövlət başçıları da bunu qəbul ediblər. Bu nə böhtandır üstümə atır? Görünür, tale belə qismət verib ki, bu cür düşmənlər mənə hücum etsinlər. Mənim heç kimin qarşısında gözükölgəliyim yoxdur.
Çox təəssüf ki, ailəsinin şərəfini satanlar şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb. Nə qədər alçaq olasan... Məni özlərinə bənzədirlər. Bu, mümkün olan variant deyil. Belə olsa, sakitcə kənarda dayanaram, deyərəm ki, partiya necə olur, olsun.
Mən çıxandan sonra partiyada ciddi narahatlıqlar yaşandı. Xoşuma gəlməyən müəyyən proseslər getdi. Mən səmimi qəlbdən Adəm bəyi (red.- VP sədri Adəm Bakuvini nəzərdə tutur) sədr görmək istədim. Hər şeyi danışmaq istəmirəm. Bilirəm ki, bütün məsələlər mənim üstümdə qurulub. Qol-qanadımı qırmaq, Vəhdəti - milli azadlıq hərəkatından on illərlə əzab-əziyyətlə qurduğumuz partiyanı dəyişmək...
Belə şeylər məni ağrıdır. Amma bu gün də istəyirəm ki, partiya sədrinə kömək edim. Nəyə görə əvəzində bu münasibətləri görürəm, bilinmir. Heç bilmirik, Adəm İsmayılın müşavirləri harada qeydiyyatdan keçirlər. Ştat cədvəlini də Baş Məclis təsdiq etmədi. Bilmirəm, necə edim. Heç bir iclas keçirilmir. Bir nəfər belə müavin, iş yoxdur. Həmişə demişəm ki, kimi istəyirsən, vəzifəyə təyin et, amma ştat cədvəlini təsdiq edək, Siyasi Şura iclaslar keçirsin, partiya öz mahiyyətini dəyişməsin. Bəli, biz dövlətimizi, Prezidentimizi müdafiə edirik. Buna şübhə yoxdur. Nədənsə şübhə yaratmaq istəyirlər ki, guya Tahir sədrlikdən çıxandan sonra hökümətə qarşı gedir. Nəsə etmək istəyirlər. Təkcə mənim yox, ailəmin də lazım olmayan söhbətlərdə adı çəkilir. Bunu Cümşüd vasitəsilə etdilər".









