“Bu, ən yüksək səviyyədə hərbi güc nümayişidir və Polşanın Belarusla sərhədlərini bağlaması, qoşunlarını yenidən yerləşdirməsi heç də təsadüfi deyil”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
O, Polşanın hava sərhədinin pozulması fonunda Rusiya və Belarusun “Zapad” – “Qərb” hərbi təlimlərini şərh edib.
Onun sözlərinə görə, təlimlərin adı “Qərb” kimi tərcümə olunur və hədəf də məhz budur:
“Rusiya və Belarus öz həmrəyliyini nümayiş etdirir və hərçənd iddia edirlər ki, təlimlərin miqyası əvvəlki planla müqayisədə kiçildilib, qərb sərhədlərindən daha uzağa çəkilib. Bu isə Qərbə açıq mesajdır: Rusiya və Belarus birlikdədir, məğlub edilməyib və Ukrayna müharibəsi davam etdiyi halda Qərb müşahidəçilərinə açıq şəkildə hərbi şou göstərməyə hazırdırlar. ABŞ Prezidenti Donald Trampın özünü Ukraynada sülh üzrə baş danışıqçı elan etməsindən sonra Rusiya yenidən özünə inam qazanıb. Bu hərbi manevrlər isə Avropada qorxu yaratmaqla Rusiyanın şərtləri əsasında sülh müqaviləsini məcburi şəkildə qəbul etdirməyə yönəlib”.