Bir dəfə yanımda əyləşən cavan uşaqların rus dilində danışdıqlarının şahidi oldum. Onlardan azərbaycanlı olub-olmadıqlarını soruşdum. Azərbaycanlı olduqlarını dedilər. Sual verdim ki, niyə öz dilimizdə danışmırsınız? Cavabları maraqlı idi. Dedilər ki, Sabir bəy, bu sualı biz sizə verməliyik. Bizim nə günahımız var ki, ağlımız kəsməyəndə rusdilli məktəbdə təhsil almalı olmuşuq.
Bu sözləri kult.az-a açıqlamasında ictimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlı bildirib.
O deyib ki, valideyn şüurlu şəkildə övladını öz ana dilində olan məktəbdə oxutmalıdır:
“İndi valideynlər uşaqlarını rusdilli məktəbdə oxutmaq üçün yaxasını cırır. Bəziləri öz dilimizdə utana-utana, iyrənə-iyrənə danışır. Halbuki bizim möhtəşəm, gözəl və aydın dilimiz var. Ən əsası dilimiz müstəqil, qalib dövlətin, qürurlu xalqın dilidir. Azərbaycan dilinə niyə bu qədər hörmətsizlik edirlər?
Sovet dövründə bütün tədbirlər, yığıncaqlar, iclaslar rus dilində keçirilirdi. Ona görə xalq arasında rus dilinə üstünlük verilməsi normal idi. İndi vəziyyət fərqlidir. Rəsmi dilimiz Azərbaycan türkcəsidir. Ölkənin hər yerində ana dilimizdən istifadə olunur. Ancaq tədbirdə, iclasda, qurumlarda ana dilimizdə danışanlar gedib öz evdə, öz ətrafı ilə rusca danışır”.
Xalq şairi qeyd edib ki, ölkədə ana dili ilə bağlı çox ciddi təbdirlər görülməlidir:
“İlk növbədə dövlətin maliyələşdirdiyi bütün təhsil dövlət dilində olmaldır. Kim rusdilli və ya ingilisdilli məktəb istəyirsə, getsin, pulunu ödəsin. Bu təklifim ali təhsil müəssisələrinə də aiddir”.