Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son 25 ildə regional təşəbbüsdən Avrasiya diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan birinə çevrilib. Asiyanın və Avrasiyanın ən böyük dövlətlərini birləşdirən təşkilat təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və Qlobal Cənub dövlətlərinin maraqlarının müdafiəsi alətinə çevrilib. Qlobal qeyri-sabitlik və çoxqütblü dünyaya keçid fonunda ŞƏT-in rolu daha da nəzərə çarpır.
Qeyd edək ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
Siyasi ekspertlər isə hesab edir ki, addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu“na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
Əslində, Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü məsələsində tutacağı mövqe əvvəlcədən bəlli idi. Azərbaycan Prezidentinin Pakistan Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra Hindistanın Azərbaycana münasibəti normal olmayıb. Hindistan Ermənistanı fəal şəkildə silahlandıran əsas ölkələrdən birinə çevrilib. Bölgədə gərginliyin saxlanılmasında maraqlı olan Hindistan belə şəraitdə Ermənistana silah satmaqla həm öz iqtisadi maraqlarını təmin edir, həm də regionda mövqelərini gücləndirməyə çalışır.
Hindistanın Azərbaycana münasibəti, ilk növbədə, Bakının Pakistanla yaxın əlaqələri və Kəşmir məsələsində İslamabadı açıq dəstəkləməsi ilə bağlıdır. Azərbaycan həmişə beynəlxalq hüququn tərəfində olub və Kəşmir məsələsində də BMT TŞ-nin qəbul etdiyi qətnamələrə əsaslanaraq Pakistanın mövqeyini müdafiə edir. Hindistan isə həmin qətnamələri pozaraq Kəşmirin böyük hissəsini işğal altında saxlayır. Buna görə də Hindistanın Azərbaycana bu münasibəti bizim üçün gözlənilməz deyil.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir:
"Son vaxtlar olduqca maraqlı bir tendensiyanı hamımız müşahidə edirik: Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan artıq sülh siyasətinin əhəmiyyətini dərk edib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün konstruktiv addımlar atmağa başlasa da, lakin Ermənistanın keçmiş havadarları olan bəzi ölkələr bu prosesə zərbə vurmaq xəttini hələ də israrla davam etdirirlər.
Söhbət xüsusən də Hindistandan gedir. Bu ölkə bu gün Çində keçirilən sammitdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini növbəti dəfə bloklayıb. Hindistanın millətçi-türkəfob Baş naziri Narendra Modi Azərbaycanın sözügedən quruma tamhüquqlu üzvlüyünə mane olub.
Öz növbəsində Pakistan rəhbəri də Hindistanın Azərbaycanla bağlı xain hərəkətinə cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb. Başqa sözlə desək, Pakistanın Baş naziri Şahbaz Şərif hindistanlı həmkarının Azərbaycanla bağlı alçaq hərəkətinə görə Ermənistanı cəzalandırıb.
Beləliklə, Azərbaycan-Ermənistan qarşıdurması hər iki Cənubi Qafqaz ölkəsi üçün artıq de-fakto tarixə çevrilsə də, lakin bu qarşıdurma Pakistan-Hindistan münasibətlərinə proyeksiya olunaraq bir qədər dəyişik şəkildə davam edir.
Daha doğrusu, bu qarşıdurmanı məhz Hindistan davam etdirir. Bu ölkənin radikal-millətçi, antitürk və anti-İslam mövqeli rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistana qarşı düşmənçilik mövqeyini özünün rəsmi siyasətinə çevirərək, müxtəlif ölkələrlə (Ermənistan, İran, Rusiya, Yunanıstan, Cənubi Kipr, Misir, İsrail və Fransa) bizə qarşı vahid cəbhə yaratmağa çalışır.
Lakin nifrət hissi Narendra Modinin gözlərini və ağlını o qədər korşaldıb ki, o, Ermənistanın artıq bu oyundan çıxdığını, Nikol Paşinyanın fərqli kurs yürütdüyünü görə bilmir və ya görmək istəmir. Həmçinin, Fransa da Azərbaycanla düşmənçiliyin zərərli olduğunu anlayaraq ölkəmizə qarşı aqressiv siyasətini dəyişməyə başlayıb.
N.Modi, eyni zamanda, Ermənistan hökumətinin Çinin təşviqi ilə Azərbaycanın strateji müttəfiqi olan Pakistanla diplomatik münasibətlərin qurulmasına qərar verdiyini və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyə başladığını da görmür.
Bir sözlə, Hindistanın baş naziri reallıq hissini itirib. Putin kimi Modi də ağılsız və isterik addımlar atmağa başlayıb. Bu arada Azərbaycan, Türkiyə və Pakistan isə Türk-İslam həmrəyliyini daha da dərinləşdirərək Hindistan (eləcə də İran, Rusiya) kimi toksik ölkələri cilovlamaq üçün birgə planlar cızmalıdırlar”.