“Caucasus Ventures” fondunun rəhbərliyinin son müsahibəsi bir çox suallar doğurub.
Ədalət naminə deyim ki, bu Fond 3 il öncə yarananda, hörmətli nazirimiz ekosistem iştirakçılarını toplayıb onu təqdim edəndə çox sevinmişdik. Xüsusən də vençur maliyyələşmə haqqında qanunun on illər ərzində qəbulu mümkün olmadığı bir vaxtda o zaman belə bir addımın atılması olduqca müsbət dəyərləndirilmişdi.
Gözləntilər çox idi.
Lakin çox təəssüf ki, müəyyən addımlar atılsa da, Azərbaycanla əlaqəli olan xaricdəki startaplara müəyyən yatırımlar olsa da, yerli ekosisteminn inkişafına real dəstək baxımından gözləntilər indiyədək özünü doğrultmayıb.
Eyni zamanda Fondun əsas istiqamətləri ilə bağlı o zaman nazirin dedikləri də hələlik özünü doğrultmayıb .
Adətən Fonda qarşı ictimai təpkilər artanda Fondun rəhbəri, son vaxtlar da bir az bürokratlaşan dostumuz Məmməd bəy tez tələsik özlərinin yaratdığı və Fondun maliyyələşdirdiyi deyilən media qurumunda hansısa bir məlumatlar paylaşardı. Ötən dəfə belə olmuşdu.
İndi isə növbəti ictimai qınaqlar fonunda Azərtac-a müsahibə verib.
Çox dərinə getmək istəmirəm.
Müsahibədən hər şey görsənir. Əsaəsn xaricdəki startaplara yönəlik addımlar atılıb. Özləri etiraf edirlər ki, Fondun fəaliyyətilə bağlı əvvəlki deyilən istiqaməti dəyişiblər.
Hələlik yerli startap ekosistemin inkişafında Fondun rolu, yerli təşəbbüslərinm dəstəklənməsindəki rolu, indiyədək dəstəklənən layihələrdən əldə olunan nəticələr, uğursuzluq faizinin göstəricisi, dövlət resursu ilə formalaşan Fondun müsbət və ya mənfi təcrübəsinin olması, xaricdə uğur qazanmış azərbaycanlı təsisçilərə yatırım edilməsinin ölkə daxilində ekosistemin inkişafına töhfəsi və s. bu tip sualların cavabı müsahibədə yoxdur.
Dövlət resursları hesabına yaradılan bu Fondun indiyədək bir ağlabatan hesabatlılığı və şəffaflığı olmayıb.
Amma qlobalda, regionalda dövlət resursları olan bu tip Fondların fəaliyyətinə baxanda biz tamamilə başqa mənzərə ilə rastlaşırıq.
Maraqlısı odur ki, dövlət resursları hesabına formalaşan ilk belə Fondun bir dəfə də olsun ekosistem iştirakçıları ilə görüşü, fikir mübadiləsi təşkil edilməyib.
Belə bir görüşün keçirilməsi təklifi İRİA-ya bildirilsə də hansısa səbəblərdən bu qurum da maraqlı tərəflərin iştirakı ilə bu tip görüşü indiyədək təşkil edə bilməyib.
Əslində qonşu ölkələrin təcrübəsinə baxanda görürük ki , onlarla belə Fondlar daha əvvəldən yaranıb və yerli ekosistemlərə milyonlarla yatırımlar edirlər. Bilmirəm Məmməd bəy nəyə əsaslanıb deyir ki bizim Fond Cənubi Qafqazda ilkdir. Amma reallıq odur ki onalrda bu tip fondar çoxdan formalaşıb və dövriyyələri yüz milyonlarladır.
Bizim isə 1-2 milyon dövriyyəsi olan bir “yetim” Fondumuz var, o da ki belə.
Ümid edirəm İRİA da, Fondun təsisçiləri də, ekosistemimiz də bunların fərqindədir.
p.s. Mərkəzi Bank rəhbərliyi vençur maliyyələşmə ilə bağlı qanun layihəsinin hazırlanmasının başa çatdırıldığını və razılaşmalara təqdim edildiyini bildirib.
Osman Gündüz - "DİA-AZ"