Urmiya gölünün bərpası mümkün olmayacaq. Bunu Qərbi Azərbaycan vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cabbari bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması, aqrar təşkilatlar tərəfindən suyun toplanması eyni şəkildə qalarsa, quruma prosesi davam edəcək. Agentliyin müşahidəsinə əsasən, Urmiya gölünün şimal və cənub hissəsi yox olmaq üzrədir və onun dirçəlişinə ümidlər gündən-günə azalır. Bildirilib ki, yağıntıların kəskin azalması, buxarlanmanın artması, bağların və kənd təsərrüfatı torpaqlarının inkişafının davam etməsi, Urmiya gölünün bərpası üzrə Komitənin qərarlarının yerinə yetirilməməsi bir çox mütəxəssisləri onun bərpasının mümkün olmayacağı qənaətinə gətirib: “Ən yaxşı halda o, bizim mövsümi gölümüz olacaq, yalnız toz fırtınalarının qarşısını alan su hövzəsi kimi dibi nəm qalacaq”. İnformasiyaya əsasən, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq, qışda şərait yaxşılaşa bilər.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Güney Azərbaycan türklərinin ən ağrılı məsələlərindən biri Urmu gölünün qurudulmasının davam etməsidir. Ekspert vurğulayıb ki, Urmu gölünün bərpası ilə bağlı Yaponiya və İran hökuməti arasında 2024-cü ilin oktyabr ayının əvvəlində razılaşma imzalanıb:
"Yaponiya tərəfi gölün bərpası üçün əvəzsiz olaraq ilk mərhələdə 4,5 milyon dollar vəsait ödəyib. Daha sonra Yaponiya hökuməti 2025-ci ilin aprel ayında da yenidən Urmu gölünün bərpası üçün 3.3 milyon dollar vəsait ayırıb. Lakin buna baxmayaraq, həmin pulların hara xərcləndiyi bəlli deyil. Mollalar yaponlardan həmin pulları təhvil alsalar da, ancaq bu günə kimi gölün bərpası üçün heç bir iş görməyiblər.
Beləliklə, Azərbaycanın təbiət incisi Urmu gölü getdikcə daha da acınacaqlı vəziyyətə düşür. Fars-molla rejimi Urmu gölünün məqsədli şəkildə qurudulmasında iki hədəf güdür. Gölün quruması və duzlaşmanın, səhralaşmanın artması nəticəsində ətraf bölgələrdən azərbaycanlıların köçməsinə nail olunacaq. Urmu gölünün yatağındakı nadir, qiymətli təbii sərvətlərin, mineralların Çin, Rusiya və digər ölkələrin şirkətləri ilə birgə mənimsənilməsi mümkünləşəcək. Görünən budur ki, molla rejimi bu hədəflərinə nail olmaq üçün hər vasitəyə əl atmağa hazırdır. Molla rejimini yalnız güneyli soydaşlarımızın etirazları və dünya birliyinin ciddi təzyiqləri dayandıra bilər".