“Televiziya verilişləri, efirlər qənaətbəxş deyil. Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir. Heç kim də buna diqqət yetirmir. Bilirəm ki, mən elə-belə danışacam, onsuz da bu vəziyyət düzələn deyil. Mənim ruslardan acığım gəlir, amma onların bəzi sözləri həqiqətə uyğundur. Onlar deyirlər ki, “qardan top düzəldirsən, onu diyirləndirdikcə daha da böyüyür, qarşısını almaq mümkün deyil”. Televiziyalardakı problemlər də buna dönüb”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış diktor Tamilla Ələkbərova deyib. O daha sonra elə bu səbəbə görə efirlərə çox az çıxdığını bildirib:
“Çox nadir hallarda verilişlərə qatılıram. Baxıram ki, hansı verilişdir, necə proqramdır? Qalmaqal olmayan verilişlərə gedirəm. Ayda 1-2 dəfə, ondan çox olmaz. Ən əsas da aparıcının kim olduğu mənim üçün çox önəmlidir. Çünki onunla birbaşa ünsiyyətdə oluram. Mənə verəcəyi suallar, məlumatlı və hazırlıqlı olması vacibdir” deyə o bildirib.
Tamilla Ələkbərova qeyd edib ki, hazırda bir çox jurnalist və aparıcıların ləhcə problemi var:
“Mən 2 il Ans kanalında 30 nəfər jurnalistə dərs demişəm. Ordan çox aparıcı və jurnalistlər çıxıb. Həmişə də ləhcə problem olaraq qalır. Mən istəmirəm dilimi kimsə pozsun. Onsuz da pozublar, özləri üçün başqa dil seçiblər. Əlifbamızda olmayan sözləri əlavə ediblər. Hər bölgə gəlib öz dilində danışır. Bizim uşaqlarımız bu ləhcələrdən nə götürəcək? Belə olmaz! Bizim gözəl ədəbi dilimiz var. Mənim yadımdadır, o vaxt televiziyada işləyəndə bölgələrdən nümayəndələr gəldi. Mən onları təqdim edəndə biri dedi ki, “biz sizin dilinizə bayıldıq, nə gözəl danışığınız var, türk dili bir az kobuddur, amma sizin diliniz su kimi axıb gedir”. Türklər hətta bizim ədəbi dilimizi bəyəniblər və yüksəklərə qaldırıblar” deyə diktor bildirib.