12 il bundan əvvəl, yəni 2013-cü ilin mart ayında Milli Məclisin deputatı Səməd Seyidov ajiotaja səbəb olan bir cümlə işlətmişdi.
Səmədov demişdi ki, ölkəyə təhlükə şimaldan və cənubdan gəlir". O, bir az da irəli gedərək konkret danışmışdı: “Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə "sendviç kimi" əzirlər”.
S.Seyidov bu sözü Vaşinqtonda deyib və həmin vaxt onun yanında MM-in daha üç deputatı olub.
Azərbaycanlı deputatlar Con Hopkins institutunda lobbiçilər və ekspertlər qarşısında çıxış edərək Azərbaycanın qarşısında duran məsələlərdən danııb, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, qonşu dövlətlərin bunu yeterincə anlamadəqlarını deyiblər.
O söhbətin üstündən 13 il keçib, amma durum eynidir, sanki aradan heç 13 saat da keçməyib. Azərbaycana təhlükə yenə cənubdan və şimaldan gəlir. Yeganə dəyişiklik odur ki, ölkə artıq “arada əzilən sendviç” deyil, fəqət hər iki dövlət tərəfindən sıxılmağımız 5 qat artıqdır.
O dövrdə bu ifadə azı bir həftə yerli mediada hər üzünə müzakirə olundu, hətta bəzi xarici ölkələrin mətbuatında da yer aldı. Ancaq Seyidovun ölkəmizə təhdidlə bağlı dedikləri beynəlxalq aləmdə lazımi reaksiya doğurmadı, sonra da unuduldu, getdi.
Bəlkə də bu, ona görə baş verdi ki, Rusiya və İranın başı başqa qonşuları ilə qovğaya qarışdı, bizə diqqəti azaltdılar.
Məsələn, həmin vaxt İran Suriya və İraqda proksi qüvvələr yaratmaqda, gücləndirməkdəydi.
Rusiya isə diqqətini Ukraynaya vermişdi, Krımı və Donbası işğal etməyə hazırlaşırdı və Azərbaycanda hakimiyyət dəyişikliyi etmək planından ya vaz keçmişdi, ya da hələ zamanı olmadığını görüb rəfə qaldırmışdı.
İndi vəziyyət çox dəyişib, Cənubi Qafqazda artıq ərazi bütövlüyünü təmin etmiş Azərbaycan var. Ancaq bu Azərbaycan yenə də iki böyük dövlətin arasındadır.
Bir tərəfdə 3 il yarımdır Ukraynaya qalib gələ bilməyən Rusiya, o biri tərəfdə İsrail və ABŞ ilə müharibədən böyük zərərlə çıxan İran, arada isə öz müharibəsində qalib gəlmiş Azərbaycan.
Cənub və şimal qonşumuzun ölkəmizə qarşı ritorikası artıq elə bir sərt, təhdidkar şəkil alıb ki, onların nə əcəb indiyədək ən azı gövdə göstərisi etmədikləri heyrət doğurur.
Şimalda rus deputatlar, politoloqlar, istefada olan generallar və özlərini ziyalı adlandıran kəslər ölkəmizə qarşı mürtəce mülahizələr söyləyir, eynisini cənubda generallar, axundlar, istefada olan diplomatlar səsləndirir.
“Bu aqressiyaya səbəb olacaq nə etmişik” sualına cavabı onlardan soruşsaq, çox danışarlar. Amma hamısı demaqogiya olacaq.
Həm İran, həm də Rusiya Azərbaycanı öz satelliti, vassalı kimi görmək istəyir. Moskva umur ki, Azərbaycan sovet vaxtında olduğu kimi Kremldən idarə olunsun və Moskvanın bir sözü iki olmasın.
İran istəyir ki, Azərbaycanda islam respublikası bərqərar edilsin, şəriət rejimi hökm sürsün və bu "vilayəti" idarə etmək üçün buralara Tehrandan, Qumdan mollalar ezam olunsun.
Bütün dava bu “yorğan”ın üstündədir. Hər iki dövlət üzərimizə öz yorğanın sərmək istəyir. “İsraillə əməkdaşlıq edirsiniz”, “Ukraynaya humanitar yardım göstərirsiniz”, “Türkiyə ilə çox yaxınlaşmısınız” iradları aysberqin görünən tərəfidir.
Türkiyə demişkən, bu dövlət və onun hərbi gücü olmasaydı, yəqin ki, həm Rusiya, həm də İran Azərbaycanı asan şikar hesab edərdi. Ancaq güclü, Azərbaycanla strateji müttəfiqliyi olan Türkiyə hər kəs üçün çəkindirici qüvvədir.
Hələ Pakistan da var. Bu dövlətin rəhbərliyinin Azərbaycana yönəlik qətiyyətli mövqeyi hər kəsə bəllidir. İslamabad belə məsələlərdə diplomatik cümləpərdazlığı,haçadilliliyi sevmir, dosta dost, düşmənə düşməndir.
Belə anlaşılır ki, 30 il ərzində torpağımızı işğalda saxlayan, üzərinə hücuma keçməyəcəyimizə əmin olub arxayınlaşan Ermənistan əslində böyük düşmənimiz deyilmiş .Bu dövləti cüdo termini ilə desək, ipponla aşırmaq üçün 44 günümüz getdi, ancaq indi ağır çəkili rəqiblər bizi tatamiyə çəkmək istəyirlər.
Azərbaycan sülhsevər dövlətdir, heç kimin daxili işiylə, ərazisi ilə işi yoxdur. Amma bu, o demək deyil ki,kimsə onun boyunu bəstə görüb üstünə xoruzlanmaq üçün özündə haqq görə bilər.
Dinc, yanaşı, sülh içində yaşamağın alternativi yoxdur. Qoy böyük dövlətləri idarə edənlər də başqalarının müstəqil mövcudluq haqqını tanısınlar. Dünyada böyük dövlətlər, imperiyalar çox olub, amma hamısı axırda hansısa hərbi avantüranın qurbanı olub, parçalanıb, gediblər.