Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkələrdən biri Rusiyadır.
Ancaq bu da bir faktdır ki, Rusiya ilə münasibətlərdə hər hansı bir problem yarandığı zaman ilk olaraq onlar bizim məhsulların idxalına qadağa qoyurlar.
Bugünlərdə Rusiyada baş verən hadisələrlə bağlı da bu mövqedən çıxış edənlər var. Əgər Rusiya hər hansı proses baş verdikdə Azərbaycana bazarları bağlayacağı, pomidor idxalına qadağa ilə hədələyirsə, niyə biz başqa seçim edib bu asılılığı aradan qaldırmırıq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracatının 80 faizindən çoxu Rusiyayadır:
“2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 milyon dollarlıq mal satıb, Rusiyadan isə 1,7 milyard dollarlıq mal alıb. Yəni Rusiya bizə, bizim onlara satdığından 3-4 dəfə çox mal satır.
Ticarət onlara daha çox sərf edir, onlar bunu belə anlamırlar. Bu ilin ilk 5 ayında 113 milyon dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən 1 dollar 15 sentə düşür. Körfəz ölkələrində ortalama qiymət isə 2 dollar civarındadır. Rusiyaya ixrac asılılığı artıq uzun zamandır var və yeni deyil”.
O bildirib ki, hökumətə təkliflərdə bu asılılığın azaldılmasının yolları göstərilib:
“Azərbaycanın aqrar sektorunun altermativ bazarlara çıxışı ilə bağlı tədbirlər görülməlidir. Daha premium bazarlar, Körfəz ölkələri, Pakistan, Orta Asiya respublikaları var.
Yəni Azərbaycan daha başqa alternativ bazarlara çıxış imkanlarını axtarıb tapmalıdır ki, Rusiya bazarından asılılığı aradan qaldırsın. Doğrudan da bu məsələ ciddidir”.