“Rusiyanın dövlət telekanallarında Ermənistanla bağlı biabırçı və təhqir dolu proqramlar yığışdırılmasa, onların ölkədə yayımını dayandırmalı olacağıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan jurnalistlərlə keçirdiyi brifinqdə ölkədə Rusiya kanallarının yayımının dayandırılıb-dayandırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu davranış davam edərsə, onları bağlamaq lazımdır. Onların Ermənistanın dövlət rəsmilərinə qarşı işlətdikləri sözlər, danışıq tərzləri, ümumiyyətlə, Ermənistanda terrora təşəbbüs göstərən qrupa göstərdikləri dəstək biabırçılıqdır”, - deputat qeyd edib.
Aleksanyan Rusiya kanallarının bu sayğısızlığına çoxdan dözdüklərini, amma müəyyən nöqtədən etibarən artıq dözməməli və bir qərara gəlməli olduqlarını vurğulayıb.
Belə bir müzakirənin olub-olmaması barədə hakim partiyanın üzvü ətraflı məlumat verməyib:
“Siyasi nöqteyi-nəzərdən deyə bilərəm ki, fikrimcə, bu ritorika davam edərsə, nə vaxtsa mütləq bağlanmalı olacaq. Ermənistanın “İctimai” televiziyasından Rusiyanın dövlət rəsmiləri haqqında belə bəyanatlar eşitməyi təsəvvür edə bilirsinizmi?”.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 1-də Rusiyanın dövlət telekanallarının ölkədə yayımının dayandırılması barədə ciddi düşünməyin vaxtının çatdığını açıqlamışdı.