Azərbaycandakı rusdilli məktəblərlə bağlı mediada bir sıra məlumatlar paylaşılır. Rəsmi mənbələrdən sızan xəbərlərə əsasən, ölkədə fəaliyyət göstərən rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı iddia olunur.
Artıq bəzi məktəblərin vatsap qruplarında valideynlərə bu barədə bildirişlərin göndərildiyi deyilir.
Bəs, bu xəbərlər nə dərəcə doğrudur? Rusdilli məktəblər bağlanmalıdırmı?
Elm və Təhsil Nazirliyindən bu informasiyanı nə təsdiq, nə də təkzib edirlər. Nazirlik hələ ki, bununla bağlı suallardan yayınır.
Təhsil eksperti Vüsalə Ağabəyli isə Bakupost.az -a açıqlamasında bildirib ki, son dövrlər, xüsusilə Azərbaycan və Rusiya arasında baş verən gərginlik fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinə münasibət yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib:
“Bəziləri rusdilli məktəblərin bağlanmasını milli təhlükəsizlik və milli kimliyin qorunması, Rusiyaya qarşı kəskin mövqeyin sərgilənməsi baxımından zəruri hesab edirlər. Digərləri isə bu məktəbləri çoxdilli cəmiyyətin və beynəlxalq imkanların bir hissəsi kimi görürlər. Məsələ olduqca mürəkkəb və çoxşaxəlidir, bu səbəbdən həm tərəfdarların, həm də əleyhdarların arqumentlərinə diqqət yetirmək vacibdir”.
Ekspertin sözlərinə görə, rusdilli məktəblərin bağlanmasını təklif edənlərin əsas arqumentləri arasında Rusiyanın Azərbaycana qarşı dəfələrlə törətdiyi cinayətkar əməllər, milli təhlükəsizlik və informasiya suverenliyi məsələləri yer alır:
“Son dövrlərdə Azərbaycana qarşı xarici mediada, xüsusilə rusdilli mənbələrdə aparılan təbliğat kampaniyaları, cəmiyyətdə haqlı narahatlıq doğurur. Bu kontekstdə, çox güman ki, rusdilli məktəblərin bağlanmasını tələb edənlər rusdilli təhsil müəssisələrinin ölkə daxilində müəyyən ideoloji təsirlərə yol aça biləcəyindən də narahatdırlar. Digər tərəfdən də dövlət dili olan Azərbaycan dilinin hər sahədə üstün mövqedə olması, gənc nəslin milli-mənəvi dəyərlərlə yetişdirilməsi baxımından vacib hesab edilir.”
Ekspert hesab edir ki, rus dilində tədrisin dayandırılması mübarizə metodu deyil:
“Əksinə rusdilli siyasi, ictimai mütəxəssislərimizin sayının çox olması bizə məhz Rusiyanın daxili strukturundakı cinayətkarları ifşa etmək, təbliğat apara bilmək və polemikaya girmək baxımında çox faydalıdır. Biz öz dərdimizi, problemimizi öz həmvətənlərimiz arasında öz dilimizdə müzakirə etsək, kim bizi eşidəcək? İngilisdilli, rusdilli faydalı mütəxəssislər bizə informasiya müharibəsində qalib gəlmək üçün lazımdır. Dil əlimizdə bir silahdır, biz bu gün BDU, ADPU kimi universitetlərdə erməni dilini tədris ediriksə, bu mövqe strateji baxımdan əhəmiyyətlidir. Rusiya artıq açıq düşmənə çevrilirsə, bizim milli dəyərlərə sadiq rusdilli təhsil ordumuzdan qorxmalıdır. Biz onları məhz öz dilləri ilə ifşa edə bilərik".
V.Ağabəyli əlavə edib ki, rus dili postsovet məkanında və beynəlxalq elmi sahədə hələ də əhəmiyyətli mövqeyə malikdir:
“Rus dilini bilmək Azərbaycan gəncləri üçün əlavə imkanlar yarada, onların təhsil, elm və biznes sahəsindəki perspektivlərini genişləndirə bilər. Üstəlik, Azərbaycan cəmiyyəti multikultural və çoxmillətli, tolerantdır.
Həmçinin, ölkəmizdə, xüsusilə Bakıda fəaliyyət göstərən bir çox rusdilli məktəb və liseylər yüksək təhsil səviyyəsi ilə seçilir, ölkəmizin elmi və texnoloji potensialına töhfə verən məzunlar yetişdirirlər. Bu məktəblər təkcə rus dilində deyil, həm də Azərbaycan dili və ədəbiyyatına önəm verən, şagirdlərini hər iki dildə yetişdirən müəssisələr kimi tanınırlar.
Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, rusdilli məktəblərin tamamilə bağlanması radikal və nəticələri qeyri-müəyyən bir addım olar. Bunun əvəzinə, daha real və effektiv yanaşma mümkündür - bu məktəblərin fəaliyyəti ciddi dövlət nəzarətinə alınmalıdır. Son illər rusdilli məktəblərdə tədris proqramlarının Azərbaycanın milli maraqları və dəyərlərinə uyğunlaşdırılması və dövlət dilinin tədrisdə üstün mövqeyinin qorunması kimi məsələlərə xüsusi əhəmiyyət verilir.
Nəticə etibarilə, Azərbaycanın gələcəyi üçün ən sağlam yol, milli dəyərlərini, azərbaycançılıq ideologiyasını və dövlət dilini qorumaqla yanaşı, çoxdilli təhsil mühitini idarəedilən, şəffaf və milli maraqlara uyğun şəkildə inkişaf etdirməkdir”.